Qarabağda 41 milyonluq layihə məmur şirkətinə verildi

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəsinin müavini Səbuhi Mehdizadə

Qarabağ bölgəsində aparılan tikinti-bərpa işləri çərçivəsində daha bir iri dövlət layihəsinin yüksəkvəzifəli məmura məxsus şirkətə həvalə edildiyi məlum olub. Laçın şəhərində yeni yaşayış məhəlləsinin inşası üçün ayrılmış 41 milyon 266 min manatlıq tenderin qalibi "Hovers Group" MMC elan edilib. Satınalmanın sifarişçisi isə "Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsdir.

Şirkət sahibinin dövlət vəzifələri

AzadlıqRadiosunun araşdırmasına görə, "Hovers Group" MMC-nin təsisçisi Səbuhi Mehdizadə hazırda Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəsinin müavini vəzifəsində çalışır. O, prezident İlham Əliyevin 15 iyul 2024-cü il tarixli sərəncamı ilə bu vəzifəyə təyin edilib. S.Mehdizadə bu təyinatdan əvvəl həmin nümayəndəlikdə baş məsləhətçi işləyib.

Xüsusi nümayəndəlikdən öncə isə o, kənd təsərrüfatı nazirinin müşaviri, "Təmiz Şəhər" ASC-nin İdarə Heyəti sədrinin müavini, İqtisadiyyat Nazirliyi yanında İstehlak Mallarının Ekspertizası Mərkəzinin direktoru və digər rəsmi vəzifələrdə çalışıb.

Mehdizadə hazırda xüsusi nümayəndənin müavini olmaqla yanaşı, həm də Stolüstü Tennis Federasiyasının vitse-prezidentidir.

Təsisçisi olduğu "Hovers Group" MMC 2011-ci il iyulun 1-də dövlət qeydiyyatına alınıb. Bir müddət sonra şirkətin reyestr sənədlərində edilən dəyişikliklə Səbuhi Knyaz oğlu Mehdizadə rəsmi təsisçi kimi qeydə alınıb.

Beş il ərzində 80 milyon manatlıq layihələr

S.Mehdizadə xüsusi nümayəndənin müavini təyin edildikdən sonra mediada onun biznes fəaliyyəti ilə bağlı bir sıra araşdırma materialları yayılıb. Həmin araşdırmalarda iddia olunur ki, onun təsisçisi olduğu şirkət dəfələrlə on milyonlarla manat dəyərində dövlət tenderlərinin qalibi seçilib — söhbət son beş il ərzində ümumi dəyəri 80 milyon manatdan çox olan vəsaitdən gedir.

"Hovers Group" MMC indiyədək Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) ilə ümumi dəyəri 41 milyon 626 min manat olan üç müqavilə, Gənclər və İdman Nazirliyi ilə Yevlaxda Olimpiya İdman Kompleksinin tikintisi üçün 18 milyon 197 min manatlıq satınalma müqaviləsi bağlayıb. Bundan başqa, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu ilə 7 milyon 653 min manatlıq, Naxçıvan Dövlət Su Ehtiyatları Agentliyi ilə isə "Bənəniyar su anbarını qidalandıran kanalın yenidən qurulması" üçün 12 milyon 430 min manatlıq layihələr icra edib.

Azərbaycan qanunvericiliyinə görə, dövlət qulluqçusunun sahibkarlıq və ya digər ödənişli fəaliyyətlə məşğul olması qadağandır. "Dövlət qulluğu haqqında", "Sahibkarlıq fəaliyyəti haqqında" və "Korrupsiyaya qarşı mübarizə haqqında" qanunlar məmurların biznes fəaliyyətini açıq şəkildə məhdudlaşdırır.

Bugünlərdə "Meydan TV" yazmışdı ki, Qubadlı şəhərində yaşayış məhəlləsinin tikintisi üçün ayrılmış 34 milyon 412 min manatlıq tenderin qalibi prezidentin qızı Leyla Əliyevanın keçmiş əri Emin Ağalarovun şirkəti olub. Ona məxsus "Sea Breeze Construction" MMC həmçinin Cəbrayıl və Zəngilan rayonlarında keçirilmiş analoji tenderlərin də qalibi seçilib.