Qarabağda və sərhəddə atəşkəsin pozulduğu deyilir

Sizin brauzer HTML5-i dəstəkləmir

Qarabağdakı sülhməramlılar muzdlu döyüşçüyə çevrilə bilər? Rusiyalı ekspertin şərhi

Azərbaycan Müdafiə Nazirliyi (AMN) bildirir ki, mövqeləri son sutkada da atəşə tutulub.

Vurğulandığına görə, martın 10-u saat 19:45-dən martın 11-i saat 08:35-dək Azərbaycan ordusunun mövqeləri müxtəlif istiqamətlərdən fasilələrlə atəşə məruz qalıb: "Ordumuzun Füzuli, Xocavənd, Ağdam və Xocalı rayonları istiqamətlərində yerləşən mövqeləri Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən müxtəlif çaplı atıcı silahlardan istifadə edilməklə atəşə tutulub".

Əlavə olunduğuna görə, bundan başqa, Ermənistan silahlı qüvvələrinin bölmələri öz mövqelərindən Azərbaycan ordusunun Kəlbəcər rayonunun Yellicə, Barmaqbinə və Yuxarı Ayrım yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini də atəşə tutub: "Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb. Azərbaycan ordusunun sıralarında şəxsi heyət və texnika baxımından itki yoxdur. Hazırda bu istiqamətlərdə vəziyyət sabitdir…".

Bu açıqlamaya, hələlik, qarşı tərəflərin münasibəti bəlli deyil.

Buna da bax:

Avroparlament Qarabağda mədəni irsə dair qətnaməni qəbul edib

'Ağdamda mövqelər atəşə tutulub'

Azərbaycan Müdafiə Nazirliyi (AMN) bildirir ki, Ağdamda mövqeləri 28 dəfə atəşə tutulub: "Martın 10-u gecədən səhərədək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri Ağdam rayonunun Çuxurməhlə, Qurdlar, Xıdırlı, Qaradağlı və Qasımlı yaşayış məntəqələri istiqamətlərində mövqelərimizi müxtəlif çaplı silahlardan fasilələrlə atəşə tutub".

Məlumata görə, qeyd olunan istiqamətlərdə təxribatların qarşısını almaq məqsədilə Azərbaycan ordusunun bölmələri cavab tədbirləri görüb.

AzadlıqRadiosunun erməni xidməti Dağlıq Qarabağdakı separatçı rejimə istinadla bildirir ki, Azərbaycan Silahlı Qüvvələri Xocalı, Əsgəran, Xocavəndi atəşə tutub, həmin ərazilərdə yaşayanlar kənd təsərrüfatı işlərini dayandırmağa məcbur qalıb, onların sərbəst hərəkətinə maneçilik yaranıb.

Məlumatda deyilir ki, Azərbaycan Əsgəran rayonundakı Pirlər (Xramort) kəndinə yaxın döyüş mövqeyindən gün ərzində səsgücləndiricilərdən təhdidlər səsləndirib, ərazini tərk etmək lazım olduğu deyilib, əks halda güc tətbiq olunacağı haqda təhdid eşidilib.

Buna da bax:

Makron Paşinyana: 'İndiki situasiyada 2020-ci ilin payızını unutmaq olmaz...'

Qarabağda yenə silah səsləri...

Azərbaycan Müdafiə Nazirliyi (AMN) Qarabağ və digər ərazidə mövqelərinin vurulduğunu bildirir: "Martın 8-i günorta saatlarından martın 9-u səhər saatlarınadək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri ordumuzun Xocalı və Goranboy rayonlarında yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub".

Açıqlamaya görə, bu istiqamətlərdə adekvat cavab tədbirləri görülüb. Nazirlik əlavə edir ki, hazırda qeyd olunan istiqamətlərdə vəziyyət sabitdir: "Bildiririk ki, Azərbaycan ordusu heç bir halda mülki infrastrukturu hədəfə almır, yalnız qanunsuz erməni silahlı dəstələrinin mövqelərinə dəqiq atəş açır".

Ermənistan isə Azərbaycan Müdafiə Nazirliyinin məlumatını "dezinformasiya" adlandırıb.

Bu arada, AzadlıqRadiosunun erməni xidməti martın 7-də Azərbaycan-Ermənistan sərhədinin Yerasx hissəsində çavuş Qraç Manasaryanın öldürüldüyünü, bir hərbçinin isə yaralandığını yazır.

Məlumatda deyilir ki, Dağlıq Qarabağdakı Xramort kəndində (Xocalı) artıq ikinci həftədir hər gün insidentlər baş verir. Azərbaycan tərəfi mövqelərinin atəşə tutulduğunu bildirir. Qarşı tərəf isə bunu Azərbaycanın özünün atəşkəsi pozmasını gizlətmək cəhdi hesab edir.

Atəşkəs razılaşması olsa da, ara-sıra istər iki ölkənin sərhədindən, istərsə də Qarabağdan belə məlumatlar gəlir. Atəşkəsin pozulmasına görə də tərəflər, bir qayda olaraq, bir-birlərini günahlandırırlar.

Xatırlatma

Qarabağ münaqişəsi müasir mərhələdə 1988-ci ildə başlayıb. Daha sonra Ermənistan və Azərbaycan arasında silahlı toqquşmalar baş verib. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi. Amma 2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.