Fransa prezidenti Emmanel Makron martın 9-da Parisdə keçirilən “Ambisiyalar: Ermənistan-Fransa” forumundakı çıxışına Rusiya-Ukrayna müharibəsindən söz açmaqla başlayıb.
AzadlıqRadiosunun Erməni xidməti Azatutyunun yazdığına görə Makron deyib ki, Rusiya Avropaya müharibə gətirib və bu müharibənin Ermənistan və region üçün nəticələri olmaya bilməz.
Makron bu məsələni Fransada səfərdə olan Ermənistan baş naziri Nikol Paşinyanla müzakirə etdiyini deyib:
“Biz sayıq olmalıyıq. Bu situasiyada 2020-ci ilin payızını unutmaq olmaz. Burda da bütün məsələlər hələ həll olunmayıb və çox iş görülməlidir”.
Makron Yelisey sarayında Paşinyanı qəbul edib
Ermənistanın Fransada işgüzar səfərdə olan baş naziri Nikol Paşinyan martın 9-da Parisdə Fransa prezidenti Emmanuel Makronla görüşüb.
AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bu barədə məlumatı Paşinyanın ofisi yayıb.
Xəbər verilir ki, bu görüş zamanı tərəflər Dağlıq Qarabağ məsələsini müzakirə ediblər.
Paşinyan bildirib ki, Azərbaycan tərəfi istər Qarabağda, istərsə də Ermənistan-Azərbaycan sərhədində “təxribatlar törətməkdə davam edir”.
O bunu da deyib ki, belə halların nəticəsində martın 7-də erməni tərəfindən bir nəfər həlak olub, bir nəfər isə yaralıb.
Öz növbəsində Emmanuel Makron regionda eskalasiyanın artırılmasının yolverilməz olduğunu deyib.
Azatuyun yazır ki, Makron və Paşinyan təkbətək görüşləri zamanı Parisdə keçirilməsi nəzərdə tutulan “Ambisiyalar: Ermənistan-Fransa” forumunu müzakirə ediblər.
Onlar ümid etdiklərini bildiriblər ki, bu forum iki ölkə arasında iqtisadiyyat, mədəniyyət, infrastruktur, turizm, səhiyyə və elm sahələrində əməkdaşlığa yeni təkan verəcək.
Paşinyan vurğulayıb ki, Ermənistan hökuməti ölkədə Fransa biznesinin genişlənməsində maraqlıdır.