Azərbaycanda qadınların pensiya yaşı daha altı ay artaraq 65-ə çatıb və beləliklə, kişilərin pensiya yaşı ilə bərabərləşib.
"Əmək pensiyaları haqqında" Qanuna edilən dəyişikliyə əsasən, pensiya yaşı hər il altı ay artırılırdı. Kişilər üçün bu proses 2017-ci il iyulun 1-dən 2021-ci il iyulun 1-dək davam edərək 65 yaş həddində dayanıb. Qadınların pensiya yaşı isə 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il altı ay artırılmaqla 65-ə çatdırılıb.
Qanunvericiliyə bu dəyişiklikdən əvvəl Azərbaycanda kişilər 63, qadınlar isə 60 yaşında pensiyaya çıxırdılar. Daha əvvəl isə bu hədd qadınlar üçün 55, kişilər üçün 60 yaş idi. Son onilliklərdə ölkədə pensiya yaşı bir neçə dəfə artırılıb. Bir çox müstəqil iqtisadçı vurğulayır ki, hazırkı pensiya yaşı əksər region ölkələri ilə müqayisədə yüksəkdir.
Vətəndaşların yaşa görə pensiyaya çıxması üçün qanunvericilikdə iki əsas şərt nəzərdə tutulub. İlk növbədə, fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalı minimum pensiya məbləğini təmin etməlidir. Bu kapital kifayət etmədikdə isə vətəndaşdan ən azı 25 illik sığorta stajı tələb olunur.
Pensiyaçıların sayında kəskin azalma var
Son bir il ərzində Azərbaycanda pensiyaçıların sayında cüzi artım olsa da, ümumi mənzərədə azalma nəzərə çarpır. 2026-cı il yanvarın 1-nə olan rəsmi statistikaya görə, ölkədə 1 milyon 98.9 min nəfər pensiyaçı var. Bu da ölkə əhalisinin 10.7 faizini təşkil edir.
Müqayisə üçün, 2023-cü ilin əvvəlində pensiyaçıların sayı 1 milyon 114 min 200 nəfər idi. Azərbaycanın müstəqillik qazandığı 1991-ci ildə isə bu göstərici 1 milyon 127 min nəfər olub. Ən yüksək həddə isə pensiyaçıların sayı 2006-cı ildə çatıb – 1 milyon 398.8 min nəfər.
Ekspertlər və rəsmi qurumlar pensiyaçıların sayının azalmasını qanunvericiliyə edilən sərt dəyişikliklər, habelə bu sahədəki qanunsuzluqların aradan qaldırılması ilə əlaqələndirirlər.