Putin indi də bütün Luqansk və Donetsk əhalisinə Rusiya pasportu təklif edir

Rusiya prezidenti Vladimir Putin Rusiya pasportlarının alınması prosedurunun sadələşdirilməsinin bütövlükdə Ukraynanın Luqansk və Donetsk əhalisinə şamil edilməsinə dair yeni fərman imzalayıb.

Bu o deməkdir ki, bundan sonra Rusiya pasportlarını sadələşdirilmiş qaydada təkcə moskvayönlü separatçıların nəzarətində olan ərazilərin deyil, bütövlükdə Ukraynanın iki vilayətinin əhalisi ala biləcək.

İyulun 17-də imzalanmış bu fərmandan əvvəlki fərmanını Rusiya prezidenti Ukraynada Volodymyr Zelenskiy-nin aprelin 21-də Ukrayna prezident seçkisində inamlı qələbəsindən dərhal sonra vermişdi.

O fərmanda deyilirdi ki, şərqi Luqansk və Donetsk regionlarının “müəyyən ərazilərindəki” Ukrayna vətəndaşlarna Rusiya vətəndaşlığının verilməsi qaydası sadələşdirilir.

Buna da bax: ATƏT və BMT-dəki Qərb ölkələri Putinin 'Donbas qərarını' tənqid ediblər

Ukrayna və Qərb Putinin bu addımını Ukraynanın ərazi bütövlüyünə qəsd kimi tənqid etmişdilər. Onlar bunun Zelenskiy-ni təxribata çəkmək və onun seçki qələbəsini sarsıtmaq məqsədi güddüyünü deyirdilər.

Kiyev bu fərman əsasında verilən Rusiya pasportlarını qanunsuz elan edib.

Putinin yeni fərmanı Luqanks və Donetsk vilayətlərinin 2014-cü ilin aprelinədək bu ərazidə sakin olmuş Ukrayna vətəndaşlarına şamil ediləcək.

Qərb Rusiyanı Ukraynanın şərqində separatçı münaqişə törətməklə təcavüzə əl atmaqda ittiham edir.

2014-cü ildə Rusiyanın Krımı ilhaqı və Ukraynanın şərqindəki separatçılara dəstəyinə görə Moskva üzərinə ağır sanksiyalar qoyulub.

Putinin fərmanı əvvəllər Krımda yaşamış Ukrayna vətəndaşlarının, habelə Sovet dövründə Rusiyada doğulmuş İraq, Yəmən, Suriya və Əfqanıstan vətəndaşlarının da Rusiya pasportlarını sadələşdirilmiş qaydada ala bilməsini nəzərdə tutur.