Avqustun 31-i və sentyabrın 1-də Qırğızıstanın paytaxtı Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti keçirilir. Qərblə qarşıdurması artan Rusiya prezidenti Vladimir Putin regionda ölkəsinin mövqelərini bərpa etmək üçün Şərqə baxır. ŞƏT 25 illiyini qeyd edir.
Putin sammit çərçivəsində azı yeddi ölkənin lideri ilə görüşməlidir. Onların arasında İran prezidenti Məsud Pezeşkian və Çin lideri Si Cinpin də var. Putinin Hindistanın baş naziri Narendra Modi, ŞƏT üzvü olmayan Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ikitərəfli görüşləri də gözlənilir.
Kreml rəsmiləri Putinin azı doqquz ikitərəfli görüş planlaşdırdığını açıqlayıblar.
Putin və Cinpin ŞƏT toplantılarından regionda Qərbin təsirinə qarşı vahid mövqe ortaya qoymaq üçün istifadə ediblər. Cinpin avqustun 30-u gecə Bişkekə gəlib, sammitə ev sahibliyi edən Qırğızıstan prezidenti Sadır Japarovla ilk görüşünü keçirib.
ŞƏT-ə Rusiya, İran, Hindistan və Çinlə yanaşı, Belarus, Qazaxıstan, Qırğızıstan, Pakistan, Özbəkistan və Tacikistan daxildir. Təşkilatın bütün üzvləri müttəfiq deyil. Nüvə silahına malik Pakistan və Hindistan arasında münasibətlər dəfələrlə müharibə həddinə çatıb.
Qurum 1996-cı ildə "Şanxay beşliyi" kimi yaradılıb, 2001-ci ildən digər region ölkələri də ona qoşulub.
Peşezkian və Putin
Putin Pezeşkianla görüşəcək
Qərb Moskva və Tehrana ağır sanksiyalar tətbiq edib. Rusiyaya sanksiyalar 2022-ci ilin fevralında Ukraynaya qarşı genişmiqyaslı işğal başlayandan qoyulub. İrana sanksiyalar Yaxın Şərqdə ekstremist fəaliyyətə dəstəyi və nüvə silahı əldə etməyə çalışdığına görə tətbiq olunub.
Kiyev və Qərb İranı Rusiyaya "Şahid" dronlarının tədarükünü dayandırmağa çağırıb. Moskva bu dronlardan Ukrayna müharibəsində istifadə edir.
Rusiya Yaxın Şərqdəki ABŞ hərbçilərinə və hərbi obyektlərinə hücum etmək üçün İrana hədəf koordinatlarını ötürür. ABŞ rəsmiləri Amerika mediasının bu barədə yazdıqlarını AzadlıqRadiosuna təsdiqləyiblər.
Kremlin köməkçisi Yuri Uşakov bildirib ki, Putinlə Pezeşkian arasında danışıqlarda əsas mövzulardan biri Yaxın Şərq böhranı olacaq.
Tərəflər Tehranın Rusiyanın "Rosatom" dövlət nüvə şirkəti ilə imzaladığı 25 milyard dollarlıq sazişi də müzakirə edəcəklər. Şirkət İranda dörd atom elektrik stansiyası tikəcək.
"MidEast Strategia"nın rəhbəri, britaniyalı ekspert Naser əl-Tamimi X-də yazıb ki, ŞƏT təcrid olunmuş İrana kömək edə bilər, amma müəyyən həddə qədər: "ŞƏT İrana daha geniş siyasi dəstək verir, onun beynəlxalq təcridini azaltmağa kömək edir, yuan, rubl, digər milli valyutalarla ticarət imkanlarını genişləndirir. Bununla da Tehranın Qərb maliyyə sistemindən asılılığını müəyyən qədər azalda bilər".
Təhlilçinin fikrincə, ŞƏT ABŞ sanksiyalarına qarşı iqtisadi qalxan deyil. Belə ki, onun alternativ maliyyə infrastrukturu, ikinci dərəcəli sanksiyalarla üzləşə biləcək böyük bank və şirkətlər üçün etibarlı müdafiəsi yoxdur. Bundan başqa, Çinlə Hindistanı İrana görə böyük iqtisadi xərcləri öz üzərinə götürməyə məcbur etmək mümkün deyil.
Paşinyan və Putin
Paşinyanla görüş gərgin keçə bilər
Putinin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü də planlaşdırılıb. Ermənistan uzun illər Rusiyanın müttəfiqi olub, son dövrlər Qərblə yaxınlaşmağa çalışması isə Moskvanın narazılığına səbəb olub.
Avqustun 25-də Ermənistanın keçmiş prezidenti, hazırda ikinci ən böyük müxalifət partiyasının lideri olan Robert Koçaryan korrupsiya ilə bağlı ittihamlarla həbs olunub. Bu da iki ölkə arasındakı gərginlik artırıb. 71 yaşlı Koçaryan 1998-2008-ci illərdə Ermənistan prezidenti olub. O, rusiyayönlü sayılan və iyunda keçirilmiş son parlament seçkilərində üçüncü yeri tutan "Ermənistan" alyansına rəhbərlik edir.
Yerevanın Avropa İttifaqına üzv olmaq istədiyini bildirməsi Moskvanı daha da qəzəbləndirib.
"Biz təkid edəcəyik ki, Ermənistan həm Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsindəki əməkdaşlıqdan böyük fayda götürüb, həm də eyni zamanda Avropa İttifaqına üzv olmağa iddia edə bilməz", – Putinin köməkçisi Uşakov deyib. Aİİ-yə Rusiya və Ermənistanla bərabər Belarus, Qazaxıstan və Qırğızıstan daxildir.
Putin Bişkekdən Vladivostokda sentyabrın 1-dən 4-dək keçiriləcək Şərq İqtisadi Forumuna gedəcək. Onun orada İndoneziya prezidenti və Monqolustanın baş naziri ilə görüşəcəyi gözlənilir.