Paşinyan: 'Rusiya hərbi bazasını çıxarmaq istəsə, etiraz etməyəcəyik'

Ermənistan baş naziri Nikol Paşinyan sentyabrın 1-də Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində Rusiya prezidenti ilə görüşüb.

Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrın 3-də bildirib ki, Rusiyanın 102-ci hərbi bazasının ölkədən çıxarılması məsələsi Rusiya prezidenti ilə müzakirə olunmayıb. Bununla belə, o əlavə edib: "Rusiya hərbi bazanı Ermənistan Respublikasından çıxarmaq qərarına gəlsə, biz buna etiraz etməyəcəyik. Amma qalmaq istəsələr, bu məsələni də müzakirə etməyə hazırıq".

Gümrüdəki hərbi bazanın Ermənistan üçün həyati əhəmiyyət kəsb etmədiyini vurğulayan Paşinyan indiyədək bu mövzunu heç vaxt gündəmə gətirmədiklərini də diqqətə çatdırıb.

Rusiya prezidenti Vladimir Putin bundan əvvəl demişdi ki, Yerevan Rusiyanın hərbi qüvvələrinə ehtiyacı olmadığı qərarına gəlsə, Moskva Gümrüdən hərbi bazasını "hətta sabah" çıxarmağa hazırdır.

Sizin brauzer HTML5-i dəstəkləmir

Putin həqiqətən ordusunu Ermənistandan çıxarmağa hazırlaşır?

2 sentyabr

Paşinyan Putinlə Bişkek görüşündən sonra Moskvaya gedəcəyini açıqlayıb

Ermənistanın baş naziri Nikol Paşinyan Bişkekdə Rusiya prezidenti Vladimir Putinlə görüşdən sonra Moskvaya səfər edəcəyini açıqlayıb. Tərəflər görüşdə Ermənistan-Rusiya münasibətlərinin gələcəyini müzakirə ediblər.

Paşinyan sentyabrın 1-də Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində keçirilən görüşü "çox yaxşı" adlandırıb. Dediyinə görə, liderlər Moskvaya qarşıdakı səfəri zamanı "səmimi və konstruktiv" söhbəti davam etdirmək barədə razılığa gəliblər.

Paşinyan Bişkek görüşündə Ermənistanın Rusiya ilə ənənəvi yaxın münasibətlərinə alternativ əlaqələr qurmaq səylərini müdafiə edib. O, Ermənistanla Azərbaycan arasında Qarabağ münaqişəsindən sonra sülhün əldə olunması ilə Cənubi Qafqazda vəziyyətin dəyişdiyini də bildirib.

"Rusiya ilə Ermənistanın münasibətləri Ermənistan-Azərbaycan münaqişəsi dövründə başqa məna daşıyırdı. Artıq regionda sülh yarandığından vəziyyətə yeni nəzərlə baxmalıyıq", – Paşinyan Putinə deyib.

Rusiya onilliklər boyu Ermənistanla Azərbaycan arasında əsas vasitəçi olub. Ancaq tərəflər ötən il Vaşinqtonda sülh sazişini paraflayıblar.

Moskva isə son illər Ermənistanın Qərb, xüsusilə Avropa İttifaqı ilə əlaqələrinin sıxlaşmasından narahatlıq bildirib.

Mütəxəssislərin iştirakı ilə ikitərəfli əməkdaşlığı müzakirə edəcəklər

Elə dünənki görüşdə də Putin Ermənistana Avropa İttifaqına üzvlük, yoxsa Avrasiya İqtisadi İttifaqında qalmaqla bağlı referendum keçirmək çağırışını təkrarlayıb. Paşinyan məsələnin referenduma çıxarılmaq üçün yetişmədiyini deyib.

Putin görüşdən sonra jurnalistlərə deyib ki, Rusiya və Ermənistan dialoqu "sakit şəkildə" davam etdirməyə razılaşıblar. Onun sözlərinə görə, Paşinyan hər bir sahə üzrə əməkdaşlığı ətraflı nəzərdən keçirilməyi təklif edib.

"Qoy onlar nə istədiklərini, məqsədlərinin nə olduğunu açıq desinlər", – Putin jurnalistlərə bildirib.

Putinin dediyinə görə, o, ikitərəfli əməkdaşlığı mütəxəssislərin iştirakı ilə ətraflı müzakirə etmək üçün Paşinyanı Moskvaya dəvət edib. Görüşdə dəmir yolu və infrastrukturun inkişafının da müzakirə ediləcəyi gözlənilir. Putin əlavə edib ki, Rusiyanın Ermənistan dəmir yollarına qoyacağı gələcək investisiyalar yükdaşımaların səviyyəsindən asılı olacaq.

Rusiya Ermənistan dəmir yollarını konsessiya əsasında idarə edir. Yerevanın idarəçilik hüququnu üçüncü tərəfə satmaq barədə təklifini Moskva rədd edib.

"Ermənistan buna hazırdırmı?"

Rusiyanın Ermənistanda hərbi mövcudluğuna gəlincə, Putin deyib ki, Yerevan buna ehtiyacı olmadığı qərarına gəlsə, Moskva Gümrüdən hərbi bazasını "hətta sabah" çıxarmağa hazırdır.

"Amma Ermənistan buna hazırdırmı? Biz heç kimə heç nəyi məcbur etməyəcəyik", – Putin söyləyib.

"Ermənistan xalqı ölkədə Rusiyanın müəyyən hərbi mövcudluğunun qalmasını istəyirsə, biz qalacağıq və fəaliyyətimizi davam etdirəcəyik", – Rusiya prezidenti əlavə edib.

Sovet İttifaqı dağılandan sonra Rusiya Ermənistanda hərbi mövcudluğunu saxlayıb. Gümrüdəki 102-ci Rusiya hərbi bazası 1995-ci ildə qurulub. İlkin olaraq 25 illik müqavilənin müddəti 2010-cu ildə 2044-cü ilə qədər uzadılıb.

Paşinyan iyunda bildirmişdi ki, Yerevanın Rusiya hərbi bazasının ölkədən çıxarılmasını tələb etmək planı yoxdur.