Sentyabrın 3-də Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevə zəng edib. Bu barədə Azərbaycanın rəsmi xəbər agentliyi Azərtac məlumat yayıb.
Xəbərdə qeyd olunur ki, telefon söhbəti zamanı Cənubi Qafqazda cari vəziyyət hərtərəfli müzakirə edilib:
"Ermənistan-Azərbaycan sərhədində sabitliyin və təhlükəsizliyin təmin edilməsi, regionda iqtisadi və nəqliyyat əlaqələrinin nizamlanması üzrə əlaqələndirilmiş səylərin vacibliyi qeyd olunub. Bu baxımdan Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr tarixli əsas üçtərəfli razılaşmalarının ardıcıl olaraq reallaşdırılması əzmi təsdiq edilib".
Həmçinin vurğulanır ki, telefon danşığı zamanı İlham Əliyev avqustun 31-də Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüşü barədə məlumat verib.
"Telefon danışığı əsnasında ikitərəfli gündəliyin bəzi praktiki məsələləri, o cümlədən iqtisadi-ticari, energetika və humanitar sahələrə aid məsələlər də nəzərdən keçirilib. Təmasların davam etdiriləcəyi qeyd olunub", - agentliyin xəbərində bildirilir.
Buna da bax: Putin Əliyevə: 'Kompromis həllər tapıldığına görə Sizə təşəkkürümü bildirmək istəyirəm...'Xatırlatma
Azərbaycan və Ermənistan liderləri bu il Şarl Mişelin vasitəçiliyi ilə 3 görüş keçiriblər. 31 avqust görüşündə iki ölkənin xarici işlər nazirlərinə sülh sazişinin mətni üzərində işləmək tapşırılıb.
Azərbaycan 2020-ci ildə 44 günlük savaş nəticəsində Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qalıb. Amma, hələlik, tərəflər arasında sülh sazişi imzalanmayıb.