Pompeo demokratları Dövlət Departamentini ‘qısnamaqda’ ittiham edir

Mike Pompeo

ABŞ dövlət katibi Mike Pompeo demokratları Dövlət Departamenti rəsmilərini “təhdid” etmək və “qısnamaya” salmaq cəhdində ittiham edib.

O bildirib ki, demokratlar prezident Donald Trump-ın impiçment araşdırması çərçivəsində Dövlət Departamenti işçilərindən and altında ifadə istəyirlər.

Pompeo oktyabrın 1-də Konqres komitələrinə yazdığı məktubda bildirir ki, rəsmilərdən könüllü şəkildə ifadə vermələri üçün təyin olunmuş vaxt “kafi” deyil:

Pompeo deyib ki, o rəsmiləri təhdidlərdən müdafiə etmək üçün imkanındakı bütün vasitələrdən istifadə edəcək.

Pompeonun Konqres komitələrinin tələb etdiyi sənədləri oktyabrın 4-dək təqdim edib-etməyəcəyi hələlik bəlli deyil.

Demokratların çoxluğa malik olduqları Nümayəndələr Palatasının üç komitəsi Dövlət Departamentinin beş hazırkı və keçmiş rəsmisindən andlı ifadələrin iki həftə müddətində verilməsini tələb edib.

Buna da bax: Trump millət vəkilinin mümkün 'həbsindən' söz açır

Ötən həftə çağırışları göndərmiş komitələrin sədrləri bildiriblər ki, onların araşdırmasına maneçilik törədilməsi Konqresin impiçment təhqiqatını əngəlləmək cəhdi kimi qiymətləndiriləcək.

Trump-a qarşı impiçment araşdırmasına kəşfiyyat nümayəndəsinin prezidentin Ukrayna lideri Volodymyr Zelenksiy ilə telefon söhbətindən şikayət verməsindən sonra başlanıb.

Şikayətdə deyilirdi ki, Trump iyulun 25-də Zelenskiy ilə telefon söhbətində ondan keçmiş vise-prezident Joe Biden və onun oğlunun təhqiq edilməsini istəyib.

Joe Bidenin oğlu Ukraynada enerji şirkətlərindən birinin direktorlar şurasının üzvü olub.

Joe Biden isə Trump-ın 2020-ci il ABŞ seçkisində əsas rəqibi ola bilər.

Bidenlərin qanunsuzluğa yol verdiklərinə dair sübutlar məlum deyil.