Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 10:31

Trump millət vəkilinin mümkün 'həbsindən' söz açır


Konqresin Kəşfiyyat Komitəsinin sədri Adam Schiff,
Konqresin Kəşfiyyat Komitəsinin sədri Adam Schiff,

Demokratların impiçment araşdırmasını davam etdirdikləri bir vaxtda prezident Donald Trump davakar ritorikasını bir qədər də intensivləşdirib.

O sentyabrın 30-da işarə edib ki, impiçment araşdırmasına rəhbərlik edən kaliforniyalı demokrat millət vəkili Adam Schiff “xəyanət” ittihamı ilə həbs edilməlidir.

Sentyabrın 30-da yazdığı bir neçə tvitdə Trump Schiff-in Konqresin Kəşfiyyat Komitəsinin dinləməsində etdiyi bəzi qeydlərinə münasibət bildirib.

Trump yazıb ki, Schiff "qanunsuz olaraq guya mənə aid olan saxta və dəhşətli bəyanat verib”.

O iddia edib ki, Schiff-in onun Ukrayna prezidenti ilə söhbəti barədə dedikləri həqiqətə uyğun deyil:

“O bunu uca səslə Konqresə və Amerika xalqına oxuyub. Bunların mənim telefon söhbəti zamanı dediklərimlə heç bir əlaqəsi yoxdur. Bəlkə xəyanətə görə həbs olunsun?”

İmpiçment araşdırması ilə Konqresdə keçiriləcək dinləmələrdə şahidlər bu həftə ifadə verəcəklər.

Onların arasında ABŞ-ın Ukraynadakı keçmiş səfiri Marie Yovanovitch və Trump-ın Ukrayna üzrə keçmiş xüsusi nümayəndəsi Kurt Volker də var.

***

ABŞ Prezidenti Donald Trump barəsində informasiya ötürərək onu “günahlandıran” şəxslə görüşmək istədiyini deyir. Söhbət Trump-ın siyasi rəqibi haqda araşdırma aparılmasından ötrü Ukrayna Prezidenti Volodymyr Zelenskiy-ə təzyiq göstərməsi iddialarından gedir. Bu iddialar Konqresdə impiçment araşdırmasının başladılmasına yol açıb.

Trump sentyabrın 29-da sosial mediada bir neçə post paylaşaraq informasiya ötürən, eləcə də həmin şəxs “bu informasiyanı qanunsuz verən”lə görüşmək istədiyini deyib, informasiya sızdıranın onu “günahlandırdığını” yazıb.

Trump “böyük fəsadlar”dan danışır

“Bu şəxs ABŞ Prezidentini GÜDÜBMÜ? Bunun böyük fəsadları ola bilər!” – Respublikaçı Trump yazıb.

Həftəlik “60 dəqiqə” proqramı elə həmin gün xəbər verib ki, informasiya sızdıran təhdidlər alınca federal qorumayla təchiz olunub.

İnformasiya sızdıran şəxs şikayətində iyulun 25-də Trump və Zelenskiy arasında telefon danışığına istinad edib. Guya həmin söhbətdə ABŞ prezidenti ukraynalı həmkarına deyib ki, keçmiş Vitse-prezident Joe Biden və oğlu Hunter barəsində təhqiqat aparılsın. Biden gələnilki prezident seçkisində Demokrat Partiyasından namizəd olmağa iddialıdır.

Hunter Biden Ukraynada qaz şirkətinin idarə heyətinin üzvü olanda atası keçmiş Prezident Barack Obama administrasiyasında çalışıb.

İndilik, Biden-lərin hansısa yanlışa yol verməsinə dəlil yoxdur.

Trump-Zelenskiy danışığından öncə isə Birləşmiş Ştatlar Ukraynaya 400 milyon dollarlıq hərbi yardımı dayandırıb. Bu, prezidentin Konqresin təsdiqlədiyi puldan şəxsi mənfəəti üçün istifadə etməsinə dair narahatlığa yol açıb.

“Dəmiri isti-isti döymək”

Konqresdəki demokratlar isə həftəsonu impiçment araşdırması üzrə sürətlə iş getdiyini açıqlayıblar.

Nümayəndələr Palatasını Spikeri Nancy Pelosi demokrat həmkarlarına deyib ki, impiçment məsələsində “dəmiri isti-isti döyməlidirlər”.

Palatanın kəşfiyyat komitəsinin demokrat sədri Adam Schiff deyib ki, komitə dinləmələr və çağırışlar üzrə operativ işləyir. Bu və daha iki komitə bu həftə dinləmələrə başlayır. Dövlət Departamentinin Trump-ın Ukraynadakı işləri ilə əlaqədar rəsmiləri ifadə verəcək.

“The Associated Press” yazır ki, demokratlar araşdırmanı bir neçə həftəyə, hətta noyabrın sonunadək tamamlayaraq nəticələri Palatanın Ədliyyə Komitəsinə göndərməyi planlaşdırır.

Kəşfiyyat Komitəsi informasiya sızdıranla razılaşma əldə edib və o, yaxın gələcəkdə ifadə verəcək, Schiff ABC televiziyasına deyib.

Respublikaçı konqresmenlər, Trump administrasiyasının üzvləri isə xəbər proqramlarına çıxaraq araşdırmaları tənqid ediblər. Kaliforniyadan respublikaçı konqresmen Devin Nunes deyib ki, demokratlar “cavab istəmirlər, ictimai tamaşa istəyirlər”.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG