Putin ‘antisemit donuzu’ ifadəsinə görə ittiham edilir

Polşanın baş yəhudi ravvini Michael Schudrich

Polşanın baş yəhudi rahibi Michael Schudrich və bu ölkədəki yəhudi icmasının rəhbəri Clara Kolodzeisky-Poltyn birgə bəyanatlarında Rusiya prezidenti Vladimir Putinin Polşanın Hitler Almaniyasındakı səfiri Joseph Lipsky barədə dediklərini məsuliyyətsiz çıxış adlandırıblar.

Bu barədə bəyanat Rzech Pospolita qəzetində dərc olunub.

Michael Schudrich və Clara Kolodzeisky-Poltyn yazırlar ki, Putinin bəyanatı “kontekstdən çıxarılmış bircə cümlənin üzərində qurulub”.

Bəyanatda deyilir ki, 1938-ci ildə Polşa yəhudilərin sionist cərəyanı ilə ittifaqda emiqrasiyasının tərəfdarı idi və bu ittifaqa məxfi hərbi yardım göstərirdi.

Sənəddə bu da qeyd olunur ki, bu işlə Polşa diplomatları və Lipsky də məşğul olurdular.

Buna da bax: Almaniya və ABŞ səfirləri də Polşanı müdafiə edir

Birgə bəyanatda bildirilir ki, Almaniya II Dünya Müharibəsi barədə həqiqətləri gizli saxlamır:

“Biz belə bir doğruçuluğu Rusiya hakimiyyətindən də gözləyirik. Rusiya bu müharibəni Almaniyanın müttəfiqi kimi başlamışdı”.

Vladimir Putin dekabrın 24-də 1934-1939-cu illərdə Polşanın Almaniyada səfiri olmuş Joseph Lipsky-ni Hitlerin yəhudiləri Afrikaya köçürmək ideyasına dəstək verdiyinə görə “əclaf və antisemit donuzu” adlandırmışdı.

Putinin bu bəyanatından sonra Rusiyanın Varşavadakı səfiri bu ölkənin Xarici İşlər Nazirliyinə dəvət olunmuş və ona rəsmi etiraz notası verilmişdi.