'ABŞ-İran atəşkəsi qüvvədədir', lakin Hörmüz böhranı dərinləşir

Pit Heqset və Den Keyn

ABŞ-nin müdafiə naziri Pit Heqset İranla əldə olunmuş atəşkəs razılaşmasının hələ də qüvvədə olduğunu bəyan edib. Bu açıqlama gərginliyin pik həddə çatdığı bir vaxta təsadüf edir; belə ki, bir gün əvvəl Birləşmiş Ərəb Əmirlikləri İrandan atılan raketləri zərərsizləşdirdiyini, ABŞ hərbi qüvvələri isə İranın altı hərbi katerini batırdığını açıqlamışdı.

Mayın 4-də baş verən hadisələr ABŞ və İsrailin İranla genişmiqyaslı hərbi əməliyyatlara yenidən başlayacağı ilə bağlı narahatlıqları artırıb.

Fevralın 28-də ABŞ və İsrailin zərbələri başladıqdan sonra İran Hörmüz boğazını faktiki olaraq bağlayıb. Buna cavab olaraq, ABŞ hərbi gəmiləri İran limanlarını tam blokadaya alıb.

ABŞ Hərbi Dəniz Qüvvələri Fars körfəzində sıxışıb qalan bir sıra kommersiya gəmilərini müşayiət etməyə başlayıb. Pentaqonda keçirilən mətbuat konfransında çıxış edən P.Heqset bu əməliyyatın "müvəqqəti həll yolu" olduğunu bildirib və rəsmi Tehrandan blokadaya son qoymağı tələb edib.

"İranın beynəlxalq su yollarında bitərəf ölkələrin gəmilərini və onların yüklərini əngəlləməsinə icazə verilə bilməz", – Heqset jurnalistlərə açıqlamasında vurğulayıb.

"İranlılar boğaza nəzarət etdiklərini deyirlər. Bu, doğru deyil", – o bildirib.

"Atəşkəs qüvvədədir"

"Atəşkəs qüvvədən düşməyib", – Heqset atəşkəslə bağlı sualı cavablandırıb.

"Biz özümüzü qətiyyətlə müdafiə edəcəyimizi bildirmişdik və hazırda bunu edirik. İran tərəfi də bundan agahdır. Atəşkəsin pozulub-pozulmadığına dair son qərarı isə prezident verəcək", – o əlavə edib.

ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn bildirib ki, aprelin 8-də atəşkəs elan olunandan bəri İran ABŞ qüvvələrinə qarşı 10-dan çox hücum həyata keçirib. Lakin onun sözlərinə görə, bu insidentlər hələlik genişmiqyaslı hərbi əməliyyatların bərpası həddini keçməyib.

General Keyn həmçinin vurğulayıb ki, Hörmüz boğazından keçid imkanı olmadığı üçün hazırda 1 min 550-dən çox kommersiya gəmisi və təxminən 22 min 500 dənizçi körfəzdə sıxışıb qalıb.

ABŞ prezidenti Donald Tramp isə mayın 4-də "Fox News"a müsahibəsində xəbərdarlıq edib: İran ABŞ gəmilərini hədəfə alarsa, bu ölkə "yer üzündən silinəcək".