ABŞ-nin maliyyə naziri Skot Bessent Tehrana təzyiqi artırmaq üçün yeni kampaniyanın başladığını elan edib. O bildirib ki, Birləşmiş Ştatlar “İranın dünyadakı maliyyə əlaqələrinə iqtisadi hücuma başlayır”.
“Məqsədimiz Tehran tək qalanadək bu zalım rejimi ayaqda saxlayan bütün iqtisadi dəstək kanallarını kəsməkdir”, – Bessent avqustun 24-də Vaşinqtonda mətbuat konfransında deyib.
Bessent bildirib ki, ABŞ İrandan gələn təhlükəyə “son qoyur”. Birləşmiş Ştatlar “İran rejiminin qanunsuz gəlirlərinin istənilən mənbəyini amansızcasına hədəfə alacaq”, deyə o, üçüncü ölkələrə xəbərdarlıq edib.
Bessentin sözlərinə görə, Tramp dünya liderlərinə konkret xahişlərlə zəng edir. Hər bir ölkəyə “İranla əlaqəli, müəyyən etdiyimiz fəaliyyəti... dayandırmaq” üçün konkret vaxt veriləcək.
Maliyyə naziri əlavə edib ki, İranı dəstəkləyən istənilən ölkə ABŞ sanksiyaları ilə üzləşməyə hazır olmalıdır.
ABŞ və İsrailin İranla müharibəyə başlamasından təxminən altı ay keçir. Müharibə Fars körfəzindən Hörmüz boğazı vasitəsilə enerji nəqlini ciddi məhdudlaşdırıb.
Vaşinqton 'iqtisadi D günü'nə hazırlaşır, İran rialı ucuzlaşır
Avqustun 24-də Vaşinqton Tehrana qarşı indiyədək ən sərt sanksiyalarını elan edəcəyini bildirir. Bu gün İran rialı yenidən son həddə enib. Açıq bazarda bir ABŞ dollarının məzənnəsi 2 milyon 16 min 400 riala çatıb.
ABŞ maliyyə naziri Skot Bessentin Vaşinqtonun İran üçün “iqtisadi D günü” hazırladığı barədə xəbərdarlıq edib. Tehranla biznes əlaqələrini saxlayan ölkə və şirkətlərə daha sərt sanksiyalar, ikinci dərəcəli sanksiyalar qoyula bilər.
Tehranda valyuta alverçisi
İsveçdə yaşayan iranlı iqtisadiyyat professoru Əhməd Ələvi deyir ki, bazardakı son dalğalanmalara təkcə ölkənin çoxdankı struktur problemləri səbəb olmayıb, daha sərt sanksiyaların mümkün nəticələri ilə bağlı gözləntilər də sözünü deyir.
Ələvi AzadlıqRadiosunun Radio Fərda-ya deyib ki, qeyri-effektiv iqtisadi siyasət, zəif idarəçilik, sanksiyalar və müharibə şəraiti İran iqtisadiyyatına təsir göstərir. Lakin onun fikrincə, son günlər bu əsas amillərdə ciddi dəyişiklik olmayıb, bazar psixologiyası getdikcə daha mühüm rol oynayır.
“Məzənnədə yüksəliş inflyasiyanı gücləndirir, gözlənilən və real inflyasiya isə öz növbəsində məzənnəni yenidən qaldırır. Beləliklə, bu qapalı dairə davam edir”, – Ələvi bildirib. Onun sözlərinə görə, müharibə iqtisadiyyatı və İranın struktur məhdudiyyətləri fonunda “bu durumun qalacağı görünür”.
AzadlıqRadiosunun jurnalisti Kian Şərifi yazır ki, heç də hamı daha sərt sanksiyaların Vaşinqtonun istədiyi nəticəni verəcəyinə əmin deyil.
ABŞ-də yaşayan siyasi analitik İbrahim Roşəndel Radio Fərda-ya deyib ki, sanksiyalar Vaşinqtonla danışıqlara qarşı çıxan qüvvələri zəiflətməyə bilər. Onun sözlərinə görə, sanksiyalar İranın rəsmi iqtisadiyyatını kiçildib, güclü dövlət qurumları ilə əlaqəli, qeyri-şəffaf, sanksiyalara uyğunlaşmış şəbəkələrin gücünü artırıb.
“Sanksiyalar razılaşmaya qarşı çıxanları cəzalandırmayıb, əksinə, onları maliyyələşdirib”, – deyən Roşəndel prezident Məsud Pezeşkianın real səlahiyyətinin çox məhdud olduğunu, onun əlində heç bir vasitənin olmadığını sözlərinə əlavə edib.
ABŞ sanksiya planını açıqlayacaq. Səhmlər və neft ucuzlaşıb
Avqustun 24-də Asiya fond bazarlarında səhmlər və neftin qiymətləri düşüb. İnvestorlar bu gün ABŞ-nin İrana yeni sanksiyalarının detallarını gözləyirlər.
Bütün texnologiya sektoru isə “Nvidia”nın avqustun 26-da açıqlayacağı maliyyə nəticələrini gözləyir. “Reuters” yazır ki, investorlar çip istehsalçısının son dərəcə yüksək gözləntiləri doğrultmasının nə qədər çətin olacağını anlayırlar.
ABŞ maliyyə naziri Skot Bessent bu gün İrana qarşı sanksiyaların detallarını açıqlamalıdır. Tehran strateji əhəmiyyətli Hörmüz boğazına nəzarətdən imtina etmək niyyətində olmadığını açıqlayıb.
Bu açıqlama ərəfəsində “Brent” markalı neft 1,4 faiz ucuzlaşaraq bir barel üçün 93,07 dollara düşüb. Ötən həftə isə qiymətlər 6,6 faiz artmışdı. ABŞ xam neftinin qiyməti isə 1,6 faiz azalaraq bir barel üçün 85,64 dollar olub.
Fond bazarlarında da düşüş müşahidə olunub. Yaponiyanın “Nikkei” indeksi ötən həftə təxminən 4 faiz düşmüşdü, bazar ertəsi daha 0,5 faiz geriləyib. Texnologiya şirkətlərinin böyük paya malik olduğu Cənubi Koreya bazarı 2,8 faiz, Tayvan bazarı 0,5 faiz ucuzlaşıb. Tayvan bazarındakı əhval-ruhiyyə böyük ölçüdə “Nvidia”nın nəticələrindən asılıdır.
İran prezidenti problemləri etiraf edir
İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə münaqişə fonunda ölkənin ciddi sosial problemlərlə üzləşdiyini etiraf edib. Bu, Vaşinqtonun Tehrana qarşı sanksiyaları sərtləşdirdiyi vaxtda baş verir.
“Hazırda cəmiyyətdə çoxlu problemlərin olduğunu anlayıram. Bacardığımız qədər bunların qarşısını almağa çalışırıq”, – Pezeşkian avqustun 24-də dövlət televiziyası ilə yayımlanan çıxışında deyib.
“Ciddi disbalanslar...”
Pezeşkian hökumətin inflyasiyanı azaltmağa çalışdığını bildirib. Fevralın sonunda ABŞ və İsrail İrana zərbələrə başlayandan, ardınca ABŞ İran limanlarını blokadaya alandan sonra ölkədə inflyasiya kəskin artıb.
Pezeşkian "su, elektrik enerjisi, qaz, yanacaq, ətraf mühit və bank sektorunda ciddi disbalansların" olduğunu da bildirib.
Sizin brauzer HTML5-i dəstəkləmir
Tramp İran iqtisadiyyatını çökdürmək istəyir. Bakı sanksiya altına düşə bilərmi?
İran prezidenti deyib ki, 2024-cü ilin iyulunda vəzifəyə keçəndən ölkə eyni vaxtda müharibə, sanksiyalar, siyasi təzyiqlər və sui-qəsdlərlə üzləşib.
Pezeşkian İranın bu təzyiqlərə tab gətirə biləcəyini vurğulayıb, xalqın "dözümlülük və həmrəylik sərgilədiyini" bildirib.
Prezident Pezeşkianın real hakimiyyət imkanları ilə bağlı suallar qalır. İran hökuməti və ordusunun siyasətini əslində kimin müəyyənləşdirdiyinə dair geniş qarışıqlıq var.
Bessent sanksiyaları açıqlayacaq
Bu arada avqustun 24-də ABŞ maliyyə naziri Skot Bessentin çıxışı gözlənilir. Bessent bazar ertəsi ABŞ Şərq vaxtı ilə saat 13:00-da jurnalistlərə İran əleyhinə "tarixdə ən sərt sanksiyalar" barədə məlumat verməlidir.
“Sübh çağı iqtisadi D günü başlayır. Bu, indiyədək hər hansı rəqibə ən böyük maliyyə hücumu olacaq", – Bessent avqustun 23-də “Financial Times” qəzetində dərc olunan məqaləsində yazıb.
“Dünya anlamalıdır ki, məqsədimiz Tehran təcrid olunanadək bu tiran rejimi ayaqda saxlayan bütün iqtisadi həyat damarlarını kəsməkdir”, – o əlavə edib.
ABŞ prezidenti Donald Tramp ötən həftə Tehrana təzyiqi artırmaqla hədələyib, İran üçün "iqtisadi D günü" olacağını deyib.