ABŞ ordusunun proqram təminatçısı rusiyalı çıxdı

Pentaqon

Pentaqona və ABŞ-nin digər dövlət qurumlarına proqram təminatı satan yerli şirkətin əsl sahiblərinin Rusiya vətəndaşları olduğu məlum olub. İttiham aktına əsasən, həmin şəxslər Rusiyanın xüsusi xidmət orqanlarına da analoji proqramlar satıblar.

"Oxygen Forensics" şirkətinin rəhbəri, Aydahoda yaşayan 55 yaşlı Li Rayber sentyabrın 22-də həbs olunub, sonradan girov müqabilində buraxılıb.

Moskvadan olan 52 yaşlı Oleq Davıdov isə iki gün əvvəl Londonun Hitrou aeroportunda saxlanılıb. ABŞ rəsmiləri onun ekstradisiyasını tələb edəcəklərini bildiriblər.

Şirkətin əsl sahibini gizlədiblər

Sentyabrın 23-də açıqlanan ittiham aktına görə, "Oxygen Forensics" şirkəti və Rayber ABŞ hökumətinə yalan məlumat veriblər. Onlar Virciniya ştatındakı bu şirkətin heç bir xarici sahibinin olmadığını, xaricdən idarə edilmədiyini və proqram təminatının tamamilə ABŞ-də hazırlandığını bildiriblər.

Lakin prokurorların rəyinə görə, şirkətin faktiki sahibləri Davıdov və adı açıqlanmayan daha dörd Rusiya vətəndaşıdır. Həmin şəxslər paralel olaraq Moskvada da bir şirkəti idarə ediblər, bu şirkət Rusiyanın Federal Təhlükəsizlik Xidmətinə (FSB), İstintaq Komitəsinə və digər hüquq-mühafizə qurumlarına proqram təminatı satıb və texniki xidmətlər göstərib.

Proqramda zərərli kod aşkar edilməyib

Şirkətin ABŞ dövlət qurumlarına satdığı rəqəmsal ekspertiza proqramı kompüterlərdən və digər elektron cihazlardan məlumat toplamaq (kriminalistik analiz) üçün nəzərdə tutulub. Hətta Ağ evi və dövlət rəsmilərini mühafizə edən Məxfi Xidmətin Milli Kompüter Kriminalistikası İnstitutu 2024-cü ildə bu şirkətlə beşillik müqavilə bağlayıb.

ABŞ rəsmiləri vurğulayırlar ki, "Oxygen"in proqram təminatında heç bir zərərli kod tapılmayıb və ondan dövlət qurumlarının daxili kompüter sistemlərinə gizli daxil olmaq (kibercasusluq) üçün istifadə edilməyib.

Hazırda həm Rayberə, həm də Davıdova qarşı elektron kommunikasiya dələduzluğu ittihamı irəli sürülüb.

Rayberə məsələ ilə bağlı elektron məktub göndərilsə də, dərhal cavab verməyib. Davıdovla isə şərh almaq üçün əlaqə saxlamaq mümkün olmayıb.

AzadlıqRadiosunun jurnalisti Mayk Ekkel yazır ki, bu hadisə dünyada haker hücumlarının, kibercasusluğun və zərərli proqramların geniş yayıldığı bir dövrə təsadüf edir.

Rusiya, ABŞ, Çin, İsrail və İran kimi ölkələrin dövlət qurumları yeni kiberimkanların yaradılmasına böyük vəsait yatırır. Özəl şirkətlərin də güclü kiber alətlərə çıxışı getdikcə artır.

ABŞ Federal Təhqiqat Bürosu (FBI) sentyabrın 23-də bildirib ki, bir haker qrupunun qurumun iş elanları saytını sındırdığı, minlərlə əməkdaşın və işə düzəlmək üçün müraciət edən şəxsin məxfi sənədlərini oğurladığı barədə iddiaları araşdırır.