Keçid linkləri

2026, 21 May, cümə axşamı, Bakı vaxtı 20:06

'Dünya səviyyəli haker' gücündəki Sİ modeli Ağ evdə həyəcan yaratdı – Yeni sərəncam hazırlanır

Ekspertlərin fikrincə, qabaqcıl süni intellekt modelləri kiberhücumların miqyasını xeyli genişləndirə bilər.
Ekspertlərin fikrincə, qabaqcıl süni intellekt modelləri kiberhücumların miqyasını xeyli genişləndirə bilər.

Donald Tramp administrasiyası texnologiya şirkətlərindən qabaqcıl süni intellekt (Sİ) modellərini yoxlama üçün federal qurumlara təqdim etmələrini istəyə bilər. ABŞ mediası bu barədə müvafiq sərəncamın mayın 21-də imzalana biləcəyini yazır. CNN-in mənbələrə istinadən yaydığı məlumata görə, ilkin mərhələdə söhbət modellərin könüllü şəkildə yoxlanışa verilməsindən gedir.

Mənbələr qeyd edir ki, hazırda İT sektoru ilə hökumət arasında əsas müzakirə müddətlərlə bağlıdır. Sərəncamın variantlarından birində modellərin istifadəyə verilməzdən əvvəl 90 günlük yoxlama mərhələsindən keçməsi nəzərdə tutulub. Bəzi Sİ tərtibatçıları isə yoxlama müddətinin iki həftəyə endirilməsini istəyirlər.

Ekspertlərin fikrincə, qabaqcıl süni intellekt modelləri kiberhücumların miqyasını xeyli genişləndirə bilər. Erkən mərhələdə aparılan yoxlamalar isə hökumətə bu təhlükələr qlobal miqyasda yayılmamış qabaqlayıcı tədbirlər görməyə kömək edəcək.

Sərəncamda yoxlamadan keçmək tələb kimi qoyulacaqmı

"Politico" nəşri məsələdən xəbərdar beş mənbəyə istinadən yazır ki, milli təhlükəsizlik və mülki qurumların koalisiyası qabaqcıl Sİ modelləri üzərində nəzarəti ciddi şəkildə artıracaq.

Hazırda əsas suallardan biri Ağ evin Sİ modellərinin ictimaiyyətə təqdim olunmazdan əvvəl məcburi federal yoxlamadan keçməsini tələb edib-etməyəcəyi ilə bağlıdır. Tramp administrasiyası ayın əvvəlində bu ideyanı gündəmə gətirsə də, sonradan qərarı müvəqqəti olaraq dondurmuşdu.

Nəşrin məlumatına görə, bu addım "Anthropic" şirkəti ilə Pentaqon arasında baş vermiş qalmaqaldan sonra atılır. Həmin vaxt şirkət öz texnologiyasının bəzi hərbi məqsədlər üçün istifadəsini məhdudlaşdırmağa çalışmışdı. "Anthropic" sonradan güclü "Mythos" modelini yalnız az sayda tərəfdaşına təqdim edib.

Ağ evin bu qərarı verməsinə səbəb məhz "Mythos" kimi çox güclü və kibertəhlükəsizliyə təsir edən modellərin yayılmağa başlamasıdır. Qeyd olunur ki, bu cür sistemlər dünya hökumətləri və kritik sektorlar arasında ciddi narahatlıq yaradıb.

"Məsələyə hamı cəlb olunub. Buna görə də sənəd gah gündəmə gəlir, gah arxivə qoyulur, sonra yenidən masaya qayıdır", – deyə mənbələrdən biri bildirib.

"Anthropic" ötən ay "Mythos" modelini təqdim edən kimi Ağ ev dərhal texnologiya və kibertəhlükəsizlik sənayesinin nümayəndələri ilə məsləhətləşmələrə başlayıb. Məlumata görə, "Mythos" sistemlərdəki boşluqları aşkarlayıb kiberhücumlar təşkil etmək sahəsində "dünya səviyyəli haker" kimi fəaliyyət göstərə bilən son dərəcə güclü bir modeldir.

XS
SM
MD
LG