Paşinyan: Türkiyə ilə sərhədin açılması üçün Azərbaycanın şərtləri var

Nikol Paşinyan

Azərbaycanla paraflanmış sülh müqaviləsi 2027–2028-ci illərdə imzalana bilər. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 22-də keçirdiyi mətbuat konfransında bəyan edib. O, rəsmi Bakı ilə dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıb.

Sülh sazişi ilə bağlı sualı cavablandıran Paşinyan "Biz Azərbaycanla işi davam etdirməliyik", – deyə bildirib.

Paşinyan Ermənistan–Türkiyə sərhədinin açılması istiqamətində səylərin davam etdiyini, Yerevanın bu məsələdə həm Ankara, həm də Bakı ilə işlədiyini vurğulayıb.

"Azərbaycanın bu məsələ ilə bağlı müəyyən şərtləri var və hazırda proses məhz bu mərhələdədir. Buna baxmayaraq, müvafiq həll yolları tapmaq üçün həm Azərbaycan, həm də Türkiyə ilə işi davam etdiririk", – deyə Paşinyan bildirib.

Türkiyə 1993-cü ildə Ermənistanla quru sərhədini birtərəfli qaydada bağlayıb. Son illər hər iki ölkə münasibətləri normallaşdırmaq üzərində işləyir. Ermənistan Türkiyənin sərhədi istənilən vaxt açmasına hazır olduğunu bəyan edib. Artıq sərhəd-keçid məntəqələri də modernləşdirilərək işlək vəziyyətə gətirilib.

Paşinyan növbədənkənar seçkiləri istisna etmir

Rəsmi Bakı Ermənistan Konstitusiyasında istinad olunan Müstəqillik Aktında özünə qarşı ərazi iddialarının yer aldığını bildirir və sülh sazişinin imzalanması üçün bu ölkənin konstitusiyasının dəyişdirilməsini tələb edir. Bu məsələ Ermənistanda referenduma çıxarılmalıdır. Amma referendum keçirmək üçün Paşinyana parlamentdə 2/3 səs çoxluğu lazımdır.

Baş nazir bugünkü mətbuat konfransında bəyan edib ki, parlamentdəki müxalifət yeni Konstitusiyanın referenduma çıxarılmasına razı olmasa, növbədənkənar parlament seçkilərinin keçirilməsi istisna edilmir: "Müxalifətdən olan həmkarlarımızı bunun çox vacib bir məsələ olduğuna inandırmağa çalışacağıq. Əgər bu, nəticə verməsə, onda növbədənkənar seçkilər də daxil olmaqla, digər ssenarilərə əl atacağıq. Belə bir ssenarinin istisna edildiyini kim deyib?".

Ermənistan parlamentindəki iki müxalifət fraksiyası ölkədə Konstitusiyanın rəsmi Bakının tələbi ilə dəyişdirildiyini iddia edir və buna qarşı çıxır.

"Güclü Ermənistan" və "Ermənistan" blokları Paşinyanın bugünkü açıqlamasına hələlik münasibət bildirməyiblər.

Sizin brauzer HTML5-i dəstəkləmir

Paşinyanın qələbəsinin 'əmma'sı: Sülh sazişi təhlükədə?

Ermənistana keçmiş Azərbaycan vətəndaşını qaytaracaqlar

Yolu azaraq Ermənistan ərazisinə keçmiş Azərbaycan vətəndaşı Azərbaycana qaytarılacaq. Bunu da baş nazir Nikol Paşinyan bildirib.

Ermənistanın Milli Təhlükəsizlik Xidməti daha əvvəl məlumat yaymışdı ki, bu il oktyabrın 19-da ölkənin Tavuş vilayətində Azərbaycanın Tovuz rayonunun Çatax kənd sakini Yaşar Qasımov tapılıb. Onun yolu azaraq Ermənistan ərazisinə keçdiyi müəyyənləşdirilib.

"Dünyada elə bir sərhəd, təmas xətti və ya cəbhə xətti yoxdur ki, insan onu keçə bilməsin. Bu şəxs sərhədi keçib, hərbçilər isə onu aşkar edərək Milli Təhlükəsizlik Xidmətinə təhvil veriblər. Onun özlərinə tərəf gəldiyini görüb saxlayıblar və Milli Təhlükəsizlik Xidmətinə təhvil veriblər. Onu Respublika meydanında saxlamayıblar. Adam sərhədi keçib və biz onu Azərbaycana qaytarmalıyıq", – Paşinyan bugünkü mətbuat konfransında bildirib.

Son bir ayda artıq ikinci dəfədir ki, Azərbaycan vətəndaşı Ermənistan sərhədini keçir. Oktyabrın 1-də Azərbaycan əsgəri Nəsimi Musayevin Sünikin Şəki qəsəbəsində bir qadına atəş açaraq onu yaraladığı açıqlanıb. O, iki ay müddətinə həbs edilib; sərhədi qanunsuz keçməkdə, silah tətbiq etməklə sağlamlığa ağır zərər vurmada və mənzil toxunulmazlığını pozmaqda ittiham olunub.

Xatırlatma

Ötən əsrin 80-ci illərinin sonunda gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında hərbi toqquşmalara səbəb olmuşdu. Nəticədə 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi və ətrafdakı yeddi rayonu işğal edilmişdi.

2020-ci ildəki 44 günlük müharibə və 2023-cü ilin sentyabrında birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini tam bərpa edib.

Ötən ilin avqustunda Vaşinqtonda, ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə 30 ildən artıq davam edən münaqişəyə son qoyan sülh sazişi paraflanıb. Həmin sənədin mətninə əsasən, tərəflər bir-birinin ərazi bütövlüyünü rəsmən tanıyır və qarşılıqlı hüquqi iddialardan imtina etmək öhdəliyi götürürlər.

Artıq iki ölkə arasında birbaşa yükdaşımalar da bərpa edilib.