Paşinyan Putinə zəng edib

Aprelin 7-də Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinə zəng edib

Aprelin 7-də Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinə zəng edib.

Bu barədə məlumat Kremlin rəsmi saytında verilib.

Məlumatda deyilir ki, tərəflər Qarabağdakı hazırkı vəziyyətin müxtəlif aspektlərini müzakirə ediblər.

Putin və Paşinyan Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 2020-2022-ci illərdə imzaladıqları bütün bəyanatların ardıcıl olaraq həyata keçirilməsinin mühümlüyünü vurğulayıblar.

Bu mənada Ermənistan-Azərbaycan sərhədində təhlükəsizlik və stabilliyin təmin olunmasının, Cənubi Qafqazda iqtisadi və nəqliyyat bağlarının bərpası və Ermənistan-Azərbaycan sülh müqaviləsinin əsasının qoyulmasının vacibliyi qeyd olunub.

Buna da bax:

Paşinyan deyib ki, sərhəddə ‘vəziyyət yaxşılaşıb’ (Video)

Paşinyan "Qarabağda humanitar böhrandan" danışıb

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun isə baş nazir Nikol Paşinyanın mətbuat xidmətinə istinadla yazır ki, Rusiya və Ermənistan liderləri “Azərbaycanın Laçın dəhlizini bloklaması nəticəsində Qarabağda davam edən humanitar böhranı” müzakirə ediblər.

Məlumatda deyilir ki, Paşinyan söhbət zamanı “Qarabağdakı böhranın aradan qaldırılması üçün Rusiya sülhməramlı kontingentinin ardıcıl addımlar atmasının mühümlüyünü” vurğulayıb.

Erməni tərəfi bildirir ki, söhbət zamanı habelə Ermənistan, Rusiya və Azərbaycan liderlərinin birgə bəyanatlarının yerinə yetirilməsi vəziyyəti müzakirə olunub.

Sizin brauzer HTML5-i dəstəkləmir

Xankəndidən olan erməni qadın: "Azərbaycanlı avtobusa girib dedi ki, qorxmayın"

Xatırlatma

Ötən ilin dekabrın 12-dən Şuşa şəhəri yaxınlığında Laçın-Xankəndi yoluna toplaşıb özlərini eko-fəallar kimi təqdim edən Azərbaycan vətəndaşları növbəli aksiya keçirirlər.

Etirazçıların sözlərinə görə onlar yolu bağlamayıblar, humanitar və təcili tibbi yardım maşınlarının keçməsinə imkan yaradırlar.

Onlar Qarabağdakı qızıl və mis yataqlarında monitorinq keçirilməsini tələb edirdilər.

Ermənistan tərəfi isə Azərbaycanı bu aksiyanın arxasında durmaqda, Qarabağ ermənilərini blokadaya almaqda və "humanitar böhran" yaratmaqda ittiham edir.

2020-ci ildə 44 günlük İkinci Qarabağ Müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etmişdi.

Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.