Qarabağla Ermənistanı birləşdirən Laçın dəhlizinə alternativ yeni yolun Ermənistan hissəsinin 12 kilometrinin 7 kilometrində sərhəd məntəqələrinin yeri dəqiqləşdirilib, daha 5 kilometrlik məsafədə bu iş davam etdirilir.
AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan aprelin 6-da keçirdiyi hökumət müşavirəsində deyib.
Azatutyun yazır ki, martın 30-da Bakı yeni yolun istifadəyə verilməsi ilə bağlı Azərbaycan silahlı qüvvələrinin bir sıra hakim yüksəklikləri, əsas və yardımçı yolları, habelə Laçın rayonunda Cağazur və Zabux kəndləri arasındakı yolu nəzarətə götürdüyünü bildirmişdi.
Nikol Paşinyan həmin müşavirədə deyib ki, Ermənistan tərəfinin mövqelərində heç bir dəyişiklik baş verməyib, sadəcə olaraq Ermənistan-Qarabağ marşrutunda dəyişiklik olub.
Bundan sonra Ermənsitan Milli Təhklükəsizlik Xidməti bildirmişdi ki, Ermənistanla Qarabağ arasındakı Kornidzor-Tex (Laçın dəhlizinə alternativ yolun Ermənistan sektoru – red) yolu işə salınandan sonra Azərbaycan silahlı qüvvələri bu ərazidə ən azı beş nöqtədə - sərhəddən 100-300 metrlik məsafədə yerləşdirilib.
Sərhədçilərin dislokasiya yerləri dəqiqləşdirilir
Ermənistan MTX bundan sonra daha bir məlumat yayıb. Bu məlumatda deyilirdi ki, “sərhədin dəqiqləşdirilməsi üzrə işlərin nəticəsində bu ərazidə vəziyyət yaxşılaşıb”.
Paşinyan sərhəddə yaranmış vəziyyəti belə izah edib:
“Bizim qiymətləndirməmizə görə Azərbaycan tərəfi Ermənistan ərazisində, sərhədin 100-300 metrliyində yerləşib və mühəndis işləri aparıb. Bundan sonra qərara alınıb ki, vəziyyəti hər iki tərəfdən xəritəşünaslar düzəldəcək. Sərhədçilərin dislokasiya yerlərinin dəqiqləşdirilməsi üzrə işlər aparılıb. Vəziyyət bir qədər yaxşılaşıb. Yəni ayrılıqda 12 kilometrlik məsafənin 7 kilometrində dislokasiya nöqtələri müəyyənləşdirilib, 5 kilometrlik məsafədə iş davam edir”.
Baş nazirin sözlərinə görə Ermənistan tərəfi mövqelərini dəyişməyib ki, eskalasiya baş verməsin.
O ümid etdiyini deyib ki, dislokasiya yerlərinin dəqiqləşdirilməsi “konstruktiv şəraitdə” keçəcək.
Xatırlatma
2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etmişdi.
Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.
Sözü gedən dəhliz Laçın şəhərindən keçdiyinə görə, 2 il əvvəl rayon Azərbaycana təhvil verilsə də, şəhərə yaxın günlərə qədər Rusiya silahlı qüvvələri nəzərət edib.
Azərbaycan Laçın şəhərindən yan keçən alternativ yolu sentyabrın əvvəllərində başa çatdırıb.
Bu yolun Ermənistana aid hissəsinin çəkilişi isə ləngiyib.
Yerevan Bakını Ermənsitanın suveren ərazisinə müdaxilədə ittiham edir. Azərbaycan isə sərhədin delimitasiya olunmadığını əsas gətirərək bu ittihamı rədd edir.
1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.
1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.