Paşinyan Putinə Qarabağdakı ermənilərin qorxudulmasından gileylənib

Nikol Paşinyan (solda) və Vladimir Putin

Paşinyan erməni tərəfinin Rusiya sülhməramlı kontingentinin Azərbaycan bölmələrini öz məsuliyyət zonasından çıxaracağını gözlədiyini söyləyi

Ermənistanın Baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon söhbəti olub.

Baş nazirin mətbuat xidmətinin məlumatına görə, Paşinyan Putinə “Dağlıq Qarabağda Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərə müdaxiləsindən sonra yaranmış vəziyyətlə” bağlı məlumat verib.

Buna da bax:

Paşinyan Qarabağdakı erməni qoşunundan danışıb

Erməni tərəfinin Rusiyadan gözləntisi

O, vəziyyətin normallaşmadığını, “bəzi məlumatlara görə, Azərbaycan bölmələri tərəfindən Dağlıq Qarabağda Rusiya sülhməramlılarının məsuliyyət zonasına yeni provokasiyalarının mümkünlüyünü” qeyd edib.

Məlumatda deyilir ki, Paşinyan “Azərbaycanın səsgücləndiricilər vasitəsilə, psixoloji təzyiq göstərməklə Dağlıq Qarabağın kəndlərində yaşayanları qorxutmasını” detallı danışıb.

Baş nazir sülhməramlıların olduğu yerlərdə bu hərəkətlərin baş verməsinin “suallar yaratdığını” deyib, Putinə mövcud vəziyyətin araşdırılmasına müsbət yanaşmasına görə təşəkkür edib.

Buna da bax:

Azərbaycan Delyaqini beynəlxalq axtarışa verib

Paşinyan erməni tərəfinin Rusiya sülhməramlı kontingentinin Azərbaycan bölmələrini öz məsuliyyət zonasından çıxaracağını gözlədiyini söyləyib.

Tərəflər vəziyyətin tezliklə normallaşması üçün tədbirlər görməyə razılaşıblar. Onlar həmçinin Azərbaycanla üçtərəfli bəyanatların tam reallaşmasının vacibliyini vurğulayıblar.

Buna da bax:

Sülhməramlıların ‘Fərrux istiqamətini’ möhkəmləndirdiyi bildirilir

Əliyev də Putinə zəng edib

Martın 31-də Azərbaycan prezidenti İlham Əliyevin rusiyalı həmkarı Vladimir Putinə zəng etməsiylə bağlı məlumat yayılıb. Azərbaycan Prezidentinin Mətbuat xidməti telefon danışığı əsnasında Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyətin müzakirə olunduğunu bildirib.

2020-ci ildə Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Azərbaycan, Ermənistan və Rusiyanın imzaladığı 9 noyabr bəyanatına əsasən döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlılarının yerləşdiyi açıqlanıb. Ötən il də tərəflər bölgədə iqtisadi və nəqliyyat əlaqələrinin bərpasına dair daha iki bəyanat imzalayıblar.

Buna da bax:

Erməni məktəblilərini 'Z' şəklində düzüblər

Bu il martın sonunda Əsgəran rayonunun Fərrux kəndinin Azərbaycanın nəzarətinə keçməsilə bağlı xəbərlər yayılıb. Azərbaycan mövqelərini möhkəmləndirdiyini bildirib. Sonradan həm erməni tərəf, həm də Rusiya hərbçiləri Azərbaycan qüvvələrinin ərazidən çıxarıldığını bildirsə də, Azərbaycan Müdafiə Nazirliyi mövqelərində dəyişiklik olmadığını bəyan edib.