Paşinyan: Aİ-yə üzvlük üçün rəsmi müraciət prosesi başlayacaq

Nikol Paşinyan

Yerevan tezliklə Avropa İttifaqına üzvlük üçün rəsmi müraciət prosesinə başlayacaq. Bunu baş nazir Nikol Paşinyan avqustun 24-də parlamentdə deyib.

O əlavə edib ki, Aİ-yə üzvlüklə bağlı referendum prosesin əvvəlində deyil, aydın bir yol xəritəsi hazır olanda keçirilməlidir:

“Anladığım qədərilə, Aİ-yə rəsmi üzvlük üçün müraciət etdikdən, müvafiq cavab aldıqdan və proses üçün yol xəritəsi əldə etdikdən sonra referendum keçirəcəyik”.

Bu ilin yazından Moskva Yerevanı Avropa İttifaqına qoşulmaq və ya Avrasiya İqtisadi İttifaqında qalmaqla bağlı referendum keçirməyə çağırıb. Bu çağırışa Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan liderləri də qoşulub.

Rusiya bu çağırışla paralel Ermənistandan bir sıra məhsulların idxalını məhdudlaşdırıb.

"KTMT-də fəaliyyətimizi aktivləşdirmək niyyətində deyilik"

Paşinyan ölkəsinin Rusiyanın başçılıq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında fəaliyyətinə də toxunub. Onun sözlərinə görə, Ermənistan yaxın beş ildə KTMT-yə qayıtmağı planlaşdırmır və təşkilatdan çıxarılarsa bundan məmnun olacaq:

“Əminliklə deyə bilərəm ki, KTMT-də fəaliyyətimizi aktivləşdirmək niyyətində deyilik”.

Onun sözlərinə görə, KTMT daxilində bununla bağlı müvafiq müzakirələr aparılır.

KTMT-nin nizamnaməsi də üzv ölkənin qurumdan çıxarılması variantını nəzərdə tutur.

“Təşkilat Ermənistan Respublikasını üzvlükdən çıxarmaq qərarına gəlsə, çox şad olaram. Heç olmasa, bizi təşkilatdan çıxaq, yoxsa çıxmayaq dilemmasından azad edərlər”, – Paşinyan vurğulayıb.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, əgər KTMT-yə üzvlük artıq Yerevana lazım deyilsə, Ermənistan təşkilatdan çıxa bilər.

“Əgər Yerevan öz milli maraqları baxımından regional təhlükəsizliyin təmin olunması üçün bu qədər mühüm təşkilata üzvlüyə artıq ehtiyac duymursa, müvafiq qərar qəbul etməkdə və təşkilatı tərk etməkdə sərbəstdir”, – Peskov deyib.

Peskov onu da bildirib ki, Ermənistan Aİ-yə üzvlük üçün müraciət etdikdən sonra Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində ciddi qanunvericilik ziddiyyətləri ilə üzləşəcək. O iddia edib ki, bu, ilk növbədə Yerevana ziyan vuracaq. Belə ki, Ermənistan müxtəlif sahələrdə qanunvericiliyini Avropa standartlarına, Avropa İttifaqının normalarına uyğunlaşdırmalı olacaq. Yerevan Türkiyənin və digər ölkələrin Avropa İttifaqına qoşulmaq niyyətini yada salaraq deyib ki, həmin ölkələrin Aİ-yə üzvlük üçün müraciət etməsindən onilliklər keçib.

Paşinyan daha əvvəl də Yerevanın KTMT-də tamhüquqlu iştiraka qayıtmaq niyyətində olmadığını bildirib. Yerevanla KTMT arasında gərginlik Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi fonunda artıb. Ermənistan Qarabağdakı Rusiya sülhməramlılarını Azərbaycanın 2023-cü ildə keçirdiyi hərbi əməliyyatın qarşısını almamaqda günahlandırıb. Bundan başqa, Ermənistan Azərbaycanın 2022-ci ildə onun ərazisinə girdiyini iddia edir və alyansı bunu qınamağa çağırıb. Bakı isə o zaman sadəcə öz mövqelərini dəqiqləşdirdiyini bildirmişdi.