Özbəkistanın Namanqan vilayətində beşyaşlı qızın cinsi zorakılığa məruz qalması ölkədə böyük əks-səda doğurub. Hadisədən sonra ölüm hökmünün bərpası məsələsi yenidən gündəmə gəlib. "Azattyq Asia" yazır ki, bəzi siyasətçilər ölüm hökmünün qaytarılmasını dəstəkləsə də, digərləri bunun uşaqları daha böyük təhlükə ilə üz-üzə qoya biləcəyini vurğulayırlar.
İstintaqın məlumatına görə, hadisə Namanqan vilayətinin Üçkurqan rayonunda baş verib. Uşağın ailəsi ilə qonşuluqda yaşayan və uşaq bağçasında təsərrüfat müdiri işləyən 52 yaşlı kişi cinayətdə şübhəli bilinir.
Qız baş verənləri anasına danışdıqdan sonra həmin şəxs həbs edilib, hazırda polis araşdırma aparır.
Prezident Administrasiyasının rəhbəri Səidə Mirziyoyeva "Telegram" kanalında bu xəbərdən sarsıldığını və qəzəbləndiyini bildirərək, belə cinayətlərə görə ölüm hökmünün tətbiq edilməli olduğunu yazıb.
Oktyabrın 2-də parlament 14 yaşına çatmamış uşaqlara qarşı cinsi cinayətlərə görə cəzaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini təsdiqləyib. Oktyabrın 14-də isə prezident qanunu imzalayıb. Yeni qanun uşaqlara qarşı xüsusilə ağır cinayətlərə, o cümlədən 14 yaşına çatmamış uşaqların zorlanmasına və seksual xarakterli digər zorakılıq əməllərinə görə uzunmüddətli və ya ömürlük həbs cəzası nəzərdə tutur.
Ölüm cəzası yerinə başqa tədbirlər
Qanunda ölüm hökmü yer almasa da, layihənin parlamentdəki müzakirəsi zamanı bu mövzu ətrafında ciddi mübahisələr yaranıb və bəzi deputatlar ən ağır cəza növünün bərpasını tələb ediblər.
Deputat Bobur Bekmurodov isə bildirib ki, ölüm hökmü uşaqları daha böyük təhlükəyə məruz qoya bilər. Onun fikrincə, uşağa qarşı cinsi zorakılığa görə ölüm cəzası tətbiq edilərsə, cinayətkar uşağı öldürməklə yeganə şahiddən qurtulmağa çalışar. Bekmurodov ölüm hökmü əvəzinə belə cinayətlərlə mübarizə tədbirlərinin genişləndirilməsini təklif edib. O, mümkün tədbirlər arasında kimyəvi və cərrahi kastrasiyanı, bu şəxslərin məktəblərdən və digər təhsil ocaqlarından 10 kilometr radiusda yaşamasının qadağan edilməsini, həmçinin uşaqlara qarşı cinsi cinayət törətmiş şəxslərin açıq reyestrlərinin dərcini göstərib.
Hələ 2022-ci ildə Özbəkistan prezidenti Şavkat Mirziyoyev ölüm hökmünün bərpasına qarşı çıxaraq, bu qadağanın ölkənin Əsas Qanununda təsbit olunmasını təklif etmişdi. Nəticədə, 2023-cü ildə Konstitusiyanın yeni redaksiyasında ölüm hökmünə rəsmən qadağa qoyulub. Konstitusiyanın 25-ci maddəsində bildirilir ki, yaşamaq hüququ hər bir insanın ayrılmaz hüququdur və respublikada ölüm hökmü qadağandır.
Ölkədə ölüm hökmü 2008-ci il yanvarın 1-dən ləğv edilib və bu cəza ömürlük və ya uzunmüddətli azadlıqdan məhrumetmə ilə əvəz olunub.