Nurayın atası: 'Fikrim var idi ki, uşağı xaricə aparım' [video]

Sizin brauzer HTML5-i dəstəkləmir

İşıq pulundan narazılar, Nuray və xalası ilə müsahibə... [Gündəlik xəbərlər. A-live]

10 yaşlı Nuray ağlayıb qışqırır ki, o, xalasıyla qalmaq istəyir, məhkəmə icraçıları isə təkid edir ki, uşaq atası ilə getməlidir. Quba şəhər məhkəməsinin 2012-ci il qərarına əsasən.

10 yaşlı Nuray: ‘Mənə elə gəlir ki, onlar cinayətkardırlar’

Bu video Facebook da geniş yayıldı və səs-küyə səbəb oldu. Biz bu barədə Nurayın və Ədliyyə Nazirliyinin də fikrini öyrənmişik, hələlik həmin videonu izləyək

Nuray Bayramzadə deyir ki, o stress keçirib, indi-indi özünə gəlir:

"Ağrıdan saçıma bir həftə daraq vura bilmədim. Qollarım işləmirdi. Qollarım ağrıyırdı. Ayaqlarım ağrıyırdı. Mənə elə gəlir ki, onlar cinayətkardırlar, məni elə sürümüşdülər ki özümə gələ bilmirdim”.

Buna da bax:​ Nurayın xalası yenidən məhkəməyə müraciət edəcək

"İcraçıların heç biri o sistemdə qalmamalıdır"

Hüquqşünas Ələsgər Məmmədli deyir ki, məhkəmə uşağın atasına verilməsi haqqında qərar versə belə, uşağın kiminlə yaşamağı seçmək hüququ var. Məhkəmə qərarını icra etmədiyinə görə qarşı tərəf məhkəməyə verilə bilər. Amma icraçılar canlı insanla əşya kimi davrana bilməz.

“Onu qışqırda-qışqırda, yalvarda-yalvarda, belə zorakılıqla aparmaq ciddi mənəvi işgəncədir. Bu isə məhkəmə qərarları icraçılarının hüquqi məsuliyyətini yaradır. Ədliyyə Nazirliyinin son açıqlaması göstərir ki, onlara hətta bəraət verib, hətta medal taxacaqlar, çünki onlar möhtəşəm bir icra həyata keçiriblər. Halbuki, onların heç biri o sistemdə qalmamalıdır. Onlar konkret olaraq öz səlahiyyətlərindən ciddi şəkildə çıxıblar, azyaşlı bir uşağın psixoloji travma almasına səbəb olublar, eyni zamanda bütün cəmiyyətin gözündə həmin dövlət qurumu barədə çox qəddar obraz formalaşdırıblar”.

Buna da bax:​ Komtə rəsmisi və deputat Qubada Nurayla görüşür

"Zor tətbiq edən məhkəmə işçiləri deyildi"

Ədliyyə Nazirliyi İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Faiq Qurbanov isə AzadlıqRadiosu-na deyir ki, zor tətbiq edən məhkəmə işçiləri deyildi:

“Bu əsasən iki qarşı tərəfin arasındakı konfliktdir. Uşağın atası cəhd edir ki, onu xalasının ərindən alsın. Qoparır və alır. Kadrdan bu aydın görünür. İcraçılar isə çalışırlar uşağa başa salsınlar, müəyyən qədər izah etsinlər ki, o dərk eləsin vəziyyəti. Amma daxili araşdırma gedir və mən o daxili araşdırmanın nəticələrini qabaqlamaq istəmirəm”.

"Nuray 9 aylıq olanda bacım vəfat edib"

Xalası Mehriban Eldarova deyir ki, Nuray indi özünü daha yaxşı hiss edir, xalasının müşayiəti ilə məktəbə gedir. Məhkəmə icraatı hələlik dayandırılıb. Mehriban Eldarova deyir ki, məhkəmə qərarının ləğv olunmasını istəyir.

Buna da bax:​ “Nurayın 10 yaşı var, işə yenidən baxıla bilər”

Xalasının danışdığına görə, Nuray 9 aylıq olanda bacısı vəfat edib. Bu vaxta qədər o, artıq boşanmışdı. 2012-ci ildə məhkəmə qərar çıxarıb ki, uşaq, atasına verilsin. Xalası deyir ki, bu müddət ərzində ata uşaqla maraqlanmayıb. Ədliyyə Nazirliyinin idarə rəisi Faiq Qurbanlı isə deyir ki, uşaq atadan gizlədilib.

Nuray deyir ki, atasına getmək istəmir:

“Mən ondan qorxuram. Bu hadisədən sonra daha çox qorxuram. Məhkəmədə uşaq vaxtı məndən soruşmuşdular ki, kiminlə qalmaq istəyirəm, dedim ki, mama ilə. Məhkəmə icraçılarına da dedim ki, mama ilə qalmaq istəyirəm”.

"Uşağı özümə adaptasiya edəcəkdim"

Buna da bax:​ Ədliyyə Nazirliyi məhkəmədə incidilən 10 yaşlı qızla bağlı məlumat yayıb

Atası Əvəz Bayramov isə mediaya müsahibəsində deyir ki, həmişə uşağa aliment göndərib, amma xalanın ailəsi bu pulu qəbul etməyib. Deyir ki, övladı onun üçün əzizdir və uşağını özü böyütmək istəyir. Əvəz Bayramov düşünür ki, qızı onu illərlə görməyib və atasına qarşı bu cür davranışı anlaşılandır.

O, APA TV -ə müsahibəsində deyir:

“Mən uşağımı alandan sonra 2-3 ay işdən möhlət alıb adaptasiya keçmək üçün psixoloqlarla, plan çərçivəsində uşağı özümə adaptasiya edəcəkdim. Bu zor gücünə alıb gətirmə olmayacaqdı. Fikrim var idi ki, uşağı ailəmlə birlikdə xarici ölkələrdən birinə aparım”.

Nuray deyir ki, arzusu vəkil olmaqdır. Ədalətli vəkil olmaq.