Həbsinə görə Ombudsmanı günahkar sayan Niyaməddin Aslanzadənin şikayəti üzrə Avropa İnsan Haqları Məhkəməsində kommunikasiya başlanıb. Məhkəmə bu işlə bağlı Azərbaycan hökumətinə sorğu göndərib.
N.Aslanzadə 7 ildir həbsdə olan jurnalist, xeberman.com saytının baş redaktoru Polad Aslanovun qardaşıdır. O, 2021-ci ilin avqustunda xırda xuliqanlıq ittihamı ilə həbs edilib.
N.Aslanzadə şikayətində göstərib ki, həmin ərəfədə qardaşı həbsdə aclıq aksiyası keçirdiyi və bu üzdən qardaşının durumu pisləşdiyi üçün Ombudsman Aparatına dəfələrlə zəng edərək qurum əməkdaşlarının P.Aslanova baş çəkmələrini istəyib. Cəhdləri nəticəsiz qaldığından sonuncu zəngində həbsdə hüququ pozulan şəxsə laqeyd münasibətə görə qurum əməkdaşlarını tənqid edib.
Ardından N.Aslanzadə haqqında Daxili İşlər Nazirliyinə şikayət olunub. Onun Ombudsman Aparatı əməkdaşlarını təhqir etdiyi bildirilib. Bu iddianı araşdırmaqdan ötrü şikayət məktubu polis idarəsinə göndərilib. N.Aslanzadə Nərimanov rayonu, 18-ci polis bölməsinə çağrılıb və şikayət ilə bağlı ondan açıqlama alınıb.
Üstündən bir müddət keçəndən sonra – sözügedən il avqustun 26-da N.Aslanzadə saxlanılıb və 18-ci polis bölməsində onun haqqında İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilib və o, hakim önünə çıxarılıb. Nərimanov rayon Məhkəməsinin qərarı ilə ona 5 sutka həbs cəzası verilib. Məhkəmə qərarında N.Aslanzadənin öz təqsirini etiraf etdiyi göstərilib. Ancaq N.Aslanzadə bu qərardan verdiyi apellyasiya şikayətində vurğulayıb ki, Ombudsman Aparatının əməkdaşlarını təhqir etməyib, etirafı barədə yazılanlar da doğru deyil: "Mən qardaşımın vəziyyəti ilə bağlı onların hərəkətsizliyini tənqid etmişəm".
N.Aslanzadə təhqir olunduğu iddia edilən şəxsin dindirilməsini, həmçinin özünün Ombudsman Aparatına zəng zamanı söylədiklərinin səs yazısının araşdırılmasını istəsə də, bu vəsatətlər təmin olunmayıb. Onunla bağlı həbs qərarını Apellyasiya Məhkəməsi də qüvvədə saxlayıb. N.Aslanzadə Avropa Məhkəməsinə üz tutub və ərizəsində İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) və 10-cu (ifadə azadlığı) maddələri ilə təminat verilən hüquqlarının pozulduğunu vurğulayıb. Bunu da əlavə edib ki, həbs olunarkən ailəsi ilə əlaqə saxlamasına, istədiyi vəkilin çağrılmasına imkan verilməyib.
Avropa Məhkəməsi şikayətdə göstərilən halları araşdırmaqdan ötrü Azərbaycan hökumətinə suallar göndərib.
Xatırlatma
xeberman.com saytının təsisçisi və baş redaktoru P.Aslanov 2019-cu il iyunun 12-də dövlətə xəyanət ittihamı ilə həbs olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 16 il həbs cəzası kəsilib. Ali Məhkəmə cəza müddətini 13 ilə endirib.
Cinayət işinin materiallarında iddia olunur ki, P.Aslanov İranın xüsusi xidmət orqanları ilə məxfi əməkdaşlıq edib, ölkədən kənarda onlarla gizli görüşlər keçirib, bilgilər ötürüb və bunun müqabilində pul alıb.
Sayt rəhbəri bu barədə yazılanların yalan olduğunu, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının ziyarətə zəvvarları aparan şəxslərdən rüşvət alması barədə yazılarına görə cəzalandırıldığını bəyan edib.
O, həbsdə olduğu 7 il ərzində hüquqlarının pozulduğunu əsas gətirərək bir neçə dəfə aclıq aksiyası keçirib.
Penitensiar Xidmət həbsdə olan şəxslərin hüquqlarının pozulması haqda iddiaları rədd edir və həbsxanalarda saxlanılanların hamısının qanunda nəzərdə tutulan hüquqlarının təmin olunduğunu vurğulayır.
İnsan haqları təşkilatları indi Azərbaycanda həbsdə 328 nəfər siyasi məhbus olduğunu açıqlayıb.
Rəsmilər, bir qayda olaraq, Azərbaycanda heç kimin sırf peşə fəaliyyətinə, siyasi motivlərlə həbs olunmadığını iddia edir və bildirirlər ki, adları həmin siyahılarda yer alanlar törətdikləri əmələ görə məsuliyyətə cəlb olunublar.