OCCRP: Azərbaycan qeydiyyatlı onlarla şirkət Rusiyanın 'kölgə donanması' tankerlərini idarə edir

Rusiyaya məxsus "Anatoli Kolodkin" neft tankeri Kubanın şimal-qərbindəki Matanzas limanına doğru irəliləyir.

Jurnalistlərin korrupsiya araşdırmaları layihəsi olan OCCRP Azərbaycanda qeydiyyatdan keçmiş 31 şirkətə aid korporativ sənədlər əldə edib. Həmin şirkətlərin Rusiyanın "kölgə donanması" tankerlərinin təhlükəsizlik idarəçiliyi ilə məşğul olduğu bildirilir. Həmin tankerlər beynəlxalq sanksiyalardan yayınaraq Rusiya nefti və digər neft məhsullarının ticarətini həyata keçirir.

Son iki ildə yeni yaradılmış bir sıra Azərbaycan şirkətləri onlarla neft tankerinin təhlükəsizlik idarəçiliyini səssizcə öz üzərinə götürüb. Söhbət Rusiyanın "kölgə donanması" əməliyyatlarındakı roluna görə Avropa İttifaqı (Aİ) və Böyük Britaniyanın sanksiyalarına məruz qalmış gəmilərdən gedir. Rusiyanın 2022-ci ildə Ukraynaya qarşı başladığı genişmiqyaslı işğala cavab olaraq Moskvanın ixrac əməliyyatları bu yolla məhdudlaşdırılıb.

Jurnalistlərin əldə etdiyi sənədlərə görə, 2023–2025-ci illərdə Azərbaycanda gəmilərin təhlükəsizlik idarəetməsi (ISM) ilə məşğul olan ən azı 31 şirkət qeydiyyata alınıb.

"Şəffaflıq zəifdir, nəzarət məhduddur"

OCCRP Azərbaycanın kommersiya hüquqi şəxslərinin reyestrindən ISM şirkətləri haqqında məlumatlar əldə edib. Bu məlumatlara həmin qurumların qeydiyyat tarixləri, qanuni nümayəndələri və hüquqi ünvanları daxildir.

"Equasis" beynəlxalq gəmiçilik reyestrinin məlumatları göstərir ki, sözügedən şirkətlər sanksiyalı gəmiləri ya qadağalardan öncə, ya da onların 2024–2026-cı illərdə qara siyahıya salınmasından sonra idarə ediblər. Hazırda bu şirkətlərdən yeddisi sanksiya tətbiq edilmiş gəmilərə xidmət göstərmir; onlar idarəçilik funksiyasını sözügedən 31 Azərbaycan şirkəti qrupuna daxil olan digər qurumlara ötürüblər.

Enerji və Təmiz Hava üzrə Tədqiqatlar Mərkəzinin (CREA) Avropa–Rusiya siyasəti üzrə rəhbəri İsaak Levi OCCRP-yə bildirib ki, ISM şirkətləri gəmiçiliyin "əməliyyat onurğa sütunu" hesab olunur. Onun sözlərinə görə, bu şirkətlərin sahibləri qeyri-şəffaf yurisdiksiyalara üstünlük verirlər, çünki belə yerlərdə anonimlik qorunur, şəffaflıq zəifdir və nəzarət məhduddur: "Bu amillər gəmini əslində kimin idarə etdiyini və ya ondan kimin mənfəət qazandığını gizlətməyi asanlaşdırır".

Azərbaycan gəmiləri sanksiya siyahısında

Qərb dövlətləri Ukraynada tammiqyaslı müharibə başlayandan bəri Rusiyaya qarşı sanksiyaları genişləndirib. Bu çərçivədə "kölgə donanması"nın bir hissəsi olan çoxsaylı neft tankerlərinə və qeyri-şəffaf Rusiya neft treyderlərinə sanksiyalar tətbiq edilir. Azərbaycan bu sanksiyalara qoşulmasa da, Ukraynanın ərazi bütövlüyünü rəsmən tanıyır.

Rusiya neftini daşıdığı iddiası ilə 2025-ci ildə Azərbaycanın beş gəmisinə sanksiya qoyulub. Bunlardan ikisi birbaşa Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə (ASCO) məxsusdur. Şirkətin birgə müəssisəsi olan "SA Maritime AFZECO" vasitəsilə sahib olduğu daha üç gəmi isə Aİ, Böyük Britaniya və Kanadanın sanksiya siyahılarına salınıb.

Aİ Gürcüstanın Kulevi limanını Rusiyaya qarşı yönəlmiş 20-ci sanksiya paketindən kənarda saxlayıb. Buna qarşılıq olaraq Tbilisi və SOCAR öz fəaliyyətlərini Brüsselin sanksiya tələblərinə tam uyğun şəkildə icra etmək barədə öhdəlik götürüblər.