Norveç ukraynalılara müvəqqəti kollektiv müdafiənin verilməsi qaydasını dəyişir. Söhbət 18-60 yaş arası kişilərdən gedir.
Hökumət saytında dərc olunan yeni qaydalara görə, onlar daha müvəqqəti yaşayış icazəsini sadələşdirilmiş qrup proseduru ilə avtomatik ala bilməyəcəklər. Qərar miqrasiya axınlarına nəzarətin vacibliyi ilə izah olunub.
Ukraynalı kişilər müdafiə üçün fərdi qaydada müraciət etməli, sığınacaq hüququnu əsaslandırmalı olacaqlar.
Hərbi xidmətdən sənədlə azad olunmuş, yaxud xidmətə yararsız sayılanlar, ölkədə yaşayan uşaqlar üçün tam məsuliyyət daşıyanlar üçün istisnalar nəzərdə tutulur.
Dəyişikliklər artıq Norveçdə olanlara şamil edilməyəcək.
Rusiya 2022-ci il fevralın 24-də Ukraynaya qarşı genişmiqyaslı işğala başlayandan ölkədə hərbi vəziyyət və səfərbərlik elan olunub. Hərbi çağırış yaşında olan kişilərin ölkədən çıxışı məhdudlaşdırılıb. 2024-cü ildə çağırış yaşı 27-dən 25-ə endirilib. "The Washington Post" yazıb ki, ABŞ müttəfiqləri səfərbərliyin 18 yaşdan tətbiq olunmasında israr edirlər.
Avropa İttifaqı (Aİ) ölkələrinə təxminən 4.7 milyon ukraynalının sığındığı bildirilir, onlar üçün müvəqqəti müdafiə mexanizmi nəzərdə tutulub. Bu mexanizmin müddəti 2027-ci ilin martında başa çatır. Aİ-nin bəzi üzvləri artıq yardım proqramlarını azaltmağa başlayıblar. Məsələn, Almaniyada ukraynalı qaçqınlar üçün ən böyük sığınacaq bağlanır, Çexiya sosial güzəştləri ixtisar etməyi planlaşdırır. Bu arada "Eurostat"ın məlumatına görə, getdikcə daha çox ukraynalı Aİ-yə sığınacaq üçün üz tutur.