Belçika 2025-ci ildə ukraynalı qaçqınlara müvəqqəti sığınacaq vermə qaydalarını sərtləşdirib. Yetkin ukraynalılara bu status sosial ödənişlərlə birgə verilir. Amma 2022-ci il fevralın 24-dən, yəni Rusiyanın təcavüzkar müharibəsi başlayandan sonra doğulanlar, əsasən, status ala bilmirlər. Onların müharibə başlayanadək Ukraynada yaşamadığı əsas gətirilir.
Belə ailələr çətin prosedurdan keçməli olurlar, məsələn, onlardan gəlirləri haqda sənəd istənilir ki, bu sənəd də adətən olmur. Qoruma ala bilməyən uşaqlar isə Belçikada tibbi sığortasız qalırlar, deportasiya riski ilə üzləşirlər. AzadlıqRadiosunun jurnalistləri Belçikadakı belə ailələrlə danışıblar.
İmtina alan ukraynalıların sayı artır
Rəsmi məlumata görə, hazırda Belçikada 93 minə yaxın ukraynalı qaçqın yaşayır. Çoxusu durumundan məmnundur, müharibədən sonra da bu ölkədə qalmaq istəyir.
Amma qaçqınlar deyirlər ki, Belçika sığınacaq istəyənlərə sərt yanaşır. Ötən ilin ilk 10 ayında 2 min 380 ukraynalıya imtina verilib, bir il öncə bu say 883 idi.
Ən sərt kriteriya ukraynalı qaçqınların müharibə başlayanadək Ukraynada daimi yaşamasıdır. Elə yaşı 4-dən az uşaqlara müvəqqəti qoruma verilməməsinə əsas səbəb də budur.
"Çox həyəcanlıyam, stress vəziyyətindəyəm. Ukraynada da stress içindəydim, burada da narahatam ki, uşağımın heç bir müdafiəsi yoxdur", – Zaporojyedən Yana Xolodna radioya danışır. O, övladının tibbi sığortası, heç bir sənədi olmadığını deyir.
Yana Zaporojyedən ötən ilin noyabrınadək çıxıb. Cəbhə xətti yaxınlaşır, şəhərin üzərində Rusiya dronları dövrə vururmuş. O, ikiyaşlı oğlu Semyonla Belçikaya yollanır.
Aya 2 min 550 avro qazanmaq
Yanaya 2027-ci ilin martınadək müvəqqəti sığınacaq verilib. Üçyaşlı oğlu isə imtina alıb, onun müharibə başlayanadək Ukraynada yaşamadığı deyilib. Uşağın Belçikada qalmasını ailələrin birləşdirilməsi prosedura ilə leqallaşdırmaq təklif olunub. Amma bundan ötrü Yana oğlunu təmin edəcək gəliri haqda sənədlər göstərməlidir.
"Belçikaya gəlmiş gənc anayam, heç dil bilmirəm... İşə düzəlib minimum gəlir əldə edə bilmərəm", – Yana danışır.
Dediyinə görə, bələdiyyədə ona deyilib ki, gərək aya 2 min 550 avro qazansın: "Başqa yol da təklif etmirlər, ya belə olmalıdır, ya da heç cür".
"Belə çıxır, müharibə başlayandan sonrakı dövr yoxdur? Doğmamalıydım? Bunu necə izah etmək olar?", – ana sual edir.
Yananın çox vaxtı qalmayıb. Aİ-yə gələndən sonra vizasız 90 gün ərzində gərəkən sənədləri yığmalıdır.
Hələlik, yerli orqanlar ailənin ərizəsinə baxır deyə, Yana deportasiya olunmayacaq. Amma uşağın ailəsi ilə birləşdirilməsi prosedurandan imtina olunsa, onda sənədə tarix yazılır və o müddətədək Semyon Belçikadan çıxmalıdır.
Bəzi ukraynalılar belə halda imtina alandan sonra apellyasiya veriblər və bu müddətdə ölkədə qalıblar. Bəziləri isə qərarı gözləməyib Ukraynaya qayıdıblar.
"Təcili siyasi reaksiya" çağırışı
"Promote Ukraine" ictimai təşkilatından bildirirlər ki, belçikalı rəsmilər ukraynalılara sığınacaq verilməsi təlimatını təhrif edə bilər.
"Müvəqqəti sığınacağı avtonom fövqəladə rejim kimi tətbiq etmək əvəzinə Belçika qanunvericiləri onu adi miqrasiya hüququ məntiqinə salıblar. Bu isə yeganə administrasiya səhvi deyil, körpələri hüquqi boşluqda buraxır, ailələrin birliyinə zərbə vurur", – qurumun təsisçisi Marta Barandiy deyir. O, belçikalı məmurları və deputatları təcili siyasi reaksiya verməyə çağırıb.
Belçika miqrasiya xidmətindən AzadlıqRadiosuna bildirilib ki, müharibə başlayandan sonra doğulmuş uşaqlarla bağlı vəziyyəti öyrənirlər.
Aİ-nin ukraynalılar üzrə xüsusi təmsilçisi də durumu təhlil etmək vədi verib.
"Bu vəziyyətlə tanış deyildim, təəccübləndim. Əlbəttə, bu uşaqlar müdafiə olunmalıdır, əgər valideynləri, anası qoruma altına düşürsə. Bu məsələni öyrənməliyəm", – İlva Yoqansson AzadlıqRadiosuna deyib.