Sentyabrın 29-da neftin qiyməti ardıcıl ikinci gün yüksəlib. "Brent" markalı neftin fyuçersləri 63 sent, yaxud 0.6 faiz bahalaşaraq bir bareli 105.91 dollara çatıb. ABŞ-nin "West Texas Intermediate" (WTI) markalı nefti isə 72 sent, yaxud 0.8 faiz dəyər qazanaraq 93.32 dollar olub. Sonradan artım tempini davam etdirən qiymətlər səhər ticarətində "Brent" üçün 106.77 dollara, WTI üçün isə 93.94 dollara yüksəlib.
"Kpler" analitik şirkətinin ilkin məlumatlarına görə, Yaxın Şərqin əsas neft istehsalçılarının xam neft ixracı sentyabrda gündəlik 12.8 milyon barelə çatıb. Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən daşımaların artması hesabına bu göstərici fevraldan bəri ən yüksək səviyyəyə yüksəlib.
Lakin ixracın bərpası əsasən ənənəvi daşınma marşrutları ilə deyil, neftin bir gəmidən digərinə köçürülməsi kimi daha bahalı alternativ üsullarla mümkün olub. Ümumilikdə, Yaxın Şərqdən ixrac hələ də müharibədən əvvəlki səviyyədən aşağıdır. ABŞ-İran münaqişəsi və Hörmüz boğazı ətrafındakı qeyri-müəyyənlik neft qiymətlərini yüksək həddə saxlamağa davam edir.
28 sentyabr
Danışıqlar dalana dirəndi, neft bahalaşdı
Sentyabrın 28-də "Brent" markalı neft 3 faizdən çox bahalaşıb. Bundan əvvəl ABŞ prezidenti Donald Tramp İranın münaqişəyə son qoymaq və Hörmüz boğazını yenidən açmaq üçün irəli sürdüyü sülh planını rədd edib.
"Brent" markalı neftin fyuçersləri 3.43 dollar (3.29 faiz) bahalaşaraq bir barel üçün 107.75 dollara çatıb. ABŞ-nin WTI (Qərbi Texas) nefti isə 2.14 dollar (2.32 faiz) dəyər qazanmaqla 94.55 dollara yüksəlib. Sonuncunun qiymətinə təsir göstərən əsas amil ABŞ-nin rekord həddə çatan daxili dizel qiymətlərini azaltmaq üçün dizel ixracını qadağan edə biləcəyi ehtimalıdır. Belə bir qadağa ölkədə neft emalı həcmini azalda bilər.
ANZ bankının təhlilçilərinə görə, ABŞ-də dizelin rekord qiyməti inflyasiya riskini artırır və ixraca mümkün məhdudiyyətləri yenidən gündəmə gətirir.
İran ötən həftə Nyu-Yorkda, BMT Baş Assambleyasında sülh təklifini açıqlayıb, planın Qətər vasitəçiləri ilə amerikalılara çatdırıldığını bildirib. Tramp şənbə günü təklifi rədd etsə də, bazar günü "Axios"a telefon müsahibəsində ABŞ nümayəndələrinin bu həftə danışıqları davam etdirəcəyini gözlədiyini söyləyib.
Bu arada, sentyabrda Yaxın Şərqin əsas neft istehsalçılarının xam neft ixracı gündəlik 12.8 milyon barelə yüksəlib. Bunu "Kpler" şirkətinin bu gün – sentyabrın 28-də açıqladığı ilkin məlumatlar göstərir. Bu, fevralda müharibə başlayandan bəri ən yüksək göstəricidir. Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri də ixracı artırıb.
İxracdakı bu artım Hörmüz boğazı vasitəsilə daşımalar bərpa olunduqdan sonra başlayıb. Bu ay boğazdan keçən neftin həcminin gündəlik təxminən 7.4 milyon barelə çatacağı gözlənilir. "Şərq-Qərb" boru kəmərinə hücumlardan sonra Səudiyyə Ərəbistanı ixracın bir hissəsini Qırmızı dənizdəki Yanbu limanından ölkənin şərqində yerləşən Ras-Tannura limanına yönəldib.