26 il əvvəl - 1991-ci il oktyabrın 18-də Azərbaycanın ali soveti – indiki parlamenti “Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul etdi. Azərbaycan SSRİ-nin tərkibindən çıxaraq, öz dövlət müstəqilliyini bərpa etdi.
Bu sənədin müəlliflərindən biri, aktın qəbulunda iştirak edən Azərbaycan Milli İstiqlal Partiyasının sədri Etibar Məmmədov həmin anları xatırlayır. Deyir ki, o vaxt onun da, həmkarlarının da ürəyində bir arzu vardı: Müstəqil, demokratik Azərbaycan görmək:
Buna da bax: Azərbaycanda Dövlət Müstəqilliyi günüdür
“Mən bu gün Azərbaycanın daxili-ictimai siyasətini daha rahat, daha mülayim görmək istəyərdim. Nəinki bu gün Azərbaycanda olan qütbləşmiş, siyasətləşmiş durumu. Başqa təəssüf doğuran məqam 18 Oktyabr-a olan münasibətdir. Televiziyalara baxıram, bu gün haqda nə bir xəbər, nə bir veriliş var. Bu bayramı bəziləri yadlaşdırmağa çalışır. Amma buna nail ola bilməyəcəklər, çünki bu gün insanların ürəyində, qəlblərində dövlət müstəqilliyinin bərpası günün kimi qalır və qalacaq”.
Biz bu günkü verlişimizdə 26 il öncə bərpa olunan dövlət müstəqilliyinə təhdidlərdən danışacağıq. Bu günün tarixi, pərdəarxası və digər məqamları daha ətraflı saytımızda tanış ola bilərsiz.
Etibar Məmmədov Azərbaycan dövlət müstəqilliyinə hər hansı təhdid görmür. Amma onunla birlikdə müstəqillik aktının qəbulunda iştirak etmiş Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər düşünür ki, Azərbaycana təhdidlər qalır:
Buna da bax: Müstəqillik Aktının qəbulu anbaan burada [Infoqrafika]
“Çox ciddi təhdidlər qalır. İlk növbədə Moskvadan. Çünki Kremlin siyasəti bütün bu əraziləri, postsovet məkanını nəzarətdə saxlamaqdır. Başqa da təhdidlər var. Hər halda faktdır ki, Ermənistan Rusiyanın dəstəyi ilə Azərbaycanın müəyyən ərazisini işğal altında saxlayır. Digər təhdidlər də var və bütün bunlar Azərbaycanın müstəqilliyinə, həm ərazi bütövlüyünə, həm də suverenliyinə olduqca ciddi təhdidlərdir”.
Biz bu suala hakim Yeni Azərbaycan Partiyasından da cavab almağa cəhd etdik. Lakin əlaqə saxladığımız YAP-çı deputatlar müxtəlif əsasları gətirərək, bu haqda danışmaq istəmədilər.
Buna da bax: 2,9 milyard dollar və 'Azərbaycanın pulyuyan maşını' (Jurnalist araşdırması)
Hakimiyyətin siyasi kursunu müdafiə edən millət vəkili Zahid Orucsa düşünür ki, Azərbaycan ötən 26 ildə öz müstəqilliyini daha da gücləndirib:
"Biz regionda öz dövlətini müəyyən qüvvələrin marağından qoruyub saxlaya bilən yeganə ölkəyik. Gürcüstanı xristian adası kimi Qərb, Ermənistanı isə xristian adası kimi rus ələ keçirib. Bu dövrdə Azərbaycan nə Rusiyanın Qərb əleyhinə, nə də əksinə Qərbin Rusiya əleyhinə planına yaxın düşməyib. Bundan başqa müstəqilliyin əsas komponenti iqtisadi oturuşma, iqtisadi təminatdır. Bu cəhətdən də Azərbaycan xeyli uğurlar qazanıb”.
Zahid Oruc əlavə edir ki, Cənubi Qafqaz regionuna olan maraq Azərbaycanın öz müstəqilliyini qoruyub, saxlamasını hər zaman çətinləşdirir.
Buna da bax: Müsavatçılar: 'Qərargaha gələnləri polislər sorğu-sual etməyə başlayıb'
Bəs, Bakı sakinləri nə fikirləşir. Azərbaycanın müstəqilliyinə təhlükə yenə qalırmı?
Sizin brauzer HTML5-i dəstəkləmir
1991-ci ilin martında Azərbaycan Ali Sovetinin az qala 90 faizi Sovetlər Birliyinin tərkibində qalmağa, başqa sözlə müstəqilliyin əleyhinə səs vermişdi. Bəzilərinin hələ də yüksək vəzifədə qaldığı həmin deputatlar kimlər idi? 1991-ci ilin “müstəqillik səlnaməsi”ni daha ətraflı saytımızda oxuyun.
Sizin brauzer HTML5-i dəstəkləmir