Rusiya miqrantların sayını azaldır — DİN Putinə hesabat verdi

Andrey Kikot və Vladimir Putin

Rusiyanın daxili işlər nazirinin birinci müavini Andrey Kikot prezident Vladimir Putinə miqrantların işləməyən ailə üzvlərinin sayını azaltmaq üçün görülən tədbirlər barədə məlumat verib. Bu görüşün mətni Kremlin rəsmi saytında yerləşdirilib.

Kikot bildirib ki, 1 yanvar 2027-ci ildən Rusiyada yeni qanun qüvvəyə minəcək. Həmin qanuna görə, işləyən miqrantlar onlarla qalan və işləməyən qohumları üçün vergi ödəməli olacaqlar. Nazir müavini bu addımın dövlətin miqrasiya siyasətinə uyğun olduğunu və xarici işçilərin işləməyən ailə üzvlərinin sayını azaltmaq məqsədi daşıdığını vurğulayıb.

Kikot qeyd edib ki, hazırda Rusiyada təxminən 3 milyon əmək miqrantı və onların 1.7 milyona yaxın ailə üzvü yaşayır. Bununla yanaşı, Kikotun sözlərinə görə, miqrant uşaqlarının Rusiya məktəblərinə qəbuluna qoyulan məhdudiyyətlər sayəsində əcnəbilərin işləməyən qohumlarının sayı artıq 20 faizə yaxın azalıb.

Kikot digər miqrasiya tədbirlərindən də danışıb. O bildirib ki, Daxili İşlər Nazirliyi işəgötürənlərin yoxlanılmasını iki dəfə artırıb, altı ay ərzində 100 minə yaxın əcnəbini ölkədən çıxarıb və 200 minə yaxın şəxsin ölkəyə girişinə qadağa qoyub. Bundan başqa, nazirlik miqrasiya pozuntularını sərhəd, işəgötürən və kamera məlumatlarını süni intellektlə təhlil edərək aşkarlayacaq yeni mərkəz yaradır.

Sizin brauzer HTML5-i dəstəkləmir

Rusiya azərbaycanlılar üçün qaydaları sərtləşdirir: 'Rüşvət istəyəcəklər'

Bundan əvvəl mediada Mərkəzi Asiyadan Rusiyaya işləməyə gələnlərin sayının azalmaqda davam etdiyi barədə məlumatlar yayılmışdı.

Tacikistan vətəndaşlarının törətməkdə ittiham olunduğu 2024-cü il "Krokus Siti Holl" terrorundan sonra Rusiya miqrasiya nəzarətini sərtləşdirib. Ölkə boyu reydlər keçirilir, yoxlamaların və deportasiyaların sayı artıb. Bir çox regionlarda miqrantların bəzi sahələrdə işləməsi məhdudlaşdırılıb, patentlərin qiyməti isə qaldırılıb.

Hüquq müdafiəçiləri isə Mərkəzi Asiya vətəndaşlarının Ukraynadakı müharibəyə cəlb olunduğunu da bildirirlər.