'Gözəl üzlü, gözəl gözlü' aktrisa dünyadan köçdü

Michèle Morgan

Ötən əsrin ən gözəl aktrisalarından olan Mişel Morqan (Michèle Morgan) 96 yaşında dünyadan köçüb.

Mişel Morqan 1920-ci il fevralın 29-da Fransada doğulub.

17 yaşından kinoda çəkilməyə başlayıb. 18 yaşında əfsanəvi aktyor Jan Qabenlə çəkildiyi film ona şöhrət gətirib. 26 yaşında Kann festivalının prizini qazanıb.

Buna da bax:​ Kasıb italyan mühaciri Al Pacino necə Maykl Karleone ola bildi...

Daha sonra “Yeni dalğa” təmsilçiləri-Klod Şabrol və Klod Lelüşün filmlərində oynayıb. Aktrisa 60-dan çox filmdə çəkilib. Bu filmlər ona “Qızıl şir”, “Sezar” və başqa prizlər qazandırıb.

Aktrisa Fransanın milli simvolu (Marianne) sayılıb. Hətta 1997-ci ildə Fransada onun adını daşıyan qızılgül sortu (Delsamros) yetişdirilib.

Buna da bax: Marcello Mastroianni - filmdə uğurlu, sevgidə uğursuz aktyor

Mişel Morqan Fransanın Fəxri Legion Ordeninə layiq görülüb. Onun adı Hollivudun “Ulduzlar xiyabanı”na da həkk olunub.

Əfsanəvi aktrisa dekabrın 23-də Parisin məşhur Monparnas məzarlığında dəfn ediləcək.