Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 08:01

Kasıb italyan mühaciri Al Pacino necə Maykl Karleone ola bildi...


Al Pacino ona dünya şöhrəti gətirmiş Michael Corleone rolunda.
Al Pacino ona dünya şöhrəti gətirmiş Michael Corleone rolunda.

Əgər 60-70-ci illərdə, dünya kino ulduzları deyiləndə (kişi ulduzlar) Alain Delonun, Jean-Paul Belmondonun, Marcello Mastroianninin – qısası, daha çox avropalı aktyorların adları çəkilirdisə, hətta amerikalı aktyorların səviyyəsi Avropa filmlərində iştiraklarına əsasən müəyyənləşdirilirdisə, 80-90-cı illərdə tamaşaçı zövqü “qitə dəyişmişdi”. Daha doğrusu, Avropa kinematoqrafiyasında yaşanan yaradıcı böhran, Amerika kinosunda isə müəllif kinosunun inkişafı yeni kinokumirlər meydana çıxartmışdı. Belələrindən biri də italyan mənşəli aktyor Al Pacino idi.

Alfredo James Pacino – Al Pacino təkcə çox istedadlı, böyük aktyor deyil, eyni zamanda həyatını sözün həm hərfi, həm də rəmzi mənasında sənətə həsr eləmiş insandı. Bir sözlə, Al Pacino “Amerikan arzusu”nun ən bariz nümunələrindən biridi. O, “pul, ya da sənət” seçimi arasında qalanda heç düşünmədən sənəti seçmişdi. İlk gündən aldığı təkliflərə qarşı diqqətli olmuşdu və nəticədə bütün karyerası boyu cəmü-cümlətanı 17, ya 19 filmdə çəkilmişdi. Müəllimi Lee Strasberg onun haqqında “ Pacino göstəri yox, hisslər aktyorudu, öz personajlarını oynamır, onlar olur. O, ailəsiz, zahid həyatı keçirən, evinə və ürəyinə çox az adamı buraxan insandır”, - demişdi.

Ancaq gəlin, xronoloji ardıcıllığı pozmayaq...

Buna da bax: Marcello Mastroianni - filmdə uğurlu, sevgidə uğursuz aktyor

“Heç vaxt yükdaşıyan olmaram”

Alfredo James Pacino – 1940-cı ilin 25 aprelində Nyu-Yorkda, Manhettenin Şərqi Harlem məhəlləsində italyan mənşəli amerikalılar Rosa və Salvatore Pacinoların ailəsində anadan olmuşdu. Rosa ilə Salvatore çox gənc yaşlarında – Rosanın 20, Salvatorenin 17 yaşı -evlənmişdilər və Al-ın iki yaşı olanda ayrılmışdılar. İlk vaxtlar Al atasının yanında qalırdı. Amma Salvatore hərbi xidmətə gedəndə anası uşağı öz yanına- valideynlərinin evinə aparır. O vaxtdan evi tərk eləyənə qədər Al, Cənubi Bronksda, nənə və babasının himayəsində böyüyür.

Balaca Alfredo həddindən artıq həssas uşaq idi. Buna görə də nənəsi onu yeddi yaşına qədər evdən bayıra buraxmamışdı. Oğlan yalnız axşamlar işdən qayıdan anası ilə birlikdə kinoteatra gedir, gündüzlər də baxdığı filmlərin süjetini nənəsinə danışırdı. Onların balaca mənzilində doqquza yaxın adam yaşayırdı.Rosa həmişə oğlunun küçənin mənfi təsirinə düşəcəyindən qorxurdu, buna görə də Bronksun təhlükəli küçələrində gəzməyə icazə vermirdi. Al sonralar anasının bu qərarını minnətdarlıqla xatırlayacaqdı, çünki uşaqlıq dostlarının əksəriyyəti narkotikə, içkiyə, ya da cinayətə qurşanaraq həyatlarını vaxtından əvvəl bitirmişdilər.

Amma ona hələ vardı. Hələlik Alfredo məktəbə getməyi sevmirdi, tez-tez cəza alır, dostları ilə bir problemdən qurtulub o birini tapırdı. Məktəbə getməyinin yeganə səbəbi teatr idi. Al orda səhnələşdirilən hər tamaşada canla-başla iştirak edirdi. Onun qeyri-adi istedadını görən dram dərnəyinin rəhbəri Rosaya oğlunu Tətbiqi Sənətlər məktəbinə göndərməyi məsləhət görür. Rosa aktyorluğun varlılar üçün olduğunu desə də, müəllimin məsləhətinə əməl etmək qərarına gəlir.

Cənubi Bronksda yerləşən “Elsmer” teatrında Çexovun “Qağayı” tamaşasını izləyən Al Pacino da anasının qərarı ilə həvəslə razılaşır.

Amma Alfredo bu məktəbdə cəmi iki il oxuya bilir, ailəsi çox kasıb olduğundan məktəbdən çıxıb iş axtarmağa məcbur qalır. O, fermer mağazasında qırmızı və yaşıl pomidorları bir-birindən ayırır, meyvə tərəvəzləri silir, satıcı, kuryer işləyir, köşklərə qəzet paylayır, mebel daşıyır. Aktyor həmin günləri xatırlayanda “Heç vaxt yükdaşıyan olmaram. Bir vaxtlar bu işi görmüşəm, mebel daşımışam. Ağır işdi. Bir də heç vaxt istəmirəm”, deyir.

Ancaq səhnə, aktyorluq onun qəlbində özünə möhkəm yer eləmişdi. Alfredo həm aktyorluq kursları üçün pul toplayır, həm də Nyu-Yorkda saysız-hesabsız olan zirzəmi tamaşalarında səhnəyə çıxır. Yetərli qədər pul toplayanda Lee Strasbergin kursuna imtahan verir, amma kəsilir. Bununla belə cəhdlərindən əl çəkmir, Herbert Berghofun studiyasına qəbul olunur və orda Charles Laughtonla tanış olur. Laughton onun ömürlük müəlliminə və yaxın dostuna çevrilir.

Amerikalı rejissor Lee Strasberg və Al Pacıno.
Amerikalı rejissor Lee Strasberg və Al Pacıno.

Aktyorluq onun vaxtını alırdı və Al seçim qarşısında qalır: aktyorluq, yoxsa iş. O, tərəddüd etmədən birincini seçir. Bu seçim ona baha başa gəlir: kirayə haqqını ödəmədiyinə görə qaldığı evdən qovulur, park skamyalarında yatır, soyuq havalarda isə ya teatrda, ya da dostlarının dəhlizində gecələyir.

“Tez-tez yatmağa yer tapmırdım. Hərdən teatrda, hərdən də dostlarımın evində qalırdım. Hərdən o dostlar qadınlar olurdu və bu pis deyildi”, - Al Pacino gənclik illərini belə xatırlayır.

Dörd ildən sonra Pacino təkrar Strasbergin studiyasında dinləmələrdə iştirak edir və dərhal qəbul olunur. Bu ərəfədə leykemiyadan əziyyət çəkən anası vəfat edir. Bir il sonra isə çox sevdiyi babası da dünyasını dəyişir. Al Pacino yaxınlarının itkisini unutmaq üçün özünü tamamilə işinə verir, hətta stand-upla məşğul olur. Bir dostu ilə birlikdə öz yazdıqları gülməli səhnəcikləri oynayır, sonra da şlyapalarını tamaşaçılara uzadırdılar.

Yavaş-yavaş onu ciddi tamaşalara dəvət edirlər. Alfredo qonorar almağa başlayır, maddi vəziyyəti qismən düzəlir. 1966-cı ildə teatr tənqidçilərinin diqqətini cəlb eləyir, iki il sonra isə “ən yaxşı rola görə” “Obi” teatr mükafatına, 1969-cu ildə Brodvey səhnəsində “Pələng qalstuk taxırmı?” tamaşasındakı roluna görə “Toni” mükafatına layiq görülür. Təbii ki, belə bir uğur Hollivudun nəzərindən yayına bilməzdi. Pacino kinoya dəvət alır.

Buna da bax: Soyuq cazibəli ingilis - Jude Law

“O, nə vaxt oynamağa başlayacaq?”

Al Pacinonoya uğur gətirmiş ilk filmlərindən birir "Nidl parkda panika filmi" (1971).
Al Pacinonoya uğur gətirmiş ilk filmlərindən birir "Nidl parkda panika filmi" (1971).

Kinoda ilk böyük işi “Nidl parkda panika” filmi olur (bu rol üçün De Niro da sınaqdan keçirlir, lakin rejissor Al Pacinonu seçir). Bu filmdə narkoman rolunu canlandıran Al Pacino personajını dərindən tanışmaq məqsədilə tərəf müqabili ilə birlikdə narkomanlar üçün reabilitasiya mərkəzlərinə, klinikalara baş çəkirdi.

Film gənclərin sevimlisinə çevrilir.

Amerikadakı italyan mafiyası haqqında böyük bir layihənin üzərində işləyən Francis Ford Coppola da Al Pacinonu bu filmdə görüb bəyənir və baş rola dəvər eləyir.

Prodüserlər hər vəchlə Coppolanı fikrindən daşındırmağa çalışırlar. Robert Redford, Warren Beatty kimi ulduzları, Robert de Nironu sınaqlara çağırırlar. Ancaq Coppola təkcə Al Pacinonu “istəyirdi”. Sınaq çəkilişlərinin materiallarına baxan prodüserlər rejissordan təkrar-təkrar eyni şeyi soruşurdular: “O, nə vaxt oynamağa başlayacaq?” Onlar yalnız Maykl Karleoninin polis komissarını öldürdüyü epizoddan sonra Coppolanını seçimində yanılmadığını anlayırlar. Al Pacino bu epizodda öz personajının keçirdiyi qarışıq duyğuları sadəcə baxışları ilə çatdıra bilmişdi. Al Pacino sükutu on monoloqa bərabər olan bir aktyorlardan idi və “Xaç atası” ona şöhrətin qapılarını açmışdı. Amerikalı kino tənqidçisi Leonard Moltina “Əgər Al Pacino Maykl Karleonidən başqa rol oynamasaydı belə, kino tarixində həmişəlik qalardı” yazırdı. Aktyor “Xaç atası”ndakı roluna görə “Oskar”a manizəd olur, ancaq mərasimi boykot eləyir. Boykotun səbəbi ikinci plandakı rola görə mükafata namizəd göstərilməyi idi. O, Marlon Brandonun yox, öz personajının baş rol olduğuna əmin idi. Bununla belə, “Oskar”ı o yox, “ən yaxşı aktyor” nominasiyasında Marlon Brando qazanır. Maraqlıdı ki, Brando da mərasimi boykot eləyir. Amma onun səbəbi daha əsaslı və ictimai xarakter daşıyırdı.

“Xaç atası” filmi bu gün də kino tarixinin ən uğurlu kommersiya layihələrindən biri hesab olunur – altı milyonluq büdcə ilə çəkilən film istehsalçılarına yarım milyard dollar gəlir və əbədi şöhrət gətirmişdi.

Al Pacino kariyerasının əvvəllərində "Pablo Hummelin bəsit məşqləri" filmində, 1971-ci il.
Al Pacino kariyerasının əvvəllərində "Pablo Hummelin bəsit məşqləri" filmində, 1971-ci il.

1973-cü ildə Pacino Gene Hackmanlə birlikdə çəkildiyi “Uyuq” filmindəki roluna görə Kann festivalının “Qızıl palma budağı”na layiq görülür.

1974-cü ildə “Xaç atası”nın ikinci hissəsində çəkilən Pacino yenə də “Oskar”a namizəd olur – bu dəfə baş rola görə. Film “ilin ən yaxşı filmi” nominasiyasında qalib gəlsə də, Al Pacino yenə “oskar”sız qalır.

1975-c ildə çəkildiyi “Dözülməz günorta” (rej.Sidny Lumet) filmi ona üçüncü “oskar” namizədliyini gətirir, amma yenə nəticəsiz. Və bu hal düz yeddi dəfə təkrarlanır. Hətta təqdimetmə mərasimlərinin birində isə “Oskar” Al Pacinonun oynamaqdan imtina etdiyi rola görə – “Kramer Kramerə qarşı” filmində - Dustin Hoffmana verilir.

80-ci illərin əvvəllərində Al Pacinonun yaradıcılığında qara zolaq başlayır, oynadığı filmlər prokatda uğursuzluqla üzləşir. 1985-ci ildə “İnqilab” filminin uğursuzluğundan sonra Al Pacino ekranları tərk edir və dörd il heç bir filmdə çəkilmir. Hamı onun kinokaryerasının bitdiyini, bir də ekranlara qayıtmayacağını düşünürdü. Daha studiyalardan dəvət almayan aktyor içməyə başlayır.

“Bir gün hiss elədim ki, içmək və çəkmək daha çox xoşuma gəlir, nəinki işləmək. Həmin anda köməyə ehtiyacım olduğunu anladım və anonim alkoqoliklər cəmiyyətinə müraciət elədim” deyən Al Pacino dostlarının da yardımları ilə tədricən özünə gəlməyə başlayır və 1989-cu ildə “Sevgi dənizi” trilleri ilə ekranlara qayıdır. Film həm tamaşaçılar, həm də kino tənqidçiləri tərəfindən rəğbətlə qarşılanır və aktyor Hollivudda itirdiyi nüfuzunu bir anda geri qazanır.

“Xaç atası” filminin üçüncü hissəsi isə onun taxtını həmişəlik möhkəmləndirir. Birinci filmdə 35 min dollar qonorar alan Al Pacino bu dəfə yeddi milyon tələb eləyir və beş milyon alır.

1992-ci ildə isə Al Paçinonun “Oskar” savaşı da başa çatır. “Qadın ətri” filmində oynadığı kor hərbçi roluna görə səkkizinci dəfə “Oskar”a namizəd olan aktyor, nəhayət ki, mükafatı alır. Deyilənə görə, bu filmdə Al Paçino çəkilişlərdə, həqiqətən, kor olub. Daha doğrusu, o, baxışlarını elə fokuslayırmış ki, ətrafdakıları görmürmüş.

Bundan sonra aktyorun çəkildiyi filmlərin, demək olar ki, hamısı uğurlu olur. O qədər ki, hətta Keanu Reeves “İblisin vəkili” filmində Al Pacino ilə tərəf müqabili olmaq üçün qonorarının yarısından imtina eləyir.

“Chicago Sun Times” qəzeti Al Pacinonun sözügedən rolu haqqında “Pacino İblis rolunu vəcdə keçən bir həzlə oynayır” yazırdı.

1996-cı ildə AL Pacino özünü ssenarist və rejissor kimi də sınayır və “Riçardın axtarışları” adlı Şekspirdən bəhs eləyən sənədli film çəkir.

“Bir aktyor öz məharətini sözün əsl mənasında yalnız və yalnız səhnədə göstərə bilər. Mən orda başlamışam və öz daxili dünyamı ilk dəfə orda ifadə eləyə bilmişəm” deyən aktyor kino ilə paralel səhnədə də çıxış eləyir.

Buna da bax: Obama "xaç atası"na medal verdi (VİDEO)

O ki qaldı şəxsi həyatına...

Al Pacino şəxsi həyatı, görüşdüyü qadınlar haqqında danışmağı sevmir, zahid həyatı keçirir. Aktrisa Diane Keaton, Marthe Keller, aktyorluq sənətindən dərs deyən Jan Tarrant kimi xanımlarla uzunmüddətli münasibətləri olsa da, aktyor heç vaxt evlənməyib. Amma üç övladı var. Böyük qızı Juliya Mari atasının yolunu davam etdirir. Əkizləri Olivia və Anton James isə yeniyetməlik dövrlərini yaşayırlar.

Al Pacino 2004-cü ildə.
Al Pacino 2004-cü ildə.

Övladlarını həyatının mənası adlandıran Al Pacino evlilikdən söz düşəndə “Bütün təcrübəsizlər kimi mən də ailə və nigah haqqında uzun-uzadı danışa bilərəm. Ancaq bununla bağlı heç bir prinsipial mövqeyim yoxdu. Düzü, heç özüm də bilmirəm, niyə indiyə qədər evlənməmişəm? Ola bilsin, həmcinslərimdən kimsə bunu “müdrik qərar” adlandıracaq, hətta yəqin ki, paxıllıq edənlər də tapılacaq, ancaq özüm subaylığımın səbəbini izah eləyə bilmirəm. Əslində mən heç vaxt bu və ya digər sahədə yeni təcrübələr qazanmaq fürsətini qaçırmamışam. Odur ki, evlilik təcrübəsini sınamamağım hətta qəribədi. Bəlkə də bunu daha yaxşı günlərə qədər təxirə salmışam. Ona görə də günlərin bir günü subaylıqla vidalaşmağa, kiminsə əri olmağa qərar versəm, təəccüblənmərəm. Kim bilir, bəlkə də mənim ən yaxşı rolum elə bu olacaq” deyir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG