Fatimə Mövlamlının aclıq aksiyasına başladığı deyilir

Fatimə Mövlamlı

"MeydanTV işi" çərçivəsində həbs edilən jurnalist Fatimə Mövlamlı aclıq aksiyasına başlayıb. Bu barədə jurnalistin anası sosial media hesabında məlumat yayıb. Onun vurğulamasına görə, F.Mövlamlı saxlanıldığı Bakı İstintaq Təcridxanasında ailə üzvləri ilə açıq görüşlərin qadağan olunmasına etiraz olaraq aclıq etmək qərarı verib.

Anasının vurğulamasına görə, jurnalist martın 8-dən qida qəbulunu dayandırıb və kameradan bütün qida məhsulları çıxarılıb: "Açıq görüş bərpa olunsun və hüquqları təmin edilsin- tələbi budur".

Bu açıqlamaya cavabdeh rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Sizin brauzer HTML5-i dəstəkləmir

Meydan TV-nin həbsdəki jurnalistləri: 'Deyirlər, tez-tez yoxlamalar olacaq'

28 fevral

Təcridxana rəisinin jurnalistləri təhdid etdiyi bildirilir

"MeydanTV işi" üzrə həbsdə olan Aytac Tapdıq (Əhmədova), Xəyalə Ağayeva Aysel Ümüdovanı Bakı 1 saylı Təcridxananın rəisi Elnur İsmayılovun təhdid etdiyi bildirilir.

A.Tapdığın anası Dilruba Amanovanın Facebook-da yazdığına görə, "MeydanTV işi" üzrə həbsdə olan xanımlar hazırda Bakı İstintaq Təcridxanasında izolyasiya vəziyyətində saxlanılır. O deyir ki, görüş günlərində onların ailələrinə əvvəlcədən məlumat verilmir, görüş olub-olmayacağı son ana qədər açıqlanmır.

D.Amanovanın sözlərinə görə, bu gün, fevralın 28-də A.Tapdıq zəng vurub. Onun əlavə etməsinə görə, fevralın 26-da təcridxananın rəisi Elnur İsmayılov tibb-sanitar hissəsinə gələrək A.Tapdıq, X.Ağayeva və A.Umudovanı çağırıb, onlara xəbərdarlıq edib. D.Amanova yazır ki, rəis qızlara "çıxışlarınıza, yazılarınıza, sözlərinizə fikir verin" deyib, əks halda, yeni cinayət işinin açılacağını bildirib.

Bu açıqlamaya təcridxana rəhbərliyi və Ədliyyə Nazirliyinin cavabdeh şəxslərindən münasibət almaq mümkün olmayıb.

18 fevral

'MeydanTV işi' üzrə tutulan jurnalistlərin axtarışa məruz qaldıqları bildirilir

"MeydanTV işi"nə görə hazırda həbsdə olan jurnalistlər Aytac Tapdıq, Aysel UmudovaXəyalə Ağayevanın 1 saylı Bakı İstintaq Təcridxanasında axtarışa məruz qaldıqları bildirilir.

Buna səbəb kimi fevralın 17-də jurnalist A.Tapdıqın ailəsinə zəng vuraraq onlara akt tərtib edilməsi ilə bağlı məlumat verməsi göstərilir. Fevralın 18-də təcridxana əməkdaşlarının jurnalistlərin otağına girərək axtarış aparmağa başladığı bildirilir.

Həmin jurnalistin yaxınlarının iddialarına görə, Bakı İstintaq Təcridxanasının əməkdaşları jurnalistlərə zorakılıq göstərib, bu zaman A.Tapdıqın halı pisləşib: "Girib otağı "şmon" ediblər, qızlara da zorakılıq göstəriblər. Aytacın da halı pisləşib. Otağın qapısını da içəridən bağlayıblar. Daha sonra "qarmoşka"nı bağlayıblar".

Bu deyilənlərə həmin təcridxananın rəhbərliyi və Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.

Bir gün əvvəl "MeydanTV işi" üzrə həbs olunan jurnalistlərə məhkəmədə etiraz etdikləri üçün akt tərtib olunduğu bildirilmişdi. Aktda göstərilir ki, onlar məhkəmə prosesi zamanı dövlət ittihamçısının çıxışına mane olublar və əlləri ilə şüşə qəfəsi döyəcləyərək səs-küy salıblar.

Saxlanılan jurnalistlərin əksəriyyətinin akt tərtib olunduqdan sonra izahat verməkdən imtina etdiyi bildirilir.

Bu məlumatı da rəsmi qurumlardan dəqiqləşdirmək mümkün olmayıb.

Buna da bax:

Həbsdə olan jurnalist: 'Kim zəmanət verir ki, bu adamlar bizi orada zorlamayacaq?'

Jurnalistlər səfirlikləri məhkəmələrinə çağırırlar

"MeydanTV işi" üzrə həbs olunmuş jurnalistlər Azərbaycandakı diplomatik korpusa müraciət ediblər.

Jurnalistlər onların Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə proseslərində iştirak edərək monitorinq aparmalarını istəyiblər. "Çünki müstəqil medianın olmaması və prosesin media tərəfindən vizual işıqlandırılmaması səbəbindən elementar müdafiə hüququmuz pozulur", - onlar vurğulayıblar.

Müraciət müəllifləri qeyd edirlər ki, qanunda şəxslərin özlərini təqsirli bilib-bilməməsi ilə bağlı münasibət bildirmək, əsaslandırmaq hüququ olduğu halda, hakim Aytən Əliyeva həbsdə olan jurnalistlərə bu imkanı tanımır: "Azərbaycan rəsmiləri jurnalistlərin azadlığa buraxılması tələbi ilə olunan çağırışlara "hələ məhkəmə gedir, ədalətli qərar veriləcəyinə inanırıq" cavabını verir. Siz məhkəməyə gəlib monitorinq edərək görə bilərsiniz ki, sadə replika hüququna hörmət edilmədiyi bir məhkəmədən ədalət gözləmək sadəlövhlükdür".

Müraciətə Azərbaycandakı diplomatik korpusunun təmsilçiləri və hakim A.Əliyevadan münasibət öyrənmək mümkün olmayıb.

Bu iş üzrə tutulanlar...

MeydanTV-nin əməkdaşları – Aynur Elgünəş, Aysel Umudova, Natiq Cavadlı, Aytac Tapdıq, Xəyalə Ağayeva Ramin Deko 2024-cü il dekabrın 6-dan həbsdədirlər. Onlarla yanaşı, Bakı Jurnalistika Məktəbinin direktor müavini Ülvi Tahirov da həbs olunub.

Adları çəkilən şəxslərdən başqa, ötən ilin fevralında daha üç jurnalist də MeydanTV ilə bağlı cinayət işi üzrə tutulub. Fevralın 4-də Şəmşad Ağayev, fevralın 20-də Nurlan Libre, fevralın 28-də isə Fatimə Mövlamlı saxlanıb. Həmçinin, mayda jurnalist Ülviyyə Əli, avqustda fotojurnalist Əhməd Muxtar da həbs olunublar.

Onlara Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq), 193-1 (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması), 213 (vergidən yayınma), 206 (qaçaqmalçılıq) və başqa maddələriylə ittihamlar verilib. Jurnalistlər qaçaqmalçılıq yolu ilə xaricdən valyuta gətirməkdə suçlanırlar. Bu maddələrdə 12 ilədək həbs cəzası nəzərdə tutulub. Jurnalistlər ittihamları qəbul etmirlər.

Xatırlatma

2023-cü ilin noyabrından bəri Azərbaycanda qruplar halında 30-dan çox jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onların arasında AbzasMedia və ToplumTV-nin xeyli əməkdaşı da var.

"AbzasMedia işi" üzrə təqsirləndirilən yeddi jurnalistə 9 ildən 7 il 6 ayadək həbs cəzası verilib. AzadlıqRadiosunun jurnalisti Fərid Mehralızadə də onların arasındadır. O, 9 il azadlıqdan məhrum edilib.

"ToplumTV işi" üzrə məhkəmə davam edir.

Jurnalistlər bu ittihamların heç birini qəbul etmir, hökumət təmsilçilərinin korrupsiya əməllərini ifşa etdiklərinə, məmur özbaşınalıqlarını ictimailəşdirdiklərinə görə cəzalandırıldıqlarını bildirirlər.

Rəsmilərsə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim peşə fəaliyyətinə görə həbs olunmur və iddia edirlər ki, jurnalistlər törətdikləri əmələ görə cinayət məsuliyyətinə cəlb olunublar.