Həbsdə olan jurnalist: 'Kim zəmanət verir ki, bu adamlar bizi orada zorlamayacaq?'

Sizin brauzer HTML5-i dəstəkləmir

Meydan TV-nin həbsdəki jurnalistləri: 'Deyirlər, tez-tez yoxlamalar olacaq'

"MeydanTV işi" üzrə həbsdə olan jurnalistlər Bakı Ağır Cinayətlər Məhkəməsində onların işinə baxan hakimlərdən narazıdırlar. Onlar fevralın 20-də keçirilən məhkəmə iclasında Aytən Əliyevanın sədrliyi ilə Vüqar Quliyev və Elmin Rüstəmovdan ibarət hakimlər heyətinə vəkilləri vasitəsilə yazılı etirazlarını çatdırıblar.

Məhkəmə heyətinin öz qərarlarına hörmət etmədiyini vurğulayan vəkillər, məsələn, hazırlıq iclasındakı qərarı misal göstəriblər. Həmin qərarda təqsirləndirilən jurnalistlərin məhkəmə zalındakı şüşə kabinədə yox, vəkillərinin yanında əyləşməsinə icazə verilmişdi. Ancaq fevralın 20-dəki məhkəmə iclasında jurnalistlər şüşə kabinədən çıxarılmalarını istəsələr də, hakim icazə verməyib.

"Siz məhkəmə olaraq, ya öz verdiyiniz qərara hörmətlə yanaşıb onu icra etməlisiniz, ya da onu ləğv etməlisiniz", - vəkil Nazim Musayevin sözləridir.

Bir başqa vəkil - Rövşanə Rəhimova vurğulayıb ki, məhkəmənin öz qərarını icra etməməsi gələcəkdə başqa qərarlarla da bağlı şübhələr yaradır.

Təqsirləndirilən jurnalistlər bu məhkəmə prosesinin yekununda ədalətli hökm gözləmədiklərini, bununla belə, hüquqlarının addımbaşı pozulmasına göz yummaq fikrində də olmamalarını söyləyiblər.

"Heç bir vəsatətimiz təmin olunmur. Fikrimizi əsaslandırmaq istəyirik, imkan vermirsiniz, sözümüzü kəsirsiniz. Halbuki, bu hüququmuz qanunda nəzərdə tutulub. Biz özümüz də bu məhkəməyə gəlməkdə maraqlı deyilik. Belədirsə, daha niyə yorursunuz? Oturaq Kürdəxanıda, Əliyev hökuməti nə əmr versə, siz də elan edin ki, Aynura bu qədər cəza, Şəmşada bu qədər cəza...", - jurnalistlərdən arqument.az saytının baş redaktoru Şəmşad Ağayev (Ağa) belə deyib.

Hakimlər etirazın baxılmamış saxlanmasına qərar veriblər.

Təqsirləndirilən 12 nəfərdən yalnız Ülviyyə Quliyevanın (Əli) şüşə kabinədən çıxıb vəkilinin yanında əyləşməsinə icazə verilib. Vəkili onun sağlamlığındakı problemlərə diqqət çəkərək bildirib ki, müvəkkili bir sıra xəstəliklərdən əziyyət çəksə də, nə saxlandığı Bakı İstintaq Təcridxanasında, nə də Penitensiar Xidmətin Müalicə Müəssisəsində onun müayinəsinə gərəkli avadanlıq var.

Ü.Əli də vurğulayıb ki, hələ 2017-ci ildə başında şiş tapılıb. Həmçinin qaraciyər, böyrək kimi daxili orqanlarında da problemlər var: "Tutulduğum gün məruz qaldığım zorakılıq nəticəsində, zaman-zaman, başağrılarım da olur. Keyfiyyətli tibbi yardım almaq hüququm məhdudlaşdırılıb".

O, özəl xəstəxanada müayinə olunmaq istəyini dilə gətirib.

Aysel Umudova

"Təsəvvür edirsiniz, tualetdə qadın ola-ola..."

Jurnalistlərdən Aysel Umudova, Xəyalə AğayevaAytac Əhmədova (Tapdıq) fevralın 18-də Bakı İstintaq Təcridxanasında zorakılığa məruz qaldıqlarını hakimlərin diqqətinə çatdırıblar. Onlar bildiriblər ki, təcridxana rəisinin müavini Cavid Güləliyev və 10 nəfərə yaxın əməkdaş qəfildən onların saxlandığı kameraya axtarış adı ilə gələrək onlara zor tətbiq ediblər.

"Onlar kameraya gələndə mən tualetdə idim. Dedim ki, bir dəqiqəyə çıxıram. Əlibala Rəhimli adlı əməkdaş o bir dəqiqəyə imkan vermədi, tualetin qapısını sındırdı. Təsəvvür edirsiniz, tualetdə qadın ola-ola, kişi qapını sındırıb ora girir. Kim zəmanət verər ki, bu adamlar bizi orada zorlamayacaq?", - A.Umudovanın sözləridir.

A.Tapdıq rəis müavini C.Güləliyevin cəzalandırılmasını tələb edib: "Yumruğunu düyünləyib havaya qaldırdı. Əlini göydə saxladı. Biz bilirik ki, o, şahmat taxtasında piyadadır. Amma dəxili yoxdur".

Vəkillər vəsatət qaldırıblar ki, məhkəmə təqsirləndirilən şəxslərin zorakılıqla bağlı şikayətlərinin araşdırılması üçün Baş Prokurorluğa təqdimat göndərsin və Baş Prokurorluq istintaq təcridxanasında baş verənlərlə bağlı araşdırma aparsın. Müdafiəçilər vurğulayıblar ki, Bakı İstintaq Təcridxanasının dəhlizlərində müşahidə kameraları var və baş verənlər qeydə alınıb. Bu səbəbdən, daha bir vəsatətləri də bu olub ki, məhkəmə sorğu verib fevralın 18-də yaşananlarla bağlı istintaq təcridxanasından görüntüləri alsın.

Hakimlər Baş Prokurorluğa təqdimat göndərilməsi və istintaq təcridxanasından kamera görüntülərinin alınması barədə vəsatətləri təmin etməyərək yalnız Bakı İstintaq Təcridxanasına jurnalistlərin şikayəti ilə bağlı sorğu göndərməyə razılaşıblar.

Hakimin belə davranışı jurnalistlərin etirazına səbəb olub: "Zorakılığı da ört-basdır edirsiniz...".

"MeydanTV işi" üzrə məhkəmə prosesi martın 13-də davam edəcək.

Penitensiar Xidmət MeydanTV əməkdaşlarının Bakı İstintaq Təcridxanasında zorakılığa məruz qalması barədə söylədiklərinə münasibət bildirməyib.

Baki İstintaq Təcridxanası

Xatırlatma

MeydanTV-nin baş redaktoru Aynur Qənbərova (Elgünəş), əməkdaşları Aysel Umudova, Natiq Cavadlı, Aytac Əhmədova (Tapdıq), Xəyalə Ağayeva və Ramin Cəbrayılzadə (Deko) 2024-cü il dekabrın 6-dan həbsdədirlər. Həmin gün onlarla yanaşı, Bakı Jurnalistika Məktəbi direktorunun müavini Ülvi Tahirov da həbs olunub.

Bu cinayət işi üzrə fevralda daha üç jurnalist - Şəmşad Ağayev (Ağa), Nurlan Qəhrəmanlı (Libre) və Fatimə Mövlamlı saxlanılıb.

Ötən ilin mayında jurnalist Ülviyyə Quliyeva (Əli), avqustunda isə fotojurnalist Əhməd Muxtar da MeydanTV ilə bağlı cinayət işi üzrə həbs olunublar.

Onlara Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq), 193-1-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması), 213-cü (vergidən yayınma), 206-cı (qaçaqmalçılıq) və başqa maddələri ilə ittihamlar verilib. Jurnalistlər qaçaqmalçılıq yolu ilə xaricdən valyuta gətirməkdə suçlanırlar. Bu maddələrdə 12 ilədək həbs cəzası nəzərdə tutulub.

2023-cü ilin noyabrından bəri Azərbaycanda qruplar halında 30-dan çox jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onların arasında "AbzasMedia" və ToplumTV-nin xeyli əməkdaşı da var.

"AbzasMedia işi" üzrə təqsirləndirilən yeddi jurnalistə 9 ildən 7 il 6 aya qədər həbs cəzası verilib. AzadlıqRadiosunun jurnalisti Fərid Mehralızadə də onların arasındadır. O, 9 il azadlıqdan məhrum edilib.

"ToplumTV işi" üzrə məhkəmə hələ davam edir.

Jurnalistlər bu ittihamların heç birini qəbul etmir, prezident də daxil, hökumət təmsilçilərinin korrupsiya əməllərini ifşa etdiklərinə, məmur özbaşınalıqlarını ictimailəşdirdiklərinə görə cəzalandırıldıqlarını bildirirlər.

Rəsmilərsə, bir qayda olaraq, ölkədə heç kimin peşə fəaliyyətinə görə həbs olunmadığını vurğulayır, jurnalistlərin törətdikləri əməl üzündən cinayət məsuliyyətinə cəlb olunduğunu iddia edirlər.