Pekin 'Meta'ya Çinin 'Manus' startapını almağı qadağan etdi

"Meta"

Aprelin 27-də Çinin dövlət qurumu ABŞ-nin "Meta" texnologiya nəhənginin yerli "Manus" süni intellekt (Sİ) startapını satın-almasına icazə verməyib və sövdələşmənin ləğv edilməsi barədə göstəriş verib.

"Reuters" yazır ki, bu qərar Pekinin Sİ mütəxəssislərinin və intellektual mülkiyyətinin ABŞ şirkətlərinin əlinə keçməsini əngəlləmək niyyətindən xəbər verir. Bu arada Vaşinqton Çinin Sİ inkişafını zəiflətməyə çalışır, ixraca nəzarət etməklə onun ABŞ istehsalı çiplərə çıxışını məhdudlaşdırır.

Mayın ortasında ABŞ prezidenti Donald Tramp Pekində çinli həmkarı Si Cinpinlə görüşməlidir. Görüşöncəsi ikitərəfli münasibətlərdə daha bir problemli məsələ ortaya çıxıb.

Kaliforniyada yerləşən "Meta" "Facebook"un sahibidir. Şirkət dekabrda "Manus"u təxminən 2 milyard dollara satın alıb. "Meta" Sİ agentləri sahəsindəki texnoloji potensialını artırmağı hədəfləyir.

Mənbələrə görə, martda "Manus"un baş direktoru Syao Hun və baş elmi işçisi Ci İçaonun ölkədən çıxışına icazə verilməyib. Həmin vaxt tənzimləyici qurumlar sövdələşməni araşdırırdı.

Ötən ilin əvvəlində dövlət mediası və şərhçilər "Manus"u "Çinin növbəti "DeepSeek"i" adlandırmışdı. Bundan əvvəl isə şirkət dünyanın ilk ümumitəyinatlı Sİ agentini hazırladığını bəyan etmişdi.

Bir neçə aydan sonra "Manus" baş qərargahını Çindən Sinqapura köçürüb. ABŞ-Çin gərginliyindən qaynaqlanan riskləri azaltmaq üçün digər Çin şirkətləri də oxşar addım atır.