Milyarder İlon Mask fevralın 2-də bildirib ki, "SpaceX" onun "xAI" süni intellekt startapını rekord məbləğə satın alıb. "Reuters" yazır ki, bu razılaşma Maskın süni intellekt və kosmosla bağlı ambisiyalarını bir araya gətirir, raket və peyk şirkətini "Grok" çat-botunun yaradıcısı ilə birləşdirir.
Sözügedən razılaşma texnologiya sektorunda indiyədək ən iddialı birləşmələrdən biri sayılır.
Bu addım "SpaceX"in data mərkəzi ambisiyalarını daha da gücləndirə bilər. Mask süni intellekt sahəsində "Alphabet"ə məxsus "Google", "Meta", "Amazon"un dəstəklədiyi "Anthropic" və "OpenAI" kimi rəqiblərlə rəqabət aparır.
Məsələdən agah birinin agentliyə dediyinə görə, tranzaksiyada "SpaceX" 1 trilyon dollar, "xAI" isə 250 milyard dollar dəyərində qiymətləndirilir.
Mask bu sövdələşməni "SpaceX" və "xAI" missiyasında "yeni kitab" adlandırıb.
Məsələ ilə tanış başqa bir mənbənin dediyinə görə, "SpaceX" və "xAI" birgə şirkətinin səhmlərinin 527 dollar olacağı gözlənilir.
"SpaceX" dünyanın ən dəyərli özəl şirkəti idi, daxili səhm satışında 800 milyard dollar dəyərləndirilmişdi. "The Wall Street Journal"ın məlumatına görə, "xAI" sonuncu dəfə noyabrda 230 milyard dollar qiymətləndirilib.
"Reuters" yazır ki, bu razılaşma Maskın geniş biznes imperiyasını və sərvətini daha sıx, qarşılıqlı şəkildə gücləndirən bir ekosistemdə cəmləşdirir. Bəzi investorlar və təhlilçilər bunu qeyri-rəsmi "Maskonomi" (Mask iqtisadiyyatı) adlandırırlar. Bu sistemə "Tesla", "Neuralink" beyin çipi istehsalçısı və "Boring Company" tunel şirkəti daxildir.
Dünyanın ən zəngin adamı olan Mask öz bizneslərini birləşdirir. O, ötən il X sosial media platformasını səhm mübadiləsi yolu ilə "xAI"a daxil edib, bununla süni intellekt startapına platformanın məlumatlarına və yayım imkanlarına çıxış verib. 2016-cı ildə isə Mask "Tesla" səhmləri ilə "SolarCity" günəş enerjisi şirkətini satın alıb.