Almaniya kansleri Fridrix Merts Rusiyanı Avropanın təhlükəsizliyinə yönələn təhdidləri gücləndirməkdə günahlandırıb. O, hökumətinin müdafiə xərclərini artırmaq və Ukraynaya maliyyə dəstəyini sürdürmək planlarını müdafiə edib.
Ölkənin müxalifət partiyaları isə Kiyevə hərbi yardımın dayandırılmasına çağırıblar. Onların sırasına ictimai rəy sorğularında öndə gedən ifrat sağçı "Almaniya üçün Alternativ" (AfD) və radikal solçu "Sol Partiya" daxildir.
"Rusiya nə istədiyini çox yaxşı bilir və Ukraynadan daha çoxunu istəyir", – Merts parlamentin aşağı palatasında 2027-ci ilin büdcə layihəsinin müzakirəsi zamanı deyib.
O, Rusiyanın Baltik regionunda, Polşada, Qara dənizdə, kosmosda, eləcə də Almaniyada gərginliyi artırdığını bildirib.
Rusiya Mertsin ittihamları ilə bağlı "Reuters"in sorğusuna dərhal cavab verməyib. Moskva bundan əvvəl NATO ölkələri ilə hərbi qarşıdurmaya getdiyini dəfələrlə təkzib edib, Ukraynadakı işğalçı müharibəni isə öz milli təhlükəsizliyini qorumaqla əsaslandırıb.
Sentyabrda Merts hökuməti Leypsiq/Halle hava limanına dronla hücum cəhdinə görə Rusiyanı ittiham edib. Rusiyanın Berlindəki səfirliyi isə bunu "Almaniyada Rusiya əleyhinə yeni isteriya dalğasının bir hissəsi" adlandırıb.
Almaniya və Avropanın digər ölkələrində kritik infrastrukturu hədəf alan bir sıra kiberhücumlar və təxribatlar da baş verib. Bu ölkələr həmin hadisələrə görə əsasən Rusiyanı ittiham ediblər. Moskva isə bütün ittihamları rədd edib.
Merts onu da əlavə edib ki, Almaniya Ukraynanı dəstəkləməklə özünü də qoruyur: "Biz Ukraynadan öyrənirik – həm mülki məqsədlər üçün yaradılan texnologiyalar, həm də, əlbəttə, müdafiə texnologiyaları sahəsində".
Rusiya 2022-ci il fevralın 24-də Ukraynaya qarşı genişmiqyaslı hərbi müdaxiləyə başlayıb. Almaniya Avropada Ukraynaya ən çox hərbi yardım göstərən ölkədir. Amma yaşayış xərcləri artdığından bu siyasətə dəstək azalıb. Bu gün açıqlanan sorğuya görə, hazırda almanların əksəriyyəti, az fərqlə də olsa, Kiyevə hərbi yardımın əleyhinədir.
2027-ci ilin büdcə layihəsinə əsasən, Almaniya NATO qarşısındakı öhdəliklərinə uyğun olaraq, 2030-cu ilədək müdafiə xərclərini ikiqat artıraraq azı 200 milyard avroya (228 milyard dollar) və bu xərcləri ümumi daxili məhsulun 3.7 faizinə çatdırmağı hədəfləyir.