ABŞ, Ermənistan və Azərbaycan Ağ evdə təşkil olunmuş Sülh Sammitinin birinci ildönümü ilə bağlı birgə bəyanat yayıblar.
Bəyanatın tam mətni Azərbaycan Xarici İşlər Nazirliyinin saytında yerləşdirilib.
Sənəddə vurğulanır ki, tərəflər onilliklər boyu davam etmiş münaqişəyə son qoyan, Cənubi Qafqazı daha firavan gələcəyə doğru aparan bu təməl üzərində irəliləmək əzmindədirlər. Əlavə edilir ki, birgə bəyannamə ABŞ-nin dəstəyi ilə Ermənistan və Azərbaycan üçün sülhün möhkəmləndirilməsi, həmçinin tərəfdaşlığın dərinləşdirilməsi istiqamətində konkret yol xəritəsi müəyyən edib.
Bəyanatda bildirilir ki, bu müddət ərzində Ermənistan-Azərbaycan sərhədi boyunca sabitlik qorunub, hər iki tərəf münasibətlərin normallaşdırılması, sərhədlərin delimitasiyası və davamlı sabitliyin təmin edilməsi üçün zəruri tədbirlər vasitəsilə etimadın gücləndirilməsi istiqamətində konkret addımlar atmaqdadırlar.
Qeyd edilir ki, Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) infrastrukturun inkişafını həyata keçirəcək TRIPP İnkişaf Şirkətinin yaradılmasına dair ABŞ-Ermənistan razılaşması da daxil olmaqla, konkret irəliləyişlər sayəsində ideyadan reallığa çevrilməkdədir: “Ermənistanda mühəndis-tədqiqat işləri artıq həyata keçirilməkdədir. Azərbaycan öz ərazisində Ermənistanda TRIPP-ə birləşəcək avtomobil yolu və dəmir yolunun tikintisini, demək olar ki, başa çatdırıb. Üç ölkə həmçinin TRIPP marşrutu boyunca elektrik enerjisinin ötürülməsi xəttinin inşasını dəstəkləyir".
Habelə bildirilir ki, ABŞ Cənubi Qafqaz və Mərkəzi Asiyada Transxəzər Ticarət Marşrutuna (Orta Dəhliz) özəl sektor investisiyalarının cəlb edilməsini dəstəkləmək məqsədilə Transxəzər Müəssisə Fonduna 201 milyon dollar vəsait ayırıb.
O da bildirilir ki, Azərbaycan Ermənistana münasibətdə bütün tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırıb: "Azərbaycan həmçinin Ermənistanı 20 min ton neft məhsulu ilə tədarük edib".
"Həqiqi sülh bir gündə əldə edilmir, bununla belə, prezident Trampın ifadə etdiyi kimi – verilən vədlər yerinə yetirilir. Azərbaycan və Ermənistanın davamlı sülhə doğru atdığı addımlar dünya üçün nümunədir. Bu baxımdan biz regionun parlaq və firavan gələcəyini səbirsizliklə gözləyirik", - bəyanatın sonunda qeyd edilir.
ABŞ dövlət katibi Marko Rubio
8 avqust
Marko Rubio Transxəzər Müəssisə Fondunun işə başladığını elan edib
Transxəzər Müəssisə Fondu artıq fəaliyyətə başlayıb. ABŞ dövlət katibi Marko Rubio avqustun 8-də belə bir bəyanat verib. Bəyanatda deyilir ki, ABŞ hökuməti Cənubi Qafqaz və Orta Asiyada Transxəzər Ticarət Marşrutu (Orta Dəhliz) boyunca özəl sektor investisiyalarının təşviqi üçün fonda 201 milyon dollar vəsait ayırıb.
Bir il bundan əvvəl ABŞ prezidenti Donald Trampın ev sahibliyi ilə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Ağ Evdə bir araya gəliblər. Onların imzaladığı Birgə Bəyannamədə Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu - TRIPP təşəbbüsü yer alıb. Bu marşrut Azərbaycanı Naxçıvan eksklavı ilə Ermənistanın cənubundan keçməklə birləşdirməlidir.
M.Rubio qeyd edir ki, son 12 ay ərzində Birləşmiş Ştatlar bu təşəbbüsü reallaşdırmaq üçün Ermənistan və Azərbaycanla çiyin-çiyinə çalışıb: “Dəmir yollarını, avtomobil yollarını, enerji və rəqəmsal infrastrukturu modernləşdirəcək multimodal tranzit marşrutu olan TRIPP artıq reallığa çevrilmək üzrədir. Ermənistanda dəmir yolu ilə bağlı mühəndis tədqiqatlarına başlanıb, Azərbaycan isə Ermənistanla birləşəcək avtomobil və dəmir yollarının tikintisini başa çatdırmaq üzrədir”.
Dövlət katibi bildirir ki, TRIPP sadəcə infrastruktur layihəsi deyil, Transxəzər Ticarət Marşrutunun mühüm həlqəsidir:
“Birləşmiş Ştatlar Ermənistan və Azərbaycanla bu təməl üzərində gələcək əməkdaşlığa tam sadiqdir. Hər iki ölkəni ötən bir ildə göstərdikləri cəsarət və uzaqgörənliyə görə təbrik edir, Cənubi Qafqazda dayanıqlı, uzunmüddətli sülh yönündə irəliləyişin davam edəcəyini gözləyirik”.
Bu həftə sözügedən fondun sədri təyin olunmuş rus əsilli amerikalı sahibkar Konstantin Sokolov Ermənistanda olub. O, ABŞ-nin xüsusi elçisi Stiv Uitkoffun baş müşaviri Ariyeh Laytstounu müşayiət edib.
Ermənistanla ABŞ-nin iyunun əvvəlində imzaladığı sazişə əsasən, ABŞ-Ermənistan birgə müəssisəsi yaradılacaq və o, Ermənistan-İran sərhədi boyunca inşa ediləcək dəmir və avtomobil yollarını, enerji xətlərini, eləcə də digər infrastruktur obyektlərini ən azı 49 il müddətinə idarə etmək hüququ qazanacaq. "TRIPP Development Company"nin (TDC) 74 faiz payı ABŞ hökumətinə məxsus olacaq.
TRIPP ilə bağlı razılaşma ötən il avqustun 8-də Vaşinqtonda əldə olunub. Həmin gün Azərbaycan və Ermənistan arasında sülh sazişi paraflanıb. Həmin sənəddə tərəflərin bir-birinin ərazi bütövlüyünü tanıdıqları və qarşılıqlı iddiaları dayandırdıqları bəyan edilib.
Tramp Əliyev və Paşinyanla danışıb
Avqustun 8-də ABŞ Prezidenti Donald Tramp Azərbaycan prezidenti İlham Əliyev, və Ermənistanın baş naziri Nikol Paşinyanla telefonla danışıb. Telefon danışığı Vaşinqtonda iki ölkə arasında dövlətlərarası münasibətlərin qurulması ilə bağlı sazişin paraflanmasının ildönümü gününə təsadüf edib.
Azərbaycan prezidentinin mətbuat xidməti yazıb ki, Əliyev Trampa Vaşinqtonda bir il öncə paraflanmış sazişin Azərbaycanla Ermənistan arasında münaqişəyə son qoyduğunu və sülhü təsbit etdiyini deyib. Tərəflər həmçinin TRİPP layihəsini müzakirə ediblər və Azərbaycan ərazisində bunun üçün infrastruktur işlərinin başa çatmaq üçün olduğu bildirilib.
Paşinyanın mətbuat xidməti yazır ki, baş nazir Trampa Vaşinqton sammitinin iki ölkə arasında real sülhə səbəb olduğunu və bunu iki ölkənin xalqlarının hiss etdiyini deyib. Paşinyan həmçinin Trampı əmin edib ki, TRİPP-lə bağlı infrastruktur layihələrində yaxın zamanlarda başlanılacaq.
Azərbaycanla Ermənistan arasındakı münasibətlərdə kəskin dönüş keçən ilin avqustun 8-də Vaşinqtondakı görüşdən sonra yaşanıb. Tərəflər həmin görüşdə sülh müqaviləsinin mətnini paraflayıblar. Trampın vasitəçiliyi ilə baş tutan görüşdə həmçinin TRİPP marşrutu ilə bağlı razılıq da əldə olunub. Həmin görüşdən sonra Azərbaycanla Ermənistan arasında 30 illik konfliktdən sonra ilk dəfə ticarət əlaqələri bərpa edilməyə başlanıb. Ermənistan Azərbaycandan yanacaq alıb, eləcə də Azərbaycandan Ermənistana yüklərin tranzitinə icazə verilib.
Hazırda yekun sülh sazişinin imzalanması yolunda əsas əngəlin Ermənistan konstitusiyasının preambulasında istinad edilən Müstəqillik Aktının olduğu deyilir. Azərbaycan burada özünə qarşı ərazi iddiası olduğunu bildirir. Ermənistan hökuməti isə konstitusiya dəyişikliklərinə hazırlaşdığını və yeni konstitusiyanı bu ilin sonuna qədər təqdim edəcəyini söyləyir.