"Avropalılar Birləşmiş Ştatların yeni düşmənçilik təzahürlərinə hazırlaşmalıdırlar". Bunu Fransa prezidenti Emmanuel Makron fevralın 10-da "Le Monde", "The Economist" və "The Financial Times" daxil, bir sıra Avropa nəşrlərinə müsahibəsində deyib. O, Avropanı "Çin və ABŞ-ın rəqabəti qarşısında silinib getməmək üçün" strateji sahələrə investisiyaları artırmağa çağırıb.
Fransa liderinin fikrincə, Avropa İttifaqı (Aİ) Vaşinqtonla gərgin münasibətlərdə yaranan sakitliyi davamlı dəyişiklik kimi dəyərləndirməməlidir. Onun sözlərinə görə, "Qrenlandiya anı" Avropa blokunun qlobal təsirini gücləndirmək üçün çoxdan təxirə salınmış islahatların aparılması üçün xəbərdarlıq siqnalı olmalıdır.
ABŞ ilə indiki münasibətlərdən danışan Makron prezident Donald Trampın administrasiyasını "Avropaya açıq qarşı çıxan" və "Aİ-ni parçalamağa çalışan" administrasiya kimi xarakterizə edib. O əlavə edib ki, Tramp kabineti ilə münasibətlərdə gərginliyin daha da artacağını gözləyir, buraya Avropada rəqəmsal texnologiyaların tənzimlənməsi də daxildir.
E.Makron ötən ay Davosda Dünya İqtisadi Forumunda D.Trampın son addımlarını və bəyanatlarını sərt dəyərləndirmişdi. Onda Makron Trampın Qrenlandiya ilə bağlı iddialarını, ABŞ-nin bir sıra Avropa ölkələrinə rüsumlarla bağlı hədələrini rədd etmişdi.
D.Tramp isə Avropa müttəfiqlərini, NATO-nu tez-tez tənqid edir, onları səmərəsiz işləməkdə günahlandırır, NATO üzvlərini müdafiə xərclərini artırmağa çağırır. Tramp dekabrda "Politico"ya müsahibəsində Aİ liderlərini "zəif" adlandırıb, üzv ölkələrin tənəzzüldə olduğunu deyib. O, Avropanın müharibənin öhdəsindən pis gəldiyini deyib, Rusiyanın Ukraynadakı təcavüzkar müharibəsini nəzərdə tutub.
Ötən ay NATO-nun baş katibi Mark Rutte Avropa ölkələrini ABŞ ilə müdafiə sahəsində əlaqələri qırmaqdan çəkindirmişdi. Onun sözlərinə görə, Avropanın ABŞ-nin iştirakı olmadan özünü qoruya biləcəyini düşünənlər "xəyal qurmağa davam edə bilərlər". O əlavə edib ki, Avropada NATO-dan kənar vahid bir ordu və ya hər hansı digər hərbi struktur qurularsa, Rusiya prezidenti Vladimir Putin bundan məmnun qalar.