Fransa prezidenti Emmanuel Makron Davosda Dünya İqtisadi Forumu çərçivəsində ABŞ prezidenti Donald Tramp ilə danışmağı planlaşdırmır. O, yanvarın 20-də bunu jurnalistlərə bildirib.
Davos forumunda çıxışında isə Makron Trampın son hərəkətləri və bəyanatları ilə bağlı sərt danışıb, amma onu şəxsən tənqid etməkdən də çəkinib.
"Daha güclü və müstəqil Avropa" yaradılsın
AzadlıqRadiosunun rus xidməti yazır ki, Makron dünyada qaydaların yox olacağından, hər şeyi güclünün haqqı ilə həll ediləcəyindən narahatlığını bildirib. O, qanunun aliliyini dəstəklədiyini, qəddar gücə qarşı olduğunu vurğulayıb. Makron Trampın Qrenlandiya ilə bağlı iddialarını, ABŞ-nin səkkiz Avropa ölkəsinə gömrük rüsumu təhdidlərini rədd edib. O, müttəfiqləri "daha güclü və müstəqil Avropa" yaratmaq üçün çalışmağa çağırıb, NATO-nu tənqid edib, alyansın hazırkı durumunun yaxşı olmadığını bildirib. Gözündə iltihab olduğundan qara eynəklə çıxış edən Makron Trampla şəxsən görüşməyi planlaşdırmadığını da əlavə edib. Trampın da forumda olacağı gözlənilir.
Donald Tramp
ABŞ prezidenti isə yanvarın 20-də Kanada və Qrenlandiyanın ABŞ-nin tərkib hissəsi kimi təsvir olunduğu, süni intellektlə yaradılmış foto yayıb. NATO-nun baş katibi Mark Rutte ilə telefon danışığından sonra Tramp yazıb ki, "Qrenlandiya milli və beynəlxalq təhlükəsizlik üçün vacibdir" və bu məsələdə "geri çəkilmə mümkün deyil". Tramp Makronla yazışmasından bir hissəni də paylaşıb. Fransa lideri yanvarın 22-də Böyük Yeddilərin təcili görüşünü keçirməyi təklif edib, Danimarka, Rusiya və Ukrayna təmsilçilərinin də dəvət olunacağını bildirib. Makron isə jurnalistlərə deyib ki, belə bir sammitlə bağlı qərar verilməyib.
Makron Trampın yaratdığı Sülh Şurasına qoşulmaqdan imtina etdiyindən ABŞ prezidenti Fransa şərablarına 200 faiz rüsum tətbiq olunacağını istisna etməyib.
Avropa liderlərinin narahatlığı
Davosda çıxış edən digər Avropa liderləri də ABŞ-ni tənqid edərək Avropanın gücləndirilməsinin zəruriliyini vurğulayıblar. Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen də oxşar mövqe sərgiləyib. Foruma qatılan ABŞ maliyyə naziri Skott Bessent ölkəsi ilə Aİ arasında "ticarət müharibəsi" ehtimalı haqda suala cavabında sakitləşməyə çağırıb, liderlərin gərginliyi artırmaqdan çəkinəcəyinə və qarşılıqlı məqbul həllər tapacağına ümid etdiyini bildirib.
Trampın yanvarın 21-də Davosda çıxışı gözlənilir. Tramp Vaşinqtonda yenə Qrenlandiya ilə bağlı açıqlama verib. "Bizə lazım olan yerdir. Onlar bunu etməlidir. Onlar onu müdafiə etməyə qadir deyillər. Qrenlandiya çox vacibdir", – o deyib.