Nobel laureatı Nərgiz Məhəmmədi xəstəxanaya köçürülüb

Nərgiz Məhəmmədi

2023-cü il üçün Nobel Sülh mükafatına layiq görülmüş Nərgiz Məhəmmədi həbsxanada aclıq elan etdikdən sonra onun təcili müalicə üçün xəstəxanaya köçürülməsinə icazə verilib.

Bundan əvvəl Tehrandakı Evin həbsxanasının müdiriyyəti hicab qaydasına əməl etmədiyinə görə məhbus qadının müalicəsinə iki dəfə icazə verməmişdi.

Məhəmmədiyə yaxın iki siyasi fəal noyabrın 8-də sosial media postunda yazıblar ki, Nobel mükafatçısı hazırda xəstəxanadadır və həkim müayinəsindən keçir.

Nərgiz Məhəmmədinin əri Tağı Rəhmani bildirmişdi ki, arvadının iki ürək arteriyasında 50 faizlik tutulmaya və həbsxana həkiminin tövsiyələrinə baxmayaraq Evin həbsxanası onun həyat yoldaşının müalicəsinə imkan vermirdi.

Buna da bax:

AzadlıqRadiosunun Rusiyada həbs olunmuş jurnalistinin əri onu siyasi məhbus sayır

Mülki xəstəxana

Hadisə ilə bağlı yazdığı X platforması postunda fotojurnalist və qadın haqları fəalı Aliyə Mütəllibzadə Məhəmmədinin xəstəxanaya köçürülməsini alqışlayıb.

Başqa bir məhbusun əri - Əlirza Xoşpat isə yazıb:

"Yoldaşım Zəhra Tohidi Evin həbsxanasından zəng edərək dedi ki, Nərgiz Məhəmmədi bu səhər müalicə üçün mülki xəstəxanaya yerləşdirilib”.

Tohidi və Xoşpat 2022-ci ilin sentyabrında 22 yaşlı Məhsa Əmininin ölümünə etiraz olaraq keçirilən “Qadın, həyat, azadlıq” aksiyasında iştirak etdiklərinə görə həbs edilmişdilər.

2022-ci ilin sonlarında zaminə buraxılmış Tohidiyə qarşı yenidən ittiham irəli sürülüb və beş il azadlıqdan məhrumetmə hökmü çıxarılıb. Bu hökm sonradan dəyişdirilərək icbari cəza ilə əvəzlənib.

Buna da bax:

İranda yoqa təlimçisi məhkəmədə ölüb

Aclıq aksiyası


Məhəmmədinin ailəsi noyabrın 6-da bildirmişdi ki, o müalicəsinə icazə verilmədiyinə görə Evin həbsxanasında aclıq aksiyasına başlayıb.

Bütün dünyada “Qadın, həyat, azadlıq” hərəkatının mətin davamçısı kimi tanınan Məhəmmədi oktyabrın 6-da Nobel Sülh mükafatına layiq görülüb.

Məhəmmədi qadın hüquqlarını müdafiə etdiyinə görə 13 dəfə həbs, 5 dəfə məhkum edilib və ona üst-üstə 31 il iş və 154 şallaq cəzası kəsilib.

Məhəmmədi hicab qaydasının pozulması ilə bağlı faciəli sonluq yaşamış Məhsa Əmini Armita Gəravəndin ölümlərinə görə ölkənin dini rəhbərliyini ittiham edir.

Buna da bax:

İranlı professor deyir ki, susmasan, işdən qovulacaqsan

“Qaçaq müttəhim”

Məhbusun həyat yoldaşı Tağı Rəhmani deyib ki, Nərgiz Məhəmmədi məcburi hicab məsələsində kompromisə getmək niyyətində deyil.

İran hakimiyyəti hazırda Fransada yaşayan Rəhmanini “qaçaq müttəhim” adlandırır.

Məhəmmədi hazırda Tehranın Evin həbsxanasında müxtəlif hökmlərlə 12 illik cəza çəkir.

Ona dövlətə qarşı təbliğat ittihamı da daxil müxtəlif ittihamlar irəli sürülüb. Məhbus qadın 8 ildir ki, ailə üzvləri ilə görüşə bilmir.

Son 20 ayda ona ailə üzvləri ilə yalnız telefonla danışmaq icazəsi verilib.

Xəbərlərdə deyilirdi ki, Məhəmmədinin məhbus yoldaşları onun müalicəsinə imkan verilməsi tələbi ilə həbsxana divarları arasında etiraz aksiyası keçiriblər.