İranın qərbində yerləşən Kürdüstan Universitetinin dilçilik professoru Behruz Çamanara sentyabr ayında yerli kəşfiyyat idarəsi onun biliyini yetərsiz sayandan sonra işdən çıxarılıb.
Ötən ilin noyabrında saxlanıb universitetdə keçirilən etiraz aksiyasına niyə qatıldığına dair sorğu-suala çəkilən Çamanara işdən qovulandan az sonra Almaniyaya köçüb.
AzadlıqRadiosunun "Radio Fərda" xidmətinə danışan Çamanara deyir ki, İranın klerikal hakimiyyəti 1979-cu il İslam inqilabından bəri ölkə universitetlərini nəzarət altında saxlamağa çalışır. Onun sözlərinə görə, hökumət, bu gün olduğu kimi, ictimai narazılıqla üzləşərkən universitetlərə basqıya əl atır.
"Bu durum çox sürə bilməz"
Çamanara deyir ki, Tehran bu strategiya vasitəsilə tələbələri o qədər yox, amma professorları nisbi sükut durumunda saxlamağı bacarıb.
İran fərqli düşüncənin istənilən işartısını həbslər, yüksək texnologiyalı izləmə vasitələri, tələbə təşkilatlarının ləğvi və professorların təmizlənməsi yolu ilə yerindəcə yox edir. Ancaq Çamanaranın fikrincə, bütün bunlar universitetdəki təhsil ruhunu öldürə bilməz: "Universitetlərdəki ab-hava çox həssasdır və hökumət buvaxtadək sükutu [qoruyub saxlamağa] nail olub. Ancaq mən düşünürəm ki, bu durum çox sürə bilməz, axı universitetlər ənənəvi olaraq tarixən azadlığın yaşandığı yerdir".
Çamanara ötən ilin sentyabrında ölkədə hökumət əleyhinə etirazlar başlayınca, hakimiyyətin universitetləri hədəfə alması nəticəsində yaranan qorxu atmosferini xatırlayır.
Kianuş Fərid və Maykl Skollonun yazdığı məqalədə deyilir ki, İranda uzun zamandan bəri müxalif düşüncənin dilə gətirildiyi məkan sayılan universitetlər ilk vaxtlardan etirazların mərkəzi olub. Qadınlar hicablarını yırtaraq kişi yoldaşları ilə birgə oturaq aksiyalar keçirib, dəyişikliyə çağırıblar.
Məhbuslar "ağ işgəncə"yə məruz qalırlar
Etirazçılara ayrı qəddarlıqla hücum çəkən və ölkədə toplam 500-dən çox nümayişçini qətlə yetirən hökumət universitetlərdəki durumu dərhal ələ almağa çalışıb. Tələbə birlikləri bağlanıb, bir il içində minlərlə tələbə və müəllim universitetlərdən qovulub, sərt güvənlik tədbirləri görülüb.
Məhsa Əmininin doğulduğu əyalətdə yerləşən təhsil ocaqları, o sıradan Kürdüstan Universiteti istər etirazların, istərsə hökumət basqılarının mərkəzində olub.
Universitetin Kürd dili və ədəbiyyatı kafedrasında çalışan Çamanara dərslərinin mahiyyətcə yalnız akademik olduğunu deyir. Onun sözlərinə görə, bu, belə olsa da, hökumət professorların tələbələri etirazlara təşviq etdiyini düşünüb.
Çamanara bir neçə başqa professorla birlikdə Əmininin Sağez şəhərindəki dəfnindən az sonra etirazların baş qaldırmasını izlədiyini, tələbələrə açılan atəşi və güvənlik qüvvələrinin universiteti mühasirəyə almasını öz gözüylə gördüyünü deyir: "Biz aranı sakitləşdirməyə çalışdıq. Ancaq hökumətin adamları gərginliyi artırmaq və münaqişə yaratmaq üçün tələbə qurumunun içinə doluşmuşdular. Biz bunu gördük, dirəndik və ilk tutulan da biz olduq, axı durumun nədən belə olduğunu bilirdik".
Çamanaranı tələbə etirazlarının müzakirəsi üçün universitetin rektoruyla görüşəndən sonra mülkigeyimli güvənlik əməkdaşları saxlayıblar. Ona sadəcə sorğu-sual etmək istədiklərini söyləyiblər.
Di gəl, ona məhbus paltarı verilib və o, "ağ işgəncə"yə məruz qalıb. İranda geniş yayılmış praktika olan bu işgəncə zamanı məhbuslar hücrədə davamlı gur işıq altında saxlanırlar.
"Universitetdəki ab-hava son dərəcə boğucudur"
Çamanara deyir ki, onu gözübağlı şəkildə aramsız sorğu-suala tutublar. Vəkilinin olmasına imkan verilməyib. Dediklərinin də hamısı sənədləşdirilib: "Onlar Kürdüstan Universitetindəki digər müəllimlərin və ölkənin ən yaxşı professorlarının [etirazçıları müdafiə edən] bəyanatlar verməsindən çox rahatsız idilər".
Ona doktorluq alimlik dərəcəsi aldığı Almaniyadakı yaşamı haqqında da suallar verilib. Çamanaranın ikili vətəndaşlığı var.
O deyir ki, onu sorğu-suala çəkən müstəntiqlər onun Almaniyada "təcrübə" qazandığını, indi də onu İranda tətbiq etmək istədiyini iddia ediblər. "Sən orada oxumusan, bu o deməkdir ki, öhdəliklər götürmüsən və [Almaniyaya] işləyirsən. Biz bilirik ki, sən filan casusla görüşmüsən. Ağıllarına gələn hər cür hərzəni danışdılar", - deyə Çamanara başına gətirilənləri yada salır.
Səkkiz gündən sonra onu zaminə buraxıblar.
Professor etirazlardan sonra Kürdüstan Universitetində ciddi dəyişikliklərin baş verdiyini görüb. Mühazirə zalları və siniflərin girişinə, müəllimlərin görüşdüyü yerlərə, hətta onun özünün və digər professorların yaşadığı yataqxanaya da kameralar yerləşdirilib.
Ortaq məkanlarda kişi və qadın professorlar bir-birindən ayrılıb. Ölkənin hər yerindəki universitetlərdə tələbələrə də eyni qaydalar tətbiq edilib.
"Bu o deməkdir ki, universitetdəki ab-hava son dərəcə boğucudur", - Çamanaranın sözləridir.