Litvinenkonun qətlinə “bəlkə də Putin xeyir-dua verib” (Video)

Sizin brauzer HTML5-i dəstəkləmir

London Məhkəməsi: "Litvinenkonun qətlinə güman ki, Putin göstəriş verib"

Britaniyada aparılmış təhqiqat keçmiş Rusiya təhlükəsizlik agenti Aleksandr Litvinenko-nun qətlinin arxasında Rusiya hökumətinin dayandığı barədə nəticəyə gəlib.

Təhqiqatın nəticələrində bu da qeyd olunur ki, 2006-cı ildə zəhərlənərək öldürülmüş Litvinenko-nun qətlinə “bəlkə də” Vladimir Putin xeyir-dua verib.

Yanvarın 21-də açıqlanmış təhqiqat nəticələrində deyilir ki, qətl “güclü bir ehtimalla” Rusiya vətəndaşları Dmitry Kovtun və Andrei Lugovoi tərəfindən Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əmri ilə icra edilib.

Britaniya Dmitry Kovtun və Andrei Lugovoi-un ekstradisiyasını istəyib

Britaniya xəfiyyələri belə bir nəticəyə gəliblər ki, 44 yaşlı Aleksandr Litvinenko 2006-cı il, noyabrın 23-də Londondakı lüks oteldə Kovtun və Lugovoi-la çay içərkən yüksək radioaktivliyə malik polonium-210 maddəsi qəbul edib.

Poloniumun radioaktivlik izləri bütün London boyunca Kovtun və Lugovoi-un olduğu yerlərdə aşkar edilib.

Çox bahalı polonium-210 dünyanın yalnız bir neçə ciddi mühafizə olunan nüvə qurğusunda istehsal olunur.

Mətbuat yazır ki, Litvinenko-nun qətli və bunun ardınca aparılmış təhqiqat Moskva ilə London arasındakı münasibətlərə son dərəcə böyük zərbə olub.

"Baş verənlər tamamilə dəhşətlidir və bu hesabat bizim həmişə bildiyimiz şeyi təsdiqləyib. Bu, dövlət tərəfindən sponsorlanmış akt olub” – deyib Britaniyanın baş naziri David Cameron.

Peskovun zarafatı

Rusiya XİN Britaniyada açıqlanmış hesabatı “cəfəng” və “siyasi motivli” adlandırıb. Kremlin sözçüsü Peskov isə sənədi lağa qoyub:

“Bu gözəl Britaniya yumorunun məhsuludur” – deyib sözçü jurnalistlərə.

O deyib ki, “üzdəniraq hesabat ikitərəfli münasibətlərimizə yalnız daha çox zəhər qata bilər”.

David Cameron: Baş verənlər tamamilə dəhşətlidir və bu hesabat bizim həmişə bildiyimiz şeyi təsdiqləyib. Bu, dövlət tərəfindən sponsorlanmış akt olub

Ağ Evin sözçüsü Josh Earnest deyib ki, Litvinenko-nun qətli Kremlin öz tənqidçiləri və siyasi opponentləri ilə rəftarı üslübunun bir hissəsidir və hökumət belələrini ölkə xaricində hədəfləyir.

Earnest işarə edib ki, ABŞ administrasiyası bu hesabatda açıqlanmış faktlarla bağlı birbaşa reaksiya bildirməyi düşünür. Lakin sözçü bunun nə vaxt baş verəcəyi barədə suala cavab verməyib.

Mətbuat yazır ki, Cameron hökumətinin Rusiyanı hansı miqyasda cəzalandırmaq niyyətində olduğu bəlli deyil.

Britaniya daxili işlər naziri Theresa May Kovtun və Lugovoi-a aid aktivlərə həbs qoyulacağını bəyan edib, hərçənd onların Britaniyada belə bir mülkiyyətə malik olub-olmadıqları bilinmir.

London dəfələrlə bu şəxslərin ekstradisiyasını tələb etsə də, Moskva bu tələbi rədd edib.

Xanım May deyib ki, “hesabat beynəlxalq qanun və sivilizasiyalı davranış qaydalarının açıq və qeyri-məqbul şəkildə pozulduğunu göstərir”.

Rusiya səfiri Britaniya XİN-ə dəvət edilsə də, sonradan səfir Aleksandr Yakovenko verdiyi bəyanatda Moskvanın “ikitərəfli münasibətlərə zərbə” tənqidini təkrarlayıb.

Şübhəli Lugovoi indi deputat Lugovoi-dur

Litvinenko 2000-ci ildə Britaniyaya köçənədək SSRİ DTK-nın xələfi olan Rusiya FTX-nin agenti və Vladimir Putinin açıq tənqidçisi olub.

Litvinenko-nun xanımı Marina deyib ki, Rusiyaya sədaqətli casus olan əri Moskvanın siyasətindən 1990-cı illərdə baş vermiş Çeçenistan müharibəsi zamanı məyus olub.

Marina Litvinenko ərinin qətli barədə hesabatla

Bəzi məlumatlara görə, qətlə yetirilərkən Litvinenko Britaniyanın hərbi kəşfiyyatı MI6 xidmətinə işləyib.

Marina Litvinenko deyir ki, təhqiqat onun ərinin ölüm yatağında dediklərini təsdiqləyib.

Xanım Litvinenko “Rusiya rəsmilərinə, Vladimir Putin də daxil olmaqla, səfər qadağanı qoyulmasına və iqtisadi sanksiyaların tətbiqinə” çağırıb.

Rusiya xəbər agentliklərinin məlumatlarına görə, hazırda Rusiya Dövlət Dumasının deputatı olan Lugovoi, habelə digər şübhəli – Kovtun təhqiqatın nəticələrini rədd ediblər.

“Məncə bu barədə Rusiya təhqiqatı Britaniya təhqiqatından daha çox mətləbləri açır” – deyib Kovtun.

“Bəlkə”si çox olan təhqiqat

Britaniya hakimi Robert Owen 1999-2008-ci illərdə FTX-yə rəhbərlik etmiş Nikolai Patrushev-in də bu qətlə “bəlkə də xeyir-dua verdiyini” bildirib.

Litvinenko-nun Londonda yaşayan həmkarı Aleksandr Goldfarb AzadlıqRadiosuna deyib ki, Britaniya məhkəmə sistemi obyektivdir və ona hər hansı hökumət təzyiqini təsəvvür etmək belə çətindir.

Bununla belə, Goldfarb hesab edir ki, Britaniya hökuməti belə bir təhqiqatın keçirilməsinə lap əvvəldən meylli deyildi.

Goldfarb deyib ki, Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirilməlidir. Onun sözlərinə görə, plutonium-210 Rusiyanın bircə yerində - Rosatomun Sarovdakı qurğusunda istehsal olunur. Bu keçmiş Arzamas-16 qurğusudur.

Rusiya telekanalları Britaniya təhqiqatını şərh edərkən vurğulayırlar ki, “bəlkə də”, “böyük bir ehtimalla” ifadələri ilə zəngin olan sənəd ciddi qəbul edilə bilməz.