Gürcüstan Kutaisidə 1 mlrd. avroluq şəhərcik salır

Kutaisidə 1 milyard avroluq layihənin açılışı . 12 Sent. 2016

"Gürcüstanda tarixi əhəmiyyətli bir layihənin əsası qoyulur", - Ölkənin baş naziri Georgi Kvirikashvili Kutaisidə universitet şəhərciyi layihəsinin təqdimatında belə deyib və ardından fikrini davam etdirib:

“Bənzərsiz tədris mərkəzi...”

"Bu gün sentyabrın 12-sidir (təqdimat sentyabrın 12-də olub – red.) və Ilya Chavchavadze-nin öldürüldüyü günü xatırlamamaq, onun ölməz ruhunu yad etməmək olmaz... Ilya Chavchavadze söyləyib ki, elm və maarifçilik gürcünün silahı olmalıdır. Bugünkü görüşümüz məhz bu amala xidmət edir... Burada - Kutaisidə ən böyük və ən müasir tədris mərkəzi tikilir. Bütün regionumuzda bənzərsiz tədris mərkəzi olan universitet şəhərciyi tikiləcək".

Buna da bax:​ Yeni milli dərs planı: gücləndirilmiş ingilis dili tədrisi

Kutaisi əsrlərcə əvvəl mühüm maarifçilik mərkəzi olan Gelati Akademiyasının mövcud olduğu şəhərdir

Baş nazir yeni layihə üçün məhz Kutaisinin seçilməsini belə əsaslandırıb: "Yeni universitet şəhərciyi üçün Kutaisinin seçilməsi təsadüfi deyil. Kutaisi əsrlərcə əvvəl mühüm maarifçilik mərkəzi olan Gelati Akademiyasının mövcud olduğu şəhərdir" (“Gelati Akademiyası” XII əsrdə Gelati Monastırı nəzdində alimləri birləşdirən təsisatdır. Çar IV Davidin qəbri bu ərazidə yerləşir. Gəncə qapıları da burada saxlanılır).

“Burada – 140 hektarlıq ərazidə...”

Baş nazir Kvirikashvili Gürcüstanın böyük intellektual potensialından da söz açıb:

"Universitetin varlığı ölkənin əqli resurslarını qoruyub saxlayacaq və onun... inkişafına imkan yaradacaq. Əminəm ki, məhz bu universitet yüksəkixtisaslı peşəkarları və alimləri yetişdirən tədris bazasına çevriləcək... Burada - 140 hektarlıq ərazidə 60 min tələbəyə hesablanan universitet şəhərciyi salınacaq. Tikintinin ümumi sahəsi 1 milyon kvadratmetr olacaq. Burada elm və tədris məkanı, ultraçağdaş texnika ilə təchiz edilmiş laboratoriya və auditoriyalar, konfrans zalı və kitabxanalar, tələbə və professorların yataqxanaları olacaq. Burada ən populyar və aktual istiqamətlərdə təhsil veriləcək. Universitetin əsas profili texnoloji və texniki elmlər olacaq".

Buna da bax:​ Bir tərəfdə qızılbaşlar, o biri tərəfdə gürcülər

Gəncə qapıları da məhz burada saxlanılır...

Layihələri Cartu Fondu maliyyələşdirir. Georgi Kvirikashvili-nin sözlərinə görə, Kutaisi Universitet Şəhərciyi Tbilisi Elmi Araşdırmalar Mərkəzi ilə birlikdə ölkədə ali təhsilin və elmin inkişafına ciddi təkan verəcək:

"Bu nəhəng layihələrin məbləği bir milyard avrodur. Onları başdan-ayağa Cartu Fondu maliyyələşdirir"