Aprelin 7-də Kurskun Leninski rayon Məhkəməsi vilayətin keçmiş qubernator müavini Aleksey Dedovu cəzasını ciddi rejimli koloniyada çəkməklə 17 il həbsə məhkum edib. O, Ukrayna ilə sərhəddə müdafiə qurğularının tikintisi zamanı rüşvətalma işi üzrə təqsirli bilinib. Dedova 450 milyon rubl (5 milyon ABŞ dolları) cərimə də kəsilib.
Dedov xüsusilə külli miqdarda rüşvətalma maddəsi üzrə iki cinayətdə təqsirli bilinib. Məhkəmə keçmiş məmurdan 20.9 milyon rubldan (230 min dollar) çox vəsaitin geri alınmasına qərar verib. İstintaq bu məbləğin cinayət yolu ilə əldə edildiyini bildirir. Dedova 12 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında vəzifə tutmaq qadağan edilib.
Eyni iş çərçivəsində sahibkar Dmitri Şubin barəsində də hökm çıxarılıb. O, rüşvətin alınmasında vasitəçilikdə təqsirli bilinib, 8 il müddətinə ciddi rejimli koloniyada həbs, 388.5 milyon rubl (4.7 milyon dollar) cərimə cəzasına məhkum edilib.
Aleksey Smirnov
Kursk vilayətinin keçmiş qubernatoruna rüşvət işi üzrə 14 il həbs kəsildi
Kurskda məhkəmə vilayətin keçmiş qubernatoru Aleksey Smirnovu cəzasını ciddi rejimli koloniyada çəkməklə 14 il azadlıqdan məhrum edib. Smirnov xüsusilə iri məbləğdə rüşvət almaqda təqsirli bilinib.
Məhkəmə keçmiş qubernatora 400 milyon rubl (5 milyon ABŞ dolları) cərimə də kəsib. O, dövlət və yerli özünüidarə orqanlarında 10 il müddətinə vəzifə tutmaq hüququndan məhrum edilib. Bundan savayı, Smirnovdan dövlət büdcəsinə təxminən 21 milyon rubl (266.5 min dollar) tutulub.
Prokuror keçmiş qubernator üçün 15 il həbs və 500 milyon rubl cərimə tələb etmişdi.
Smirnov daha öncə özünü günahsız saydığını deyirdi. Amma o, təqsirini boynuna alıb, istintaqla əməkdaşlıq barədə razılaşma bağlayıb. Keçmiş qubernator son sözündə peşman olduğunu deyib, hərəkətlərini həddindən artıq çalışqanlıq və kontuziyanın nəticələri ilə izah edib.
İstintaqın versiyasına görə, Smirnov 2022-2023-cü illərdə qubernatorun birinci müavini olanda öz köməkçisi Aleksey Dedovla birlikdə məktəblərin və liseyin təmiri zamanı havadarlıq qarşılığında 13 milyon rubl əldə edib. Bundan savayı, məmurların Ukrayna ilə sərhəddə müdafiə qurğuları tikən şirkətin sahibi, deputat Maksim Vasilyevdən 8 milyon rubl aldıqları bildirilir.
Faiz almaq təklifinin Starovoytdan gəldiyini deyib
Smirnov məhkəmədə deyib ki, pul alınması təklifi ovaxtkı qubernator Roman Starovoytdan gəlib. Sözlərinə görə, söhbət podratçılardan faiz almaqdan gedirdi.
Starovoyt sonradan nəqliyyat naziri təyin olunub. 2025-ci ilin iyulunda Rusiya prezidenti onu vəzifədən azad edib. Starovoytun elə həmin gün intihar etdiyi açıqlanıb.
Smirnov 2025-ci ilin aprelində saxlanılıb. Əvvəlcə o, istehkam qurğularının tikintisi zamanı təxminən 1 milyard rubl (12.7 milyon dollar) məbləğində dələduzluqda ittiham olunurdu.
Bu iş üzrə artıq bir neçə nəfər məhkum edilib. Onların sırasında keçmiş deputat M.Vasilyev, regional inkişaf korporasiyasının rəhbərləri və sahibkarlar var.
Ukrayna hərbçiləri 2024-cü ilin avqustunda Kursk vilayətinə daxil olublar. Onlar yarım ildən çox müddətdə orada böyük əraziləri nəzarətdə saxlayıblar. Belqorod vilayətinə daxil olmağa da cəhdlər olub. Ancaq Ukrayna qüvvələri Rusiya ərazisinin dərinliklərinə keçə bilməyiblər.