►Türkiyə batalyona dəstək verdiyini inkar edir
Rusiyanın ilhaq etdiyi Krımın blokadasının təşkilatçısı Lenur İslyamov Krım-tatar batalyonu yaradılması planlarından danışıb.
Onun sözlərinə görə, batalyonun vəzifəsi Krımın sərhədlərini qorumaq olacaq. Batalyona 560 nəfər daxil olacaq: "Onun maliyyəsini könüllülər, təchizatını isə Türkiyənin Müdafiə Nazirliyi təmin edəcək."
Həm də Krım-tatar dilində yayınlanan ATR televiziya kanalının sahibi olan İslyamov deyib ki, bu könüllü etnik batalyon yarımadanın azad edilməsini maksimum yaxınlaşdırmalıdır.
Krımın blokadasının kuratorlarından biri bildirib ki, yanvarın 15-də Xerson vilayətinin Çonqar ərazisində Dünya Krım tatarlarının konfransı keçiriləcək. Bu konfrans sözügedən batalyonun fəaliyyəti üçün müstəsna əhəmiyyətə malik olacaq.
Türkiyənin xarici işlər nazirliyi KİV-lərdə Ankaranın Ukraynada yaradılmaqda olan könüllülər batalyonuna yardım etməyə başladığı barədə yayılmış məlumatı təkzib edib.
Buna da bax: Tanınmış futbolçu ilə bağlı istintaq yekunlaşdı
Krımın prokuroru Natalya Poklonskaya isə deyib ki, Ukraynanın Xerson vilayətində Krımın sərhədində könüllülərin silahlı batalyonunun yaradılması Rusiya Federasiyasının Cinayət Məcəlləsində əksini tapmış cinayət əməlidir və faktla bağlı bütün materiallar toplanaraq Federal Təhlükəsizlik Xidmətinə ötürüləcək. Prokuror həmçinin qeyd edib ki, krımlılar batalyon yaratmaq barədə narahat olmamalıdırlar, belə ki, "respublikda sakitliyi, rifahı və əmin-amanlığı qorumaq üçün kifayət qədər qüvvə var".
Rusiya Ukraynanın bir parçası olan Krımı anneksiya edərək öz ərazisinə qatıb. Bundan başqa Ukrayna bildirir ki, ölkənin şərqində də Rusiyanın dəstəyi ilə rus separatçılar mərkəzi hakimiyyətə qarşı vuruşur.
Buna da bax: Krım tatarlarının toyu- [Fotolar]