Xankəndidə ev istəyən keçmiş məcburi köçkün: 'Niyə normal evlərdən birini vermirlər?'

Sadiq Məmmədova Xankəndidə təklif olunan mənzil

Keçmiş məcburi köçkün Sadiq Məmmədova Xankəndi şəhərində telefon təmiri ilə məşğul olmaq üçün icarəyə obyekt verilib. Deyir ki, martdan bu yana aylıq 129 manatdan icarə haqqını da ödəyir, amma işləyə bilmir, çünki Xankəndidə yaşamağa yeri yoxdur. Dediyinə görə, icarə əsasında ona təklif olunan mənzillər bərbad vəziyyətdədir, orada yaşamaq mümkün deyil.

Kəlbəcər rayonunun Ağdaban kəndindən olan 48 yaşlı S.Məmmədov uzun illərdir ailəsi ilə birlikdə Gəncədə yataqxana binasında məskunlaşıb. O, AzadlıqRadiosuna danışır ki, Xankəndidə telefon təmiri ilə məşğul olmaq üçün özü müraciət edib. Bu məqsədlə ona sahəsi 13 kvadratmetr olan qeyri-yaşayış sahəsi ayrılıb, icarə müqaviləsi bağlanıb.

"Deyirlər ki, təmirinə 3-5 min xərclənsə, ev düzələr…"

Ardından S.Məmmədov ailəsi ilə birlikdə orada yaşamaq üçün mənzil istəyib: "Məqsədim ailəmlə birlikdə Xankəndiyə köçüb daimi yaşamaq, orada bacardığım işlə məşğul olub dolanışığımı təmin etməkdir. Mənə təklif olunan ev isə qətiyyən yaşamağa yaramır. Təklif edən adamların özlərinə də deyirəm ki, bu evdə insan yaşaya bilərmi? Deyirlər ki, təmirinə 3-5 min xərclənsə, ev düzələr…".

S.Məmmədov isə düşünür ki, təklif olunan ev bərbad vəziyyətdədir, 3-5 min manatla yaşanılası hala gələsi deyil. Onun fikrincə, Xankəndidə normal durumda olan evlər var, lakin gəlib yaşamaq istəyənlərə verilmir: "Birincisi, təmir üçün bu qədər pulu haradan tapım? İkincisi, təmiri mənə etdirirlər, sonra o evin icarə pulunu məndən alırlar. Niyə normal evlərdən birini vermirlər? Pis iş görmürəm ki... Sadəcə orada yaşamaq və çalışmaq istəyirəm".

Xüsusi nümayəndəliyin cavabı

S.Məmmədov Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubova, ombudsman Səbinə Əliyevaya və başqa səlahiyyətli şəxslərə məktublar göndərib. Ombudsman Aparatı onun müraciətini araşdırmaqdan ötrü özü də ayrıca nümayəndəliyə sorğu göndərib.

Prezidentin xüsusi nümayəndəliyindən Ombudsman Aparatına verilmiş cavabda yazılıb ki, S.Məmmədova bir neçə mənzil təklif olunsa da, o, imtina edib. Həmin mənzillərin yaşayış üçün yararsızlığı haqda deyilənlərə gəlincə, nümayəndəlikdən bildirilib ki, hazırda Xankəndi şəhərində müvəqqəti istifadəyə verilən boş mənzillər SSRİ dövründə tikilmiş binalarda yerləşdiyi üçün mənzillərin təmiri qənaətbəxş deyil: "Yaxın gələcəkdə sözügedən mənzillərin mərhələli şəkildə təmiri nəzərdə tutulub. Odur ki, mənzillər təmir olunduqdan sonra münasib mənzillə təmin olunma məsələnizə yenidən baxıla bilər".

Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra işğaldan azad olunmuş ərazilərdə yenidənqurma işləri başlayıb. İndiyədək Qarabağa 36 mindən çox məcburi köçkünün qayıtdığı bildirilir.

Dövlət Statistika Komitəsinin (DSK) bu il iyunun 1-nə olan məlumatına görə, işğaldan azad edilmiş ərazilərdə yaşayan, fəaliyyət göstərən və təhsil alan şəxslərin ümumi sayı 88 min 123 nəfər təşkil edib.

İndiyədək AzadlıqRadiosu dəfələrlə Qarabağa köçən, ancaq mənzil təminatından, işsizlikdən narazı şəxslərin şikayətlərini işıqlandırıb. Bəzi məcburi köçkünlər isə iddia edirlər ki, onları köçkün düşdükləri ərazilərə deyil, başqa rayon, kəndlərə köçürməyə çalışırlar.