Kino pərisi Katrin Denöv 'ömürlük uğur' mükafatını alacaq

Katrin Denöv

Fransız aktrisa Katrin Denövün çoxsaylı mükafat kolleksiyasına "ömürlük uğur" mükafatı da əlavə ediləcək. Tanınmış aktrisa avqustun 31-də başlayacaq Venesiya Beynəlxalq Film Festivalında həmin mükafata layiq görüləcək.

Sözügedən kino şənliyi ona bu mükafatı festivalın 90 illik yubileyi münasibətilə təqdim edəcək. Denövün çəkildiyi "Belle de Jour" dramı 1967-ci ildə bu festivalın "Qızıl Şir" mükafatına layiq görülmüşdü.

"Belle de Jour" filmində Denövün qəhrəmanı zəngin bir adamın həyat yoldaşı, ev xanımı olsa da, erotik azadlıq axtarışında bordeldə çalışmağa başlayır.

1998-ci ildə isə aktrisa Nikol Qarsianın "Place Vendôme" filmindəki işinə görə "ən yaxşı aktrisa" bölümündə Volpi Kubokunu almışdı. 2006-cı ildə Denöv bu mötəbər festivalda münsiflər heyətinin sədri olmuşdu.

"Uzun zamandan, Luis Bunüelin "Belle de Jour"unun o zaman "Qızıl Şir" mükafatına layiq görülməsindən bəri tanıdığım və sevdiyim Venesiya Festivalında belə mötəbər mükafatı almaq böyük xoşbəxtlikdir. Bir çox filmimdə… bu ad üçün seçilmək şərəfdir. Təşəkkür edirəm. Sevgilərlə", - Denövün sözləridir.

Buna da bax: Entoni Hopkins Freydi canlandıracaq

Hələ 13 yaşında olarkən, 1957-ci ildə kinoda debütünü yaşayıb

Avropa kinematoqrafının ən üzdə olan ekran simalarından sayılan Katrin Denöv hələ 13 yaşında olarkən, 1957-ci ildə kinoda debütünü yaşayıb. O zamandan bəri ard-arda uğur qazanmış filmlərdə çəkilib. Denöv BAFTA və "Oskar" mükafatlarına namizəd göstərilib, iki dəfə "Cesar" mükafatına layiq görülüb.

Fransız "Yeni dalğa"sının əsas simalarından biri olan Katrin Denöv Jak Deminin 1964-cü ildə çəkdiyi "Les Parapluies de Cherbourg" müziklindəki Jenevyev rolundan sonra dünya şöhrəti qazanıb. Aktrisanın Demi ilə əməkdaşlığı daha sonra da davam edib. Denöv Deminin "Les Demoiselles de Rochefort" və "Peau d'âne" filmlərində də çəkilib.

78-yaşlı Denövün 60 illik aramsız karyerası var. O bu müddətdə düz 14 dəfə Fransanın milli kino mükafatı olan "Cesar"a da namizəd göstərilib və iki dəfə həmin mükafatı alıb.

"Gümüş ekranın gerçək ikonası"

Aktrisa 1992-ci ildə "Indochina" filmindəki roluna görə "Oskar" mükafatına layiq görülüb. Denövün bu filmdə canlandırdığı Eliana Vyetnamda kauçuk plantasiyalarının sahibəsi olan zəngin qadındır. Filmdəki olaylar 1930-cu illərdə o zaman hələ Fransa müstəmləkəsi sayılan, ancaq kommunist təsirlərinin get-gedə artdığı Vyetnamda cərəyan edir.

Buna da bax: Cek Nikolsonun kumiri

"Heyrətamiz dərəcədə çox filmin əksəriyyəti böyük beynəlxalq uğur qazanıb. Onun dünyanın ən önəmli festivallarında qazandığı mükafatların sayı da eyni dərəcədə çoxdur. Bundan başqa, ən yaxşı baş qadın roluna görə "Oskar" nominasiyası da var. Bu isə amerikalı olmayan sənətçidən ötrü nadir üstünlükdür", - Venesiya Beynəlxalq Film Festivalının direktoru Alberto Barbera belə deyib. O, daha sonra sözünə davam edərək söyləyib: "Roje Vadim, Jak Demi, Luis Bunüel, Fransua Trüffo, Roman Polanski, Marko Ferreri, Marçello Mastroyanni və Jerar Depardye kimi Avropanın aparıcı rejissor və aktyorları ilə ard-arda yaradıcı əməkdaşlıqlar, danılmaz aktyorluq yetənəyi, üstəgəl əsrarəngiz və nadir gözəllik onu Fransa kinosunun rəmzinə, zamana tabe olmayan divaya və gümüş ekranın gerçək ikonasına çevirən atributlardır".

""Yeni dalğa"nın əsas simalarından biri sayılan və adı fransız dəbiylə anılan üslub konseptinin mükəmməl örnəyi olan Katrin Denöv dünya səviyyəsində tanınan kino pərisidir. O, kino industriyası tarixində ən böyük aktrisaların arasında özəl yer tutur", - bu da Barberanın sözləridir.