Kadırov Rusiyanın digər regionlarında yaşayan çeçenləri müharibəyə göndərməklə hədələyir

Ramzan Kadırov

Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiyanın digər regionlarında yaşayan əslən çeçenistanlıları davranışları hakimiyyətdə narazılıq yaradacağı halda Ukrayna müharibəsinə göndərəcəyi ilə hədələyib. Hüquq müdafiəçiləri və fəallar bundan əvvəl də Çeçenistanda qaçırılan sakinlərin, Kadırovun tənqidçilərinin və onların qohumlarının məcburi şəkildə cəbhəyə göndərildiyini dəfələrlə bəyan ediblər.

Kadırov noyabrın 10-da Dövlət Dumasının çeçenistanlı deputatı Adam Delimxanovla görüşündə Rusiyanın müxtəlif regionlarında məskunlaşan həmyerlilərinə nəzarət məsələsinə toxunub. O, "davranışları əsaslı narazılıq doğuran" şəxslərə "xüsusi hərbi əməliyyat zonasında özlərini göstərmək imkanı" veriləcəyini deyib. Rusiya hakimiyyəti Ukraynaya qarşı apardığı müharibəni rəsmən "xüsusi hərbi əməliyyat" adlandırır.

Çeçenistan rəhbəri "bədxah qüvvələrin ölkə daxilində sabitliyi pozmaq cəhdləri"ndən də danışsa da, konkret kimləri nəzərdə tutduğunu açıqlamayıb. Onun iddiasına görə, həmin qüvvələr internet vasitəsilə gənclərə təsir göstərərək onları qanunsuz hərəkətlərə təhrik edirlər. Kadırov bununla bağlı gənclərlə işin və "onları düzgün yoldan azdırmağa çalışanlarla" mübarizənin gücləndirilməsini tapşırıb. O, bu istiqamətdə konkret hansı tədbirlərin görüləcəyini isə dəqiqləşdirməyib.

2023-cü ildə İçkeriya hökumətinin başçısı Əhməd Zakayevin qardaşı oğlu Çeçenistandan Ukraynadakı müharibəyə göndərilib. Həmin il Ramzan Kadırovu tənqid etmələri ilə tanınan Yanqulbayev qardaşlarının dörd qohumu da məcburi şəkildə cəbhəyə yola salınıb.

Müxalif fəalların məlumatına görə, Çeçenistanda yerli sakinlərin təhlükəsizlik qüvvələri tərəfindən qaçırılması halları hələ də davam edir və bu şəxslər arasında artıq həyatını itirənlər var. Müharibəyə yollandıqdan sonra "Axmat" bölməsində özündən pul tələb olunmasından şikayətlənən keçmiş müxalif bloqerin də qaçırılan şəxslərin arasında olduğu ehtimal edilir.