Keçid linkləri

2026, 10 Sentyabr, cümə axşamı, Bakı vaxtı 23:56

Kadırov: 'Qısa balaqlı şalvarda gəzənlər bunu dinə yox, dəbə görə edirlər'

Ramzan Kadırov güc strukturlarının rəhbərləri ilə müşavirədə
Ramzan Kadırov güc strukturlarının rəhbərləri ilə müşavirədə

Çeçenistan rəhbəri Ramzan Kadırov güc strukturları əməkdaşlarından seçkilər ərəfəsində respublikada fərqli düşüncəyə qarşı mübarizəni gücləndirməyi tələb edib. O, gəncləri uzun saqqal saxladıqlarına görə tənqid edib. Kadırov faktiki olaraq özbaşına saxlamaları etiraf edib. Bu haqda AzadlıqRadiosunun "Kаvkаz.Rеаlii" portalı yazır.

Kadırov sentyabrın 8-də güc strukturlarının rəhbərləri ilə müşavirədə həm qarşıdan gələn seçkilər dövründə, həm də gündəlik fəaliyyətdə yüksək sayıqlığı qorumağı, respublikada təhlükəsizlik və asayişi təmin etməyi tapşırıb.

Çeçenistan rəhbərinin Telegram kanalında yer alan məlumata görə, Kadırov gənclərlə işin təşkilinə xüsusi diqqət yetirib, respublikada "ekstremist" və "yad" ideologiyaların yayılması cəhdlərinin vaxtında qarşısının alınmasını tələb edib.

O, xüsusi polis alayının komandiri Zamid Çalayevi regiondan kənarda yaşayan çeçen gənclərlə iş üzrə məsul şəxs təyin edib. Çalayevin adı yerli sakinlərə qarşı işgəncə və onların məhkəməsiz edamları ilə əlaqələndirilir.

Hakimiyyətyönlü "ÇP Qroznı 95" Telegram- kanalı yazıb ki, Kadırov müşavirədə gənclərin xarici görünüşündən də danışıb. O, bəzilərinin "həddindən artıq" uzun saqqal saxladığını, qısa balaqlı şalvar geydiyini, bunu dini səbəblərə görə deyil, dəb xatirinə etdiyini bildirib: "Burada uzun saqqal və qısa balaqlı şalvarla gəzən adamlar var. Məscidə getmirlər, bunu dəbə çeviriblər. Prospektdə gəzirlər, böyüməkdə olan nəsil də onlara bənzəməyə çalışır. Qadınlar da başdan-ayağa bürünüb küçəyə çıxırlar. Onlara demək lazımdır ki, islam normalarına uyğun geyinmək lazımdır. Bizdə heç kim heç vaxt pərəncə geyinməyib".

Qanunsuz saxlamaları faktiki etiraf edib

"Kаvkаz.Rеаlii"nin yazdığına görə, Kadırov deyib ki, "şeytanlar" seçki kampaniyası zamanı təxribatlar hazırlayırlar.

"Bəzi şəxslər xaricdə oturublar. Bu şeytanlar pisliyi təbliğ edir, buradakı uşaqlarımıza kimisə bıçaqlamağı, atəş açmağı deyirlər. Belə şəxslərlə bağlı şübhələriniz varsa, onların evlərinə gedin, məsuliyyət sizin üzərinizdədir. Bunun üzərində hamılıqla işləməliyik. Bu gün xüsusilə Qərb, Avropa və NATO bizə nifrət edir. Respublikamızda sülh və sabitliyin pozulması üçün təxribat törədənlər məhz onlardır", – Kadırov heç bir sübut təqdim etmədən bildirib.

Çeçenistan rəhbəri güc strukturlarından şübhəli bildikləri şəxslərin evlərinə getməyi tapşırmaqla faktiki olaraq respublikada qanunsuz, özbaşına saxlamaların olduğunu etiraf edib. Yerli hüquq müdafiəçiləri və müxalif fəallar bu məsələni dəfələrlə gündəmə gətiriblər.

R.Kadırov 2007-ci ildən Çeçenistana fasiləsiz rəhbərlik edir. Ötən seçkilərdə onun rəsmən 99 faiz səs yığdığı açıqlanıb. Regionda müstəqil müşahidə aparılmır, hüquq müdafiəçiləri isə illərdir seçicilərin səsverməyə məcburi gətirilməsi hallarını qeydə alırlar.

XS
SM
MD
LG