Keçid linkləri

2026, 07 Yanvar, çərşənbə, Bakı vaxtı 23:23

Kadırov 20 yaşlı oğlunu Çeçenistanın baş nazir müavini təyin edib


Ramzan Kadırov və oğlu Əhməd
Ramzan Kadırov və oğlu Əhməd

Çeçenistan rəhbəri Ramzan Kadırov 20 yaşlı oğlu Əhmədi respublikanın baş nazir müavini təyin edib. Əhməd idman naziri postunda da qalır. Xəbəri "Kavkaz.Realii" yayıb.

Milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Əhməd Dudayev də oxşar vəzifə alıb. R.Kadırovun sözlərinə görə, hökumət başçısı Maqomed Daudov bu dəyişikliklərlə bağlı təqdimat verib. Yeni təyinatlar haqda o, "Telegram" kanalında məlumat verib, onları "kiçik kadr dəyişiklikləri" adlandırıb.

Kadırov oğlunun təyinatının özünün sağlıq durumu ilə bağlı olub-olmadığını dəqiqləşdirməyib. Yeni il ərəfəsində media Kadırovun Moskvada xəstəxanaya yerləşdirildiyini yazmışdı. Bu məlumat rəsmi təsdiqlənməyib.

Çeçenistan hökumətində region rəhbərinin daha bir neçə qohumu vəzifədədir. R.Kadırovun qızı Xədicət 24 yaşında Çeçenistan rəhbərinin və hökumətinin administrasiya rəhbərinin birinci müavini təyin olunub.

A.Kadırov 18 yaşında Çeçenistanın idman nazirinin müavini, gənclər işləri naziri, eləcə də "Axmat" futbol klubunun prezidenti olub. Kadırovun digər oğlu Adəm 16 yaşında atasının "təhlükəsizlik təminatı şöbəsinin rəisi" və Şeyx Mənsur adına batalyonun kuratoru olub. R.Kadırov daha sonra onu Qudermesdə yerləşən Vladimir Putin adına Rusiya Xüsusi Təyinatlı Universitetinin kuratoru təyin edib.

Kadırov ailəsinin təxminən 100 üzvü hakimiyyətə bağlı vəzifələrdədir, bu göstəriciyə görə o, Rusiyada birinci yerdədir. "Proyekt"in məlumatına görə, ikinci yerdə prezident Vladimir Putin dayanır: onun 20-dən çox qohumu rəhbər vəzifələr tutur.

Ötən ilin yekun iclasında R.Kadırovun qohumlarına yenə mükafatlar verilib. Onun oğulları, kürəkənləri, bacıoğluları və ən yaxın silahdaşları təltif olunanlar arasında olub. "Kavkaz.Realii"yə danışan ekspertlərin sözlərinə görə, regionda medallar, ordenlər və fəxri adlar o qədər tez-tez verilir ki, artıq öz əhəmiyyətini itirir.


XS
SM
MD
LG